Vaxt.Az

«ABŞ İraqı işğal edib»


 

«Bu azmış kimi, İranın da nüfuzu dövlətin bütün dairələrində yayılıb»

«ABŞ İraqı işğal edib» İraqlı jurnalist Əli əl-Cuburi «Gündəlik Avrasiya»a müsahibə verib. Vaxt.az müsahibənin tam mətnini oxucularına təqdim edir:

- Mosul əməliyyatı barədə fikriniz nədir? Bu əməliyyatın hansı ciddi nəticələri ola bilər?

- Hər bir döyüş əməliyyatının müəyyən hədəfi var. Komandirlər onu tez bir zamanda və ən az itki ilə həyata keçirmək istəyirlər. Bu məntiq döyüşən tərəflərin hər ikisinə aid olub ən qədim dövrlərə gedib çatır.

İndiki zamanda döyüşlər həm gedişat, həm də uzaq perspektivləri baxımından başqa məqsədlər güdür və onların nəticələri dərhal aydınlaşmır. Bəzən də, qabaqcadan planlaşdırılmayan nəticələr alınır; döyüş təsadüfi və keçici nəticələrlə bitə bilər, bəzən də bu sonluq əsla nəzərdə tutulmur və ya ehtimal edilmir!?

İnkişaf etmiş dövlətlərin çoxu öz döyüş əməliyyatlarını uzun bir zaman kəsiyi üçün nəzərdə tutur, alternativ döyüş planları hazırlayır, həm də bütün taktiki və ya strateji nəticələri nəzərə alır. Bu da çox normal bir haldır. Döyüş əməliyyatı sadəcə bir gəzinti deyil; burada canlı qüvvə və texnikada döyüşün taleyinə və gedişatına həlledici təsir göstərən itkilər olur.

 

- Bu döyüş nəticəsində İraqda İŞİD-in varlığına tamamilə son qoyula bilərmi? Şəhərdə bir milyondan artıq mülki əhali yaşayır, İŞİD-in əhalidən canlı sipər kimi istifadə etməsi onların həyatı üçün ciddi təhlükə törədirmi?

- İraq təhlükəsizlik qüvvələri qarşısına qoyulan plana uyğun olaraq Mosul əməliyyatı ilə İŞİD silahlılarını şəhər daxilində məhv edib, onların başqa regionlara keçmələrinə imkan verməmək əzmindədir. Təhlükəsizlik qüvvələri «İraq-Şam İslam Dövləti»nin İraqda qalan bütün ünsürlərini qəti şəkildə məhv etməyi və harada olursa-olsun onlara zərbə endirməyi qarşısına məqsəd qoyub. Terrorla mübarizə orqanının rəsmi sözçüsü Səbah Noman bildirib ki, qəti bir döyüş ilə Mosulun azad edilməsi əməliyyatının məqsədi İŞİD-in işğal etdiyi və onun son dayağı sayılan şəhəri azad etməkdir.

Təhlükəsizlik qüvvələri şəhəri azad etməklə paralel olaraq onun infrastrukturunu qoruyub saxlamaq istəyindədir. Buna da döyüşdə iştirak edən bütün tərəflərlə sıx əməkdaşlıq və koordinasiya şəraitində nail olmaq mümkündür. Həm də iraqlı döyüşçülərin ruh yüksəkliyi və qətiyyəti hərbi əməliyyatların qısa bir zaman ərzində uğurla başa çatdırılmasını ümid etməyə imkan verir. Təhlükəsizlik qüvvələri sakinləri mənzillərində qalmağa çağıraraq onları əmin edib ki, bununla onlar həyatlarını qoruya bilərlər, ordu qüvvələri isə onların şəhərdən təhlükəsiz bir şəkildə çıxmasını təmin etmək məqsədilə xüsusi dəhlizlər açıb.

 

- Ümumiyyətlə, şəhər əhalisinin Mosul əməliyyatına münasibəti necədir? Əməliyyatın gedişini necə qiymətləndirirlər?

- Dinc sakinlər döyüşən tərəflərin hər biri üçün əlavə bir hədəfdir. Dinc əhalinin məruz qaldığı humanitar fəlakət, demoqrafik dəyişiklərin baş verə biləcəyi qorxusuna baxmayaraq, onların daha təhlükəsiz yerlərə köçürülməsini vacib edir. Hamının gözü qarşısında həm humanitar, həm də ekoloji fəlakət baş verməkdədir: neft xətləri partladılır, çox güman ki, bunu İŞİD edir, əhaliyə təcili yardım zərurəti isə lazım olduğu səviyyədə ödənilmir.

Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin İraqdakı missiyasının rəhbəri Katrina Reyts deyir: «Dinc əhali bu gün diqqət mərkəzindədir. Mosulda hərbi əməliyyatlar başlayıb. Mən əminəm ki, dinc sakinlər, uşaqlar və başqa insanlar qorxu içindədirlər, onlar qaçaraq canlarını qurtarmaq istəyəndə atəş altına düşə bilərlər».

Beynəlxalq humanitar yardım təşkilatları döyüş bölgəsindən qaçıb gələn insanları qarşılamaq məqsədilə İraq Kürdüstanı vilayətində Ərbilin cənubunda qabaqcadan hazırlıq tədbirləri görüblər. Bu təşkilatlar həm də imkan daxilində humanitar fəlakətin təsirini yüngülləşdirmək məqsədilə qaçqınlara ərzaq və tibbi yardımlar göstərmək istəyir.

Əməliyyatım gedişi barədə: «Mütəxəssislərin və peşəkarların çoxunun fikrincə, bəzilərinin düşündüyü kimi, döyüşlər çox da ağır olmayacaq. Bu döyüşlər də «İŞİD»-dən azad edilmiş başqa bölgələrdə olduğu kimi nisbətən asan keçə bilər, onun döyüşçüləri ruhdan düşmüş bir vəziyyətdədirlər. Fikrimizcə, Milli ordumuzun güclü və öldürücü zərbələrinin təsiri ilə artıq «İŞİD» silahlıları arasındakı qarşıdurmaların güclənməsini müşahidə edirik. Buna görə də, hamının düşündüyünün əksinə olaraq, yaxın günlərdə İraq bayrağının Mosul üzərində dalğalanmasını görəcəyik».

 

- İraq hökuməti Türkiyənin İraq daxilində hərbi əməliyyatlarda iştirakına qarşıdır. Bu fakt özünü xüsusən Mosul əməliyyatı başlamazdan qabaq və onun gedişində büruzə verdi. Mütəxəssislərin və sadə İraq vətəndaşlarının bu məsələdə mövqeyi necədir?

- İraq hökuməti «İŞİD» terrorçularından Mosul şəhərinin azad edilməsi əməliyyatında Türkiyənin də iştirakını rədd etdi. Müdafiə Nazirliyinin sözçüsü deyib: «Türk qüvvələri hələ də Bəşiqə düşərgəsində mövcuddur. İraq hökuməti bu faktı onun suverenliyinin pozulması kimi dəyərləndirir». O, həmçinin «Mosulun azad edilməsində türk qüvvələrinin iştirakı barədə istəyin və ya ehtimalın olmasını» təkzib edərək deyib: «Biz İraq ordusunun döyüş tapşırığını yerinə yetirməsini asanlaşdırmaq məqsədilə bu qüvvələrin regiondan çəkilməsini tələb edirik».

İraq hökumətinin Türkiyə qüvvələrinin Bəşiqə düşərgəsindən çıxarılmasını təkidlə tələb etməsinə və bu faktı qəbul etməməsinə baxmayaraq, onlar hələ də ordadırlar. Bu isə əslində, İraqın suverenliyinin pozulması deməkdir, bu qüvvələr hökumətin tələbi ilə buraya gəlməyiblər. Bunu isə Ankara təkzib edib bildirir ki, onlar buraya İraqın tələbi ilə gəliblər. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu ilin iyun ayının 7-də bildirib ki, Türkiyə Mosulun «İŞİD»-dən azad edilməsini hədəf alan əməliyyatı tamamilə dəstəkləyəcək. İraqın ordu qüvvələri Mosulun cənubunda Məxmur düşərgəsinə çatıb və Qiyadə məntəqəsini azad etməyə başlayıb, həm də bir neçə gün bundan qabaq bəzi kəndləri geri qaytarıb.

 

- 2003-cü ildə Koalisiya qüvvələri hərbi əməliyyatlara başlayandan sonra silahlar bir gün də olsun susmur. Partlayışlar və terror hücumları adi hal alıb. İraq sabitliyi bərpa etmək üçün nəyə möhdacdır? Ölkədə daimi sülhün bərqərar olması üçün İraq hökuməti və xalqı nə etməlidir?

- İraqın işğalı və (Səddam Hüseynin –tərc.) devrilməsindən təqribən 13 il keçəndən sonra biz soruşuruq: Hansı gözləntiləriniz həyata keçdi? İraqın indiki siyasi və iqtisadi vəziyyəti ilə bu suala cavab verilə bilərmi? Birincisi, siyasi vəziyyətə dair bunu demək olar: Sözün həqiqi mənasında və faktiki olaraq İraq dövləti yoxdur. Amerika işğalı ilə konstitusion boşluq yarandı, daxili sabitlik pozuldu, həm dövlət və həm də vətəndaşların mülkiyyəti zorla talan edildi. İşğalçı qüvvələrin gözü qarşısında radikal və ekstremist qüvvələr arasına dini və tayfa qarşıdurmaları baş verdi. Bu da 2006-cı ildə sünni və şiələr arasında məzhəb müharibəsinə səbəb oldu. İkincisi, İranın nüfuzu dövlətin bütün dairələrində yayıldı, bunun nəticəsi olaraq İraq siyasi həyatında onunla müttəfiq olan şiə milislər meydana gəldi. İran bunlardan ərəb dövlətlərindəki əleyhdarlarına qarşı istifadə etdi, burada bu milislərin türk işçilərini və qətərli balıqçıları saxlaması faktını göstərmək olar. Bu təsirin təbii nəticəsi olaraq İraq hökuməti və cəmiyyəti ərəb dünyasından ayrı düşdü, ərəb mühitində İranın siyasəti çərçivəsinə daxil oldu. Bu da siyasi rejimi ikinci dünya müharibəsindən sonrakı Almaniyada və Yaponiyada olduğu kimi həqiqi milli rejimə çevrilə bilmədi.

 





25.10.2016    çap et  çap et