Vaxt.Az

«Axundzadə Osmanlı sarayında»


 

«Axundzadə Osmanlı sarayında» “Ola bilsin ki, deyəcəksiniz: Mirzə Fətəli, bütün bunlar soyuq dəmiri döymək kimi bir işdir. Bəli, bunu mən özüm də başa düşürəm. Lakin yenə də yazıram və nə qədər ki, sağam, yazmaqda davam edəcəyəm ki, əlifbanı dəyişdirmək fikri bütün xalq arasında yayılmış olsun. Məlumdur ki, on beş ilə yaxındır ki, bu fikrin toxumunu mən İranda və Osmanlı torpağında səpirəm. Şübhəsiz ki, bu toxum bizim xələflərimizin zəmanəsində göyərəcəkdir”.
Latın şriftli klaviaturada Axundzadənin məktublarından seçdiyim bu cümləni yazarkən, mütəfəkkirin böyüklüyünə bir daha şahid olub, İstanbuldan istəyinə çatmadan geri qayıdarkən yol boyu keçirdiyi hissləri anlamağa çalışıram.
Axundzadə ömrünün ən maraqlı səhifələrindən biri, onun əlifba islahatı yolunda çəkdiyi cəfalardır. Bu istək onu Osmanlı sarayına qədər aparır. Bunun nəticəsidir ki, Axundzadə şəxsiyyəti türkçülüyün tarixinə həsr olunan ilk əsərdə çəkilir. Belə ki, türkçülük hərəkatının tarixini əks etdirən ilk əsər olan Yusuf Akçuranın “Türkçülüyün tarixi” əsərində Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə ilə yanaşı, M.F.Axundzadəyə də yer ayrılıb. Akçura yazır:
“Axundzadənin əsərlərini gözdən keçirə bilmədim. Həyatı və əsərlərindən bəhs edən şəxslər, Mirzənin komediyalarını Azərbaycanda danışılan dil ilə yazdığını bildirirlər. Elə bir dil ki, xalq və yüksək təbəqə, kəndli və şəhərli hər kəs anlarmış, süsdən uzaq, saf və həqiqi Azəri ləhcəsindən Mirzə əsərlərində ustalıqla istifadə edirmiş. Bu vəziyyətdə Axundzadə Mirzə Fətəli dildə feilən türkçülük etmiş olur. Fəqət Mirzənin türk milliyyətçiliyi ilə bağlı düşüncə və görüşlərinə dair mənim əlimdə ciddi məlumatlar yoxdur... Mirzə Fətəlinin türk fikir və ədəbiyyat həyatında ən böyük önəmi türkcə ilk teatro yazan bir yazar olmasıdır –sanıram”.
Axundzadə haqqında yazdığı fikirlərə ehtiyatla yanaşan Yusuf Akçura onu ədəbi türkçülüklə məşğul olduğunu qeyd edir.
Türkçülüyün digər ideoloqlarından Ziya Gökalp “Türkçülüyün əsasları” adlı kitabında yazır:
“Türkiyədə Əbdülhəmid bu qüdsi axımı durdurmağa çalışarkən, Rusiyada iki böyük türkçü yetişirdi. Bunlardan birincisi Mirzə Fətəli Axundovdur ki, azəri türkcəsi ilə yazdığı orijinal komediyalar bütün Avropa dillərinə çevrilmişdir”.
Axundzadə öz çağdaş fikirləri ilə Osmanlını bir neçə il qabaqlayan şəxsiyyət olub. Osmanlıda Avropa standartlarına uyğun ilk teatr əsəri olan Şinasinin “Şair evlənməsi” əsərindən 9 il qabaq Axundzadə ilk teatr əsərini 1850-ci ildə yazıb.
Əlifba islahatı
Axundzadə məktublarında dilimizdə olan səslərin ərəb əlifbasına uymadığını yazaraq, yeni əlifbanın inkişaf üçün gərəkli olduğunu söyləyir:
“Bu yeni əlifba vasitəsilə  bütün islam tayfaları az bir zaman içərisində öz dillərində oxumaq və yazmaq imkanına malik olacaqlar. Xüsusilə, qadınlar ancaq bu yeni əlifba vasitəsilə savad öyrənməyə qadir olacaqlar”.
