Məlumata görə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətində «28 May - Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 20.05.2016-cı il tarixli Qərarının icrası vaxtında, düzgün, mütəşəkkil təşkil olunmaqla, qanunvericiliyə uyğun, pozuntu hallarına yol verilmədən, məhkumların ailə üzvlərinin və qohumlarının iştirakı ilə 15 oktyabr 2016-cı il tarixdə müvəffəqiyyətlə başa çatdırılıb.
«Amnistiya qərarı ümumilikdə 10868 nəfərə şamil edilib. Amnistiya qərarı azadlıqdan məhrumetmə yerlərində cəza çəkən 3545 məhkuma tətbiq edilib. Onlardan 2842 məhkum cəza çəkməkdən azad olunub, 635 məhkumun cəzasının çəkilməmiş müddəti 6 ay azaldılıb və 68 məhkumun narkomaniyadan məcburi müalicəsi müvafiq məhkəmənin qərarı ilə ləğv edildikdən sonra onlar azad olunacaqlar».
Rəsmi məlumatda qeyd edilib ki, azad olunan məhkumlardan 59 nəfəri qadın olub:
«Bu Qərar Azərbaycan Respublikasının vətəndaşları ilə yanaşı, 7 xarici ölkənin 55 əcnəbi vətəndaşına və 1 nəfər vətəndaşlığı olmayan məhkuma da şamil edilib.
Cəzadan azad edilmiş şəxslərə müvafiq arayışlar təqdim olunub, onlara yardım göstərilib, əvvəlki daimi yaşayış yerləri üzrə icra hakimiyyəti və polis orqanlarına rəsmi məlumatlar göndərilib.
Azad olunmuş xarici ölkə vətəndaşları və vətəndaşlığı olmayan bir nəfər şəxs Dövlət Miqrasiya xidmətinə təhvil verilib.
Amnistiya qərarı ilə azad olunmuş məhkumlar və onları qarşılamağa gəlmiş qohumları, Azərbaycan Prezidentinə və bu humanist aktın qəbul olunmasına göstərdiyi təşəbbüsə görə Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər».