İlk olaraq Mosul İraqda paytaxt Bağdaddan sonra ikinci ən böyük şəhərdir. Region həm Suriya, həm də Türkiyə sərhədinə yaxın olduğu üçün strateji olaraq çox əhəmiyyətli bir nöqtədir və ticarət baxımından böyük əhəmiyyət daşıyır. Bundan başqa, şəhər böyük neft ehtiyatları ilə də diqqət çəkir. Beləliklə, İŞİD-in də bu nöqtəni ələ keçirməsinin, təşkilat lideri Əbu Bəkr Əl-Bağdadinin burada qalıb (əməliyyatın başlamasından sonra şəhərdən qaçdığı iddiaları da var) özünü xəlifə elan etməsinin əsas səbəbləri bunlardır. Yəni, Mosulun geri alınması yalnız İŞİD üçün ağır bir zərbə deyil, eyni zamanda İraqda təşkilatın əlində saxladığı son şəhəri itirməsi deməkdir və Mosulun azad edilməsi ilə terror təşkilatının İraqdan izləri tamamilə təmizlənəcək.
Əməliyyat nə qədər davam edəcək və kimlər iştirak edir?
Bir həftə əvvəl əməliyyatın nə zaman başlayacağından bəhs edilirdi, indi isə Mosul əməliyyatının nə vaxt nəticə verəcəyi müzakirə edilir. ABŞ generalları çıxışlarında əməliyyatın ən azı 1-2 ay davam edəcəyini deyib. Son olaraq İraq Baş Naziri Heydər əl-İbadi əməliyyatlarda gözlədiklərindən daha sürətlə irəlilədiklərini ifadə edib.
Mosulun İŞİD-dən geri alınması əməliyyatını İraq ordusu və İraq Kürd Regional Rəhbərliyinə (IKBY) bağlı Kürd Peşmərgələr idarə edir. Peşmərgələr əməliyyatın ilk günündə 200 kv.m ərazini (7 kənd) İŞİD-dən geri almağı bacarıb. Terror təşkilatı PKK və ona bağlı PYD/YPG-nin isə əməliyyatda iştirak etməsindən söz belə gedə bilməz.
Bəs, PKK ilə Peşmərgənin fərqi nədir?
PKK Avropa Birliyi, NATO kimi təşkilatlar və ABŞ, Suriya, İraq dövlətlərinin də daxil olduğu bir çox ölkə tərəfindən terror təşkilatı kimi qəbul edilir. Peşmərgə isə qanuni IKBY-yə bağlı, İraq ordusunun bir hissəsi olan və maaşı da İraq mərkəzi rəhbərliyi tərəfindən ödənilən hərbi güc kimi qəbul edilir.
Bundan başqa, əməliyyata ABŞ rəhbərliyindəki koalisiya qüvvələri (Fransa, İngiltərə, Rusiya, İran, Almaniya və s) də havadan dəstək verəcək.
Türkiyə bu əməliyyatda nəyə görə iştirak etmək istəyir?
Əməliyyatın ən azından bilinən əsas hədəfi, Mosulu İŞİD-dən təmizləyib yenidən İraq hökumətinə geri qazandırmaqdır. Türkiyə rəhbərliyi də uzun zamandan bəri əməliyyata qoşulmaq üçün israr edir və son zamanlarda İraq rəhbərliyi ilə bu məsələdə diplomatik mübahisələr baş verdi. Bəs, nə üçün İraq rəhbərliyi Türkiyəni Mosul əməliyyatında görmək istəmir? Bu sualın cavabı üçün ilk öncə Türkiyənin əməliyyatda olmaq istəyinin səbəbini araşdırmaq lazımdır.
Türkiyənin Mosul və ya İraqın hər hansı bölgəsində torpaq iddiasında olması fikri qətiyyən düzgün deyil. Ancaq daha əvvəl də qeyd etdiyim kimi, Mosul Türkiyə sərhədinə çox yaxındır və şəhəri gələcəkdə kimlərin idarə edəcəyi Türkiyə üçün də böyük əhəmiyyət daşıyır. Bununla yanaşı, Şimali İraqda (Mosul və Kərkükdə) olan qaz ehtiyatları Türkiyənin 300 illik qaz ehtiyacını ödəyəcək həcmdədir.
Əməliyyatda Türkiyənin ötən il dekabr ayından bəri Mosulun 20 km uzaqlığındakı Başikada təhsil verdiyi yerli Haşdi Vətəni əsgərləri də iştirak edəcək. Bu güclərin böyük əksəriyyətini Sünnilər təşkil edir. Türkiyə, əməliyyata Sünni qüvvələri daxil edərək şəhərin taleyində Sünnilərin üstünlük təşkil etməsini istəyir. Məhz buna görə də, İraq rəhbərliyi Türkiyəni istəmir.
Səddam Hüseyn dövründə Sünni təbəqənin əlində olan İraq, 2003-cü il müharibəsindən sonra İrana yaxın olan və İraq əhalisinin 65 faizini təşkil edən Şiələrin rəhbərliyinə keçdi. Məhz Şiələrdən ibarət olan bir idarə Türkiyəni Mosulda əməliyyatında görmək istəmir. Türkiyənin yetişdirdiyi Haşdi Vətəni qüvvələrinin lideri Əsil Nuceyfiyə qarşı çıxarılan «xarici ölkə ilə (Türkiyə) əlaqə yaratmaq» və bu səbəblə də həbs qərarının çıxarılması da bunun sübutudur.
Açıqlanan bütün səbəblər Mosulda vəziyyətin Türkiyənin planları daxilində getmədiyini göstərsə də, Türkiyə əməliyyata qatılmaq istəyində israrlıdır. Ən son Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin də koalisiya qüvvələri ilə birlikdə əməliyyata dəstək verəcəyini ifadə edib. Bunun reallaşıb-reallaşmayacağı, əməliyyatın Türkiyə üçün hansı nəticələr doğuracağı isə yaxınlar zamanlarda aydın olacaq.