Axundzadəyə görə əlifba islahatı ona görə lazımdır ki:
Axundzadə başa düşürdü ki, əlifba dəyişikliyini təkbaşına bacarası deyil, bu rəsmi səviyyədə həll olunmalıdır. İslam dünyasının isə ən böyük dövləti Osmanlı imperiyası idi. Ona görə də, Axundzadə Osmanlıya müraciət etməyi qərara alır. O, əlifba islahatında tək deyildi, müasiri, Ruhul-qüds adlandırdığı yaxın dostu, iranlı mütəfəkkir Mirzə Melkum xanla birlikdə fikir mübadiləsi aparırdı. Mirzə Melkum xan İranda modernləşmə sürəcini başladan, həmçinin mason lojaları olan “Fəramüşxana”nı yaradan şəxsiyyət idi. Həyatı ziddiyyətlərlə dolu olub, müəyyən bir dövrdə şahın yanında işləyib, sonralar isə şaha qarşı çıxıb. Axundzadə külliyatında önəmli yer tutan “Məktublar”da Melkum xanla yazışmalar xüsusilə seçilir.
XIX əsrin ortalarından etibarən artıq Qacar xanədanlığında və Osmanlı sarayında modernləşmə rüzgarları əsir, yeni fikirlər ortalığa atılır. Əgər İranda və Azərbaycanda bu işə ilk başlayan Melkum xan və Axundzadə idisə, Osmanlıda Munif paşa idi.
Munif paşa 1862-ci ildə əlifba islahatı gündəmə gəldiyində bunun dəstəkçisi olub, buna görə də Melkum xan onunla əlaqəyə girərək fikir mübadiləsi aparıb. Aparılan müzakirələrdə ərəbcədə “dal” hərfinin türkcədə qarşılığının olmamasını, həmçinin səs uyğunsuzluqlarının olduğunu bildirərək dəyişikliyin vacib olması düşüncəsini müdafiə edirlər. Bu müzakirələrin getdiyi bir məqamda Axundzadə qərar verərək Osmanlıya yola düşür.
Osmanlı sarayına doğru
Axundzadə hazırladığı əlifba dəyişikliyinin natamam forması ilə 1863-cü ildə İstanbula ayaq basır. O, ilk olaraq xarici işlər naziri Əli Paşanın evinə gedir. Paşaya öz əsərlərini və yeni əlifbadan bir nüsxə verir. Əli Paşa Axundzadəni sorğu-suala tutduqdan, məramını öyrəndikdən sonra deyir:
“Gözəl şeydir, İstanbulda on il bundan əvvəl bəziləri bu məsələni başa düşüb, bir məclis də təşkil etmişdilər. Lakin sonra iş yarımçıq qaldı”.
Axundzadə daha sonra sədrəzəm Fuad paşa ilə görüşür, ona yazdığı qəsidəni və yeni əlifbanı təqdim edir. Yeni əlifbaya baxan Fuad paşa Axundzadəyə söyləyir:
“Maarifi-ümumiyyə məclisinə veririk. Orada müzakirə edərlər. Yaxşı şeydir. Həqiqətən faydası tamamilə göz önündədir”.
Fuad paşa daha sonra Axundzadəni ticarət naziri Səfvət paşa ilə, daha sonra adyutantı, əslən şirvanlı olan Şahin bəylə tanış edir. Şahin bəy Axundzadəni tanımasa da, Axundzadə onun Ömər bəy Şahpələngin bacısı oğlu olduğunu söyləyir və təəccübünü gizlədə bilmir.
1863-cü ilin 10 iyulunda elmi məclis toplanır. Məclisin sədri xarici işlər nazirliyinin baş mütərcimi Münif paşa olur. Digər iştirakçılar Sədulla əfəndi, Qədri bəy, ermənilərdən Avanes, yunanlardan Aleksandr və bir nəfər fransız iştirak edir. Birinci toplantının sonucunda məclis iştirakçıları bu təklifi dəstəklədiklərini bildirirlər, qərar vermələri üçün möhlət istəyirlər.
Avqust ayının 4-də İstanbulda Axundzadə yenidən Fuad paşayla görüşür, iki aylıq icazə müddətinin bitdiyini, ona görə də öz təklifi ilə bağlı rəsmi cavab vermələrini xahiş edir. Həmin görüşdə Axundzadə bir daha Fuad paşaya yeni əlifbanın vacibliyini belə izah edir:
“Hal-hazırda İslam xalqlarının tərəqqisi üçün əlifbadan əhəmiyyətli və lazımlı bir şey yoxdur. Köhnə əlifba elmləri öyrənmək qapısını bütün xalqın üzünə bağlamışdır. Yalnız əyanlar və sərvət sahibləri savad əldə etməyə qadirdir ki, o da çox çətinliklə müyəsəsr olur”.
Axundzadə xatirəsində, ikinci görüşdə Fuad paşanın səmimi olmadığını yazır.
Bir həftədən sonra məclis yenidən toplanır, lakin bu dəfə Axundzadə iştirak etmir. Toplantıdan qabaq Munif Paşa onunla görüşür, aşağıdakı problemləri sadalayır.
Beləliklə, Axundzadənin təklifi İstanbulda xoş qarşılanmır. 1868-ci ildə Melkum xana yazdığı məktubları Axundzadə öz əlifbası ilə yazır.
