Vaxt.Az

Kəlbəcərə yağan qar…


 

Ceyms Uorlik sevinir, kəlbəcərli köçkünlər isə...

Kəlbəcərə yağan qar… Qarabağa dair çoxdan dalana dirənmiş və aprel döyüşlərindən sonra prezidentlər arasında baş tutan iki görüş istisna olmaqla faktiki olaraq dayandırılmış nizamlama prosesində hansısa formal canlanma yaratmaq üçün regionda səfərdə olan Minsk Qrupu həmsədrləri bu gün İrəvanda müzakirələrə başlayıblar.

Virtualaz.org xəbər verir ki, bundan əvvəl Bakıda olan həmsədrlər təmas xəttini keçərək Dağlıq Qarabağa gediblər. Xankəndindəki rejimlə təmasdan sonra diplomatlar maşınla işğal altındakı Kəlbəcər rayonundan keçərək Ermənistana gediblər.

Bu dəfə həmsədrlər adından daha çox amerikalı həmsədr Ceyms Uorlik danışır və o, Bakıda olduğu kimi İrəvanda da ABŞ səfirliyinin binasında jurnalistlər qarşısına çıxıb.

«Mən Kəlbəcərdən elə indi gəlmişəm. Maşınla Kəlbəcərdən keçib gəlmək imkanı yaranmışdı və mən sevinc hissi ilə demək istəyirəm ki, ora qar yağırdı» - amerikalı diplomat sifətində geniş təbəssümlə erməni jurnalistlərə bildirib.

Diplomat regiona budəfəki səfərlərinin məqsədi haqda danışıb, deyib ki, onlar təmas xəttində atəