Vaxt.Az

«Ah, facebook!»


 

«Ah, facebook!» Ərəb baharı Orta Şərq dövlətlərinə facebook yolu ilə ayaq açdı. Bu haqda çox yazıldı, bir çox hallarda isə facebookun gücü özünü təsdiq edirdi. Lakin Azərbaycanda facebook istifadəçilərinin sayı çox olsa da inqilab-filan baş vermədi.
Ya da gözlənilən şəkildə inqilab olmadı. Bunun isə obyektiv səbəbləri var. Əvvəla, Azərbaycan xalqı olduqca humanist və sülhpərvər xalqdır. Biz ərəb deyilik. Narazı olduğumuz bir nəsnə olan kimi “Allah! Allah!” deyə-deyə əlimizdə dəyənək hansısa bir dövlət binasının önünə hücum edib yağmalamağa qadir deyilik. Əlbəttə ki, bu sevindirici haldır. Hər xalqın etiraz forması özünəməxsusdur. Özünə hörmət edən qadınlarımız polis dəyənəyinin önündə müqavimət göstərməyi qəbul edə bilmirlər. Öz polisimizin önündən qaçmaq, qarşıdurmalarda dövlət məmurları ilə “söyüşləşmək, “döyüşmək” çoxluq üçün qəbuledilməzdir. Doğrudur, bizim də azsaylı “milli ərəblərimiz” var. Onların sayı isə çox olmadığı üçün kütləvi aksiyalarda iştiraklar passiv keçir. Xalq qarşıdurmalara getməyi sevmir. Amma bu o demək deyil ki, Azərbaycan xalqı etiraz etmir, loyaldır. 
Son hadisələrə münasibətdə facebook sosial şəbəkəsi öz qüdrətini göstərdi. Gülər Əhmədova olayının təfərrüatlarına varmaq istəmirəm, hadisə haqqında xəbəri olmayan qalmayıb. O qədər çox yenilik baş verir ki, indi mən bu yazını yazarkən paylaşacağım bir xəbər Sən oxucunun oxuduğu zamana qədər boyatlayacaq. Ona görə facebookun hadisənin gözlənilməz nəticəsinə təsirindən yazsam, kifayət edər.
Elşad Abdullayev günlər öncəsindən mətbuata məktub ünvanlamışdı. Həmin məktubda bildirirdi ki, əlində olan materialları artıq ölkə rəhbərliyinə və prokurorluğuna təqdim edib. Deməli, məlum video material artıq müvafiq orqanların əlində var imiş. Lakin heç bir tədbir görülmədi. 
Bu məqamda mən siyasi oyunların ola biləcəyini, bilərəkdən E.Abdullayevin videomaterialları youtube.com saytında yaymağa məcbur edilməsi variantını və s. halları müzakirə etməyəcəm. Istənilən halda, bilmədiyimiz onlarla detalın mövcudluğu iddia edilir. Mənim vurğulamaq istədiyim məqam odur ki, bu material yayımlandıqdan sonra facebook şəbəkəsinin aktivləri münasibət ortaya qoydular. Həm keçmiş millət vəkilini (keçmiş sözünü yazmaq özümə də ləzzət elədi), həm də onun azsaylı yaxınlarının müdafiə xarakterli statuslarına qarşı kütləvi etirazlar başladı. Biz bir ərəb xalqı olsaydıq etirzlar başqa formada olacaqdı. Kütlə əlinə dəyənək alıb cumacaqdı Milli Məclis binasının önünə. Bir-iki məmurla təpişmə, qapıda oturub ən az maaş alan xidmətçinin qətli, dövlət binasının yandırılması, pəncərələrin sındırılması hadisələrin başlanğıcı olacaqdı. Lakin biz ərəb deyildik. Ironik, lağ-lağı, azsaylı ciddi və sərt statuslarla facebook inqilabçıları hadisəni gündəmdən düşməyə qoymadılar. Ən çox sevindiyim məqam isə, ölkədə karikatura janrının bir anda inkişaf etməsi oldu. Kollajlar və karikaturalar ana səhifələri bəzədi. Bu qədər aktivlik və etiraz öz məntiqi nəticəsini verdi. 
Sonda isə yenə Azərbaycanlılığın duyğu selini görürük: acıma hissi. Cinayət işinin açılması, öz partiyadaşları tərəfindən sərt münasibətə məruz qalan Gülər xanıma qarşı münasibətlər dəyişir. Statuslar öz ağırlıqlarını tərkibində cinayət əməli olan hadisənin iştirakçısından çox iki uşaq anası, qadın, 47 yaşlı xəstə və həbsin Azərbaycan xanımına yaraşmamasına doğru dəyişir. Bu tendensiya ilk deyil. Keçmiş məmurlardan kim həbs edilsə və ya mühacirliyə məcbur qalsa kütlənin ona yazığı gəlib, bəzən hətta qəhrəmanlaşdırılıb. 
Nəticənin necə olacağından asılı olmayaraq proseslərə təkan verdikləri və hadisəni gündəmdən düşməyə qoymadıqları üçün facebook dostlarıma təşəkkür edirəm.
 





29.09.2012    çap et  çap et