Yada salaq ki, prezidentlərin Vyana və Sank-Peterburq görüşlərinin ardınca növbəti görüş Fransanın paytaxtı Parisdə reallaşmalı idi. Bununla bağlı Fransua Olland Ermənistan Prezidentinə göndərdiyi məktubda görüşü təşkil etməyə hazır olduğunu da bəyan etmişdi. Maraqlıdır, görəsən, bu ilin sonunda Azərbaycan- Ermənistan prezidentlərinin görüşü baş tuta bilərmi və bu görüş baş tutarsa, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə dair real nəticələrin əldə olunması mümkündürmü? Sualımızı cavablandıran «Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu «Şərq»ə açıqlamasında qeyd edib ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə səfərlərinin yeganə məqsədi Azərbaycan və Ermənistan prezidentlərini ilin sonuna qədər görüşdürməkdir. Ekspertin sözlərinə görə, belə bir görüş ilk növbədə həmsədrlərə və Ermənistan hakimiyyətinə lazımdır: «Həmsədrlərə ona görə lazımdır ki, ATƏT rəhbərliyi və öz nazirləri qarşısında hesabat versinlər ki, vəziyyət nəzarət altındadır. Yüksək maaş alan həmsədrlər ilin sonuna qədər hazırlayacağı hesabatı prezidentlərin görüşü ilə tamamlamaq istəyirlər. Ən pis halda isə iki ölkənin xarici işlər nazirlərini görüşdürəcəklər. Görüş Ermənistan hakimiyyətinə isə ona görə lazımdır ki, status-kvonu uzada bilsinlər. Belə baxanda aprel döyüşlərindən sonra Vyana və Sankt-Peterburqda keçirilən görüşlər də status-kvonun uzanmasına şərait yaratdı. Vyana və Sankt-Peterburqdakı görüşlər münaqişənin mərhələli həllini sürətləndirmək əvəzinə, ATƏT-in cəbhə bölgəsində monitorinqini genişləndirdi. Bu cəhdlər Ermənistanın xeyrinədir ki, həmin təşkilat cəbhə bölgəsindəki vəziyyəti daima nəzarətdə saxlasın. Bunun nəticəsidir ki, apreldən sonra ATƏT sədrinin bölgədəki şəxsi nümayəndəsi geniş monitorinqin aparılması üçün işçi heyətini genişləndirə bilmədi. Çünki bu bizə lazım deyil. Belə çıxır ki, sözügedən beynəlxalq qurum atəşkəsi monitorinq etməklə bu işğalın uzanmasını təminat altına alır».
E.Şahinoğlu diqqətə çatdırıb ki, Prezident İlham Əliyev imitasiya xarakterli görüşlərə ehtiyac olmadığını bir neçə dəfə vurğulayıb: «Bu isə o deməkdir ki, ilin sonuna qədər prezidentlərin görüşü sual altındadır. Minsk Qrupu işğal altındakı torpaqların boşaldılmasını əvvəlkitək Dağlıq Qarabağa veriləcək statusla əlaqələndirirlər. Bu haqda ABŞ-ın Minsk Qrupundakı həmsədri Ceyms Uorlik bölgəyə səfər etmədən öncə açıq bəyan edib. Torpaqların boşaldılmasının Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi ilə şərtləndirilməsi münaqişənin «paket həllidir» ki, rəsmi Bakı danışıqların getdiyi 20 ildən çox müddətdə bu prinsipdən dəfələrlə imtina edib. Həmsədrlər danışıqları sürətləndirmək üçün passiv mövqe nümayiş etdirsələr də, apreldəki döyüşlərin bir daha təkrarlanmaması üçün fəaldırlar. Onların bölgəyə səfərləri və prezidentləri görüşdürmək istəkləri də məhz bu məqsədə xidmət göstərir. Ancaq bu, Azərbaycanın məqsədinə tərs düşür. Danışıqlarda irəliləyiş yoxdursa, cəbhə bölgəsində atəşkəs intensiv pozulursa, işğal edilmiş ərazilərdə yenə hərbi təlimlər keçirilirsə, üstəgəl, Ermənistan hakimiyyəti həmsədrlərin Bakıda müzakirə apardığı dəqiqələrdə «torpaqların boşaldılmasından söhbət belə gedə bilməz» deyirlərsə, bu prosesə «yox» deməyin yolu işğalçıya təzyiqin artırılmasından keçir. Həmsədrlər danışıqların imitasiyasıyla, sadəcə, hərbi toqquşmanın tarixini bir müddət üçün ləngidə bilərlər, ancaq tam qarşısının alınması onların imkanı xaricindədir. Məşhur filmdə deyildiyi kimi, «artıq düyməyə basılıb və mexanizm işə düşüb, bunun qarşısını kimsə ala bilməz». Apreldə də düyməyə basılıb və mexanizm işə düşüb. Mexanizmin adı «torpaqların işğaldan azad edilməsidir».