Qırğızıstan konstitusiyasına əsasən, koalisiyadan bir partiyanın çıxması onun dağılması deməkdir. Belə olan halda hökumət istefaya getməli və yeni kabinet formalaşdırılmalıdır.
Xatırladaq ki, Qırğızıstanda parlament seçkiləri ötən ilin oktyabrında keçirilib. İndiki baş nazir Sooronbay Jeenbekovun rəhbərlik etdiyi hökumət isə 2016-cı ilin aprelində formalaşdırılıb.
«Qırğızıstanda parlament koalisiyası dağılıb. Son 6 ildə 5-ci dəfə yeni hökumət formalaşdırılacaq». Bu sözləri politoloq Şahin Cəfərli hadisəyə münasibət bildirərkən deyib. Politoloq daha sonra qeyd edib ki: «İlk baxışdan bu faktı qeyri-sabitlik göstəricisi kimi qiymətləndirmək olar, lakin bu, həm də Qırğızıstan demokratiyasının gəldiyi səviyyənin göstəricisidir. Ölkə son illərdə koalisiya hökumətləri tərəfindən idarə olunur. Siyasi mədəniyyətin, plüralist demokratiyanın yerləşməsi baxımından bunun önəmi böyükdür.
Qırğızıstanda parlament seçkiləri tam proporsional qaydada keçirilir.Maraqlıdır ki, bir partiyanın 120 nəfərdən ibarət parlamentdə 65-dən artıq yer tutması Konstitusiya ilə qadağan olunub. Sonuncu seçkidə qanunverici orqana 6 siyasi partiya keçib, prezidentin partiyası 26,8 faiz səs alıb. Mərkəzi Asiya kimi mürəkkəb regionda yerləşən, hər hansı Avropa strukturuna daxil olmayan, Rusiyanın nüfuz dairəsindəki bir ölkə üçün bütün bunlar çox böyük nailiyyətdir», - deyə Ş.Cəfərli fikrini yekunlaşdırıb.