Vaxt.Az

«Motorola»ya görə restoran bağlanıb…


 

Şərhi başına bəla olan aşpaz isə qaçıb

«Motorola»ya görə restoran bağlanıb… «Facebook» sosial şəbəkəsində bir şərh Rusiyanın Sankt Peterburq şəhərində fəaliyyət göstərən məşhur bir restoranın bağlanması, onun baş aşpazınınsa yoxa çıxmasıyla sonuclanıb.

Hər şey Ukrayna separatçılarının səhra komandirlərindən olan Arseni Pavlovun öldürülməsi ilə başlayıb. «Motorola» ləqəbi ilə tanınan Arseni Pavlov oktyabrın 16-da öz evinin liftində sui-qəsdlə qətlə yetirilib. Separatçı rejim onu milli qəhrəman kimi dəfn edib.

 

«Üzr istədim»

 

Səhəri gün Qriqori Pashukevich adlı rusiyalı bir gənc «Facebook»da separatçı ilə bağlı bir postun altında şərh yazıb. Həmin gəncin şərhi vaxtilə avtomobil yumaqla məşğul olmuş bir şəxsin indi milli qəhrəmana çevrilməsiylə bağlı olub. O, şərhində jarqon da işlədib.

Özünün dediyinə görə, post müəllifi onunla təkbətək yazışmasında ölənin arxasınca nalayiq ifadələr işlətməyin doğru olmadığını, şərhi silməsini xahiş edib.

«Dərhal, şərhi pozub, mərhumun yaxınlarından üzr istədim. Doğrudan da, «Motorola»nın Ukrayna torpaqlarındakı fəaliyyətinə necə yanaşmamdan asılı olmayaraq, işlətdiyim ifadələr doğru deyildi».

Qriqory Paşukeviç «Azadlıq Radiosu»nun rus xidmətinə müsahibəsində belə deyib.

 

Şərh müəllifin kabusuna dönür

 

Ancaq peşmançılıq fayda verməyib. «Komsomolskaya Pravda» qəzetinin hərbi müxbiri Dmitri Steşin öz «Twitter» hesabında Paşukeviçin sözügedən şərhini paylaşıb. 85 min izləyicisindən bu barədə fikrini bölüşməyi xahiş edib. Jurnalist Paşukeviçin baş aşpaz işlədiyi restoranın adını və ünvanını da yazıb. Bununla da onu birbaşa hədəfə çevirib.

Bundan sonrası Paşukeviçdən ötrü bir kabusa çevrilib. Həm telefon, həm də internet vasitəsilə ölüm təhdidləri almağa başlayıb. Hərbi müxbirin postu 300 dəfədən artıq paylaşılandan sonra oktyabrın 18-də restoran Paşukeviçin işdən çıxarıldığını açıqlayıb. Bir gün sonra isə hədə-qorxular ucbatından restoran özü də bağlanmalı olub.

Paşukeviç isə hazırda ailəsi ilə birgə gizlənməyə məcburdur. O, «Komsomolskaya Pravda» jurnalistinin son qurbanı olmayıb. Oktyabrın 21-də Steshin «Motorola» haqda satirik şeirlər yazan başqa bir gənc – Voronej sakini Sergey Kalin-in barədə məlumat yayaraq, izləyicilərini reaksiya verməyə çağırıb.

Rusiya separatçıları dəstəkləməyə Ukraynaya hərbçi göndərmədiyini iddia etsə də, Kiyev və NATO Moskvanın Şərqi Ukraynadakı separatçıları silah, pul və hətta canlı qüvvə ilə təchiz etdiyinə dair təkzibolunmaz sübutlara malikdir.


Kimdir bu «Motorola»?

 

Elə qətlə yetirilmiş «Motorola» ləqəbli Arseni Pavlov da milliyətcə rus olub. Çeçen müharibəsində rus ordusunun tərkibində döyüşüb. Ukrayna müharibəsində Sparta batalyonuna başçılıq edib. Əsir düşmüş 25 ukraynalı əsgəri güllələməklə tanınıb. Qondarma Donetsk Xalq Respublikası bu qətlin ukraynalı sabotajçıların işi olduğunu söyləsələr də, Kiyev bunun Rusiyanın xüsusi xidmət orqanlarının əməyinin məhsulu olduğunu bildirir. Belə ki, Kreml Rusiyadan getmiş batalyon komandirlərini bir-bir aradan götürməklə, onların yerinə yerlilərin keçməsinə və bununla da, münaqişədə hər hansı rus izinin qalmamasına çalışır. Rusiya bu yolla həmçinin müharibə dövründə şöhrət qazanmış, hazırkı atəşkəs dövrdə isə qeyri-qanuni biznesə nəzarətlə məşğul olan ərköyün səhra komandirlərindən canını qurtarır.

«Motorola»dan öncə Oplot batalyonunun yaradıcısı Yevgeni Jilin, «Batman» batalyonunun lideri Aleksandr Bednov və «Prizrak» briqadasının komandiri Aleksey Mozqovoy da öldürülmüşdü.

 





23.10.2016    çap et  çap et