Vaxt.Az

«İki milyon dollarım olsaydı...»


 

«İki milyon dollarım olsaydı...» İki milyon dollar pul... Ha xərclə, bitməz. Amma baxır nəyə. Alacaqlarının içində benzin, parafin, aseton, yağ yoxdursa, nəyə desən çatar. Sadaladıqlarım Molotov kokteylinin tərkibidir. İki milyonum olsaydı, rəfiqələrimi qoluma taxıb
“Tarqovı”ya gedərdim. Amma alış-verişə...
2000-ci ilin əvvəlləri... Əbülfəz Elçibəy xəstələnir. Müalicə üçün Türkiyəyə üz tutur. Üz tutduğu xəstəxana isə Ərdoğan Türkiyəsinə qədər bütün dünyanın qarşısında baş əydiyi Türk hərbçisinin xəstəxanası olan GATA, yəni, Gülhanə Hərbi Tibbi Akademiya olur. Adıçəkilən xəstəxananın tibbi diaqnozuna Türkiyə Ərdoğanın olana qədər heç vaxt şübhə olmayıb. Odur ki, bir müddət əvvəl Əbülfəz Elçibəyin zəhərlənərək öldürülməsi haqda çıxan xəbərə ən çox gülən də elə Gülhanə Hərbi Tibbi Akademiyası oldu. 2000-ci ilin əvvəlinə dönək. Dönək deyəndə ki, dönəklərin əxlaqsızca, iyrəncliyin sonuna varan yazılarına qayıdaq. Əbülfəz Elçibəyin əvvəlcə prostatit, sonra siflis xəstəliyinə yoluxması haqda yazılar yazdırılır. Yalançı yox, doğrudan da, bəyin yaxınları iddia edir ki, bu yazılardan sonra onun vəziyyəti sürətlə pisləşir. Yazıların sifarişçisi də, yazanları da onun ətrafı olur. “Xanım” yazarlar isə Elçibəyin cinsi problemlərini əminliklə, dəqiqliklə yazdılar. 
Tarixdə, ictimaiyyətdə hansı dəyişiklik olursa, ən çox zərəri elə qadınlar görür. Qadınlar hər iki cinahda istifadə olunur, təhqir edilir, gülməli vəziyyətə salınır və beldən aşağı vurulur. İctimailəşmiş qadının ağzını cəmiyyət yuma bilməyəndə onun yataq otağını müzakirəyə çıxarır. Qadınlığından, kişiliyindən asılı olmayaraq, başqasının yatağını müzakirəyə çıxaran hamı şahid qismində olduğunu da boynunun ortasına almalıdır. Vay o gündən ki, bu şahidliyi qadın edə...
İctimai həyatda, işdə, şəxsi həyatda uğur tapmayan qadın opponentini mübarizədə həmişə fahişə, özünü isə cinsi orqanı olmayan mutant kimi təqdim edir. Bu qadınlar sözün əsl mənasında bədbəxtdirlər. Nə insanlıqdan, nə də qadınlıqdan nəsibini almayıblar. Mübahisə zəminində söz ehtiyatı tükənən qadının ən sevdiyi söz “fahişə” olur.
Azərbaycan dünya  axirət çalışsa da, Mark Zükerberqin haqqını heç vaxt ödəyə bilməz. Sosial şəbəkə insanların simasını, əsl mahiyyətini açdı. “Facebook”un ən böyük zərəri isə “ictimai sektor” anlayışını məhv etmək oldu. İndi özünə iş tapa bilməyən, günü “Facebook”da şüvən salmaq olanlardan nə işlə məşğul olduğunu soruşanda “ictimai sektordanam” deyir. 
Sosial şəbəkə yeganə yerdir ki, azərbaycanlı sona qədər özünü boğub otura bilmir. Əvvəl-axır özünü açıb tökür, ifşa edir. “Facebook”un ifşa etdikləri silsiləsindən öndə gedəni isə kaftarlaşmış gənclikdir. O gənclik ki, sosial şəbəkələrdə statusu statusa calamaqla inqilab edir. O gənclik ki, 7 yerə parçalanıb yeddi tuman altında birləşib. İndi özünü ictimai sektordan hesab edənlərin evdəkilərdən başqa “Facebook”da ayrı anası var. “Facebook”da Çe Xədicə, Çe Günel və çiçəyi burnunda Çe Bəyim analar seçkiqabağı fəaliyyətə start verib. Bu anaların isə bir neçə bixəbər balaları var. Hansı ki, siyasi fəaliyyətlə məşğul olmağın imitasiyasına cəhd edirlər. 
