Amma nahaq. Bunu başa düşmək üçün gərək xaraktercə həm yaradıcı, həm də təşəbbüskar olasan. Üstəlik, ağlın, səbrin də olmalıdı. Çətin işdir, çox çətin. Gördünüz, «Neftçi»ni necə dağıtdılar? Həm də neçə ilə dağıtdılar. Yox, bu işə dünən yox, hələ Hans-Yurgen Gedenin dönəmində «poexali» deyib, girişmişdilər. Amma o zaman «qaragüruh», yəni xalq bu işin sona çatdırılmasına imkan vermədi.
Sözün düzü həmin vaxt bir qədər təcrübəsizlik də olmuşdu. Yoxsa xalqın ağzını bağlamağa nə vardı ki? Səbirlə gözlədilər. Məqam yetişən kimi yenə də başladılar. Yadımdan çıxmadan onu da deyim ki, bu məsələdə həm də iradə tələb olunur. Hansı ki, birinci mərhələdə barbarlarda bu yox idi. Axı sökürsənsə, sənə qarşı təpkilər olacağı məlumdur. Bax o gərginliyə davam gətirmək üçün iradə lazımdır ki, «yaradıcı» söküntünü bitirsin.
Bitdi. Xalq yazıçısının, şən və hazırcavabın, pianistin yaradıcı təfəkkürünün mükəmməl vəhdəti sənət əsərini başa çatdırmağa imkan verdi. «Neftçi»ni dağıtdılar. «Xalq komandası»nı yaradıcı təfəkkürlə, gözəl dağıtdılar. Bu dəfə xalq zövq aldı bu yaradıcı söküntüdən. «Yaradıcılığın sərhədi olmur» ifadəsi boşuna deyilməyib ki.
Bitdi. «Neftçi»ni sökdülər. Uçurdub dağıtdılar. İndi gedə bilərsiniz. Amma gecən cisminizdir. Şübhəniz olmasın ki, adınız Azərbaycanın futbol tarixində qalacaq. Həm də futbolun qara səhifələrində. Sizi heç vaxt unutmayacaqlar. «Xalq komandası»nı xalqa zövq yaşada-yaşada dağıtmağı bacaranları, xalq unutsa da, tarix unutmayacaq. Artıq vəzifənizi bitirdiniz. Cisminizi də götürüb, gedin!