Axundzadə əlifba məsələsində ilk əvvəldən radikal fikirdə olmayıb. İlk fəaliyyətində əvvəlcə ərəb əlifbasının sadələşdirilməsinin tərəfdarı olub, daha sonra isə birdəfəlik əlifbanın dəyişdirilməsini istəyib. Osmanlı sarayında çar məmuru Axundzadənin təklifinin qəbul edilməməsinin səbəbi elmi məclisin çıxardığı qərardakı bəhanələr deyil, xalqın maariflənməsini istəməyən İran və Osmanlı əyanlarının şəxsi qərəzləri idi. Axundzadə bu barədə Mirzə Melkum xana yazırdı:
“Bizim bütün səylərimizin faydası ancaq xalqa aiddir. Biz istəyirik ki, Osmanlı xalqı bizim səyimizlə xoşbəxt və səadətli bir xalq olsun. Lakin bizim bu arzumuz Osmanlı nazirlərinin şəxsi zərərinədir. Biz ümumin mənfəətini istəyirik, onlar isə şəxsi mənfəətlərini güdürlər”.
Osmanlıda ümumun mənfəətini anlayacaq Midhət paşa hələ gündəmdə deyildi, hələ konstitusiya elan olunmamışdı.
Axundzadə Tiflisdən əliboş qayıdır, amma ümidini itirmir. Rəsmi səviyyədə bu işin alınmamasını görərək, dostları vasitəsilə təbliğat aparmağa başlayır. Təbrizdə yaşayan qohumu Əsgərxan Ordubadidən yeni əlifbanın gənclər arasında yaymasını xahiş edir, Mirzə Melkum xanı yeni hərflərə uyğun mətbəə açmağa vadar edir, yeni hərflərin şriftlərini hazırlayır, həmin əlifbada kitab və qəzet çap etmək üçün Osmanlıdan icazə istəyir, lakin yenə də rədd cavabı alır.
1870-ci ildə Axundzadə İstanbulda dostlaşdığı Münif paşaya məktub yazır, əlifba məsələsində öz fikirlərini söyləyir, orada olan tanıdığı insanlara paylaması üçün öz fotolarını, Münif paşaya isə Bəhramın yeddi qəsrinin təsviri olan qələmdanı hədiyyə göndərir. Məktubunda xahiş edir ki, Osmanlıda tikilən teatr binasında əsərləri tamaşaya qoyulsun, əsərlərinin osmanlıcaya söz verdikləri tərcümə işi yerinə yetirilsin.
“Nə qədər ki, sağam, İstanbul nazirləri ilə qələmimlə vuruşacağam”
Axundzadə vaxtilə elmi-məclisdə əlifba dəyişikliyinin şəriətə zidd olmadığını deyən Osmanlı əyanlarının, sonradan bunu şəriətə zidd elan etmələrindən o qədər təsirlənir ki, məktublarında həddindən artıq radikallaşır, açıq şəkildə yazır:
“Kəmalüddövlə məktublarının bir çox nüsxələri, dünyanın hər tərəfində mənim dostlarımın və həmfikirlərimin əlində mövcuddur. O qədər çəkməz ki, dostlarım bu kitabı bir yerdə çap etdirib, Asiya və Afrikanın hər tərəfində yayarlar. O zaman, görək, İstanbul nazirləri öz dinlərini necə saxlayacaqlar. O vaxt onların dini əldən gedəcək, məcburən bizim əlifbanı qəbul etməyə razı olacaqlar və xalqların səadət və xoşbəxtlik günləri başlanacaqdır. O zaman, onlar, hazırda bizə rəva gördükləri rəftarlarından peşman olaraq bizdən üzr istəyəcəklər”.
Axundzadə qoca Osmanlını ayıltmaq istəyirdi, lakin onun İstanbul səfəri sarayın və sarayın dəstəkçilərinin istəyinə zidd idi. Ona qarşı mətbuatda müxaliflik edilirdi. Bu müxalifliyin önündə Əli Suavi gəlirdi. Lakin bu müxaliflik bütün hallarda Axundzadənin xeyrinə idi. Çünki həmin dövrdə çap olunan yazılarda Axundzadədən və onun yeni əlifbasından bəhs edilirdi.
Axundzadənin İstanbul səfərindən iki xatirəsi qalır: Könlünü almaq üçün verdikləri Məcidiyyə ordeni və səfərdə olduğu müddətdə iki körpə övladının ölməsi xəbəri.
Və illər keçir, böyük Atatürk Osmanlı əyanlarının etdiyi səhvi aradan qaldırır. Görəsən, Atatürk Axundzadədən nəsə oxumuşdumu?
 





09.11.2012    çap et  çap et