Hər gün “Facebook”dan ulusa səsləniş edən, gəncləri meydanlara səsləyən, yeni siyasi fiquramız, orta yaşlı anamız Günel Mövludun təbirincə desək, gənc və perspektivli jurnalist, hüquqşünas, mitinq kuratoru, siyasi texnoloq Zaur Qurbanlı daha çox sələfi Pənah Hüseynlini xatırladır. Dediyi sözdən çox qışqır-bağırı və “ya bizdənsən, ya düşmən” dəmir məntiqi ilə dünyanı tutub gedən Pənah Hüseynlinin gənc xələfi dolayısı ilə Zaur Qurbanlıdır. İnsafən, Pənah Hüseynli əvvəlcə dövlət katibi, sonra 1 ay baş nazir ola bilmişdi. Həm də Pənah Hüseynli meydanlarda ətrafındakıları tutdurmağı yox, özü tutulmağı kişilikdən hesab edirdi. Adamın Allahı olar, Pənah Hüseynlinin adı heç vaxt orgiyalarla da yanaşı çəkilməyib.
Özünü ictimai sektora dürtənlərin siyahısı çox uzundur.  Burda Nemət Pənahlının parodiyasını edən Made in Ramin Hacılı olan Rəşadət Axundov da öz varlığını sübut etməyə çalışan tiplərdəndir. Rəşadət də Nemət Pənahlı kimi üzünü naməlum qara kölgəyə tutub qışqırmağa meyllidir. Allah qapısını açsın. Elə hər ikisinin də...
Parodiya ustaları haqda yetər.
Gəncliyimizin adı narkotika, Molotov kokteyli ilə yanaşı çəkilir. İndi bizi ən çox ağrıdan, narahat edən məsələ gəncliyin göz görə-görə uçurumun bir addımlığında dayanması olmalıdır. Qardaşın qardaşa bir manat borc vermədiyi halda evindən deyilənə görə, 94 min manat pul borc verilmiş pul çıxan, həyatının ən yaxşı illərində ləzzəti uyuşdurucu maddədə görən gənclər bizim ən böyük dərdimiz olmalıdır. Molotov kokteyli 18 yaşlı gəncin evindən çıxırsa, bu hamımızın evinə atılıb deməkdir. İşsiz-gücsüz, heç bir amalı olmayanlar, özünə yer tapa bilməyənlər ətrafdakılarını da zəhərləməklə məşğuldur. İndiyə qədər olan kiçik və böyük çaplı terrorları araşdırın. Hamısının altından cəmiyyətdə özünə yer tapa bilməyən, yarımçıq, kompleksli, insanlara nifrət edən tiplər çıxacaq. 
Hansı inqilabdan söhbət gedə bilər ki, Molotov kokteylləri azyaşlı uşaqların oynadığı yerlərə atılacaqdı? “Əsgər ölümlərinə son” çağırışı ilə körpələrimi öldürməyi planlayırdınız? 
Niyə məhz Molotov kokteyli? 
Yaxın ölkələrdəki kiçik çaplı, başlanğıc terrorlara nəzər salaq. Molotov kokteyli daha çox beynəlxalq terror təşkilatlarının maliyyəsi ilə hazırlanan terraktların, planlı, sifarişli ixtişaşların sevimli partlayıcısı hesab edilir. Səbəb isə onunla izah edilir ki, gözyaşardıcı qazlar, Molotov kokteylinə “serb mələyi” adlı partlayıcı maddə qədər vəsait ayrılmır. Bu cür ixtişaşlarda maliyyənin daha çox hissəsi idarəçilərdə, lektorlarda, üçüncü, dördüncü səviyyəli terror texnoloqlarında olur. İstifadə olunanlar, arada-bərədə tutulanlar isə el dili ilə desək, yetim-yesirlər olur. 
Molotov kokteyli, narkotika, “Facebook”da sülənmələr, həbslər... Gənclik bu deyil, bu olmamalı... Bəs yarıda qırılan gənc taleyin babalını kim daşıyır? Təbii ki, “meydana” hayqırıb mitinqdə olanları “Youtube”dən izləyənlər, sosial şəbəkələrdə, mənbəyi məlum olmayan gəlirləri ilə hər gün getdikləri kafe və barlarda gəncləri məhbəslərə səsləyənlərin boynundadır həbs olunan gənclərin günahı. Onlar bu günahla yaşayırlar. İddialıdırlar... həbs olunanların sayını artırmağa. Çünki hər ilin sonunda qrant üçün yeni adlar lazımdır. Bu il isə o adlar kifayət qədər müxalifət cəbhəsinə vəsait gətirəcək. Gəncliyin kürəyindən çıxan vəsaitlə isə barlarda, xaricdə zəncilərlə əyləncələr təşkil olunacaq.
P.S. ATƏT-in Bakı ofisinin rəhbəri Koray Targay geri çağrılır. Yerinə yeni Targay gəlməməsi ümidi ilə.
P.S.S. Haram xoşunuz olsun.
 





16.03.2013    çap et  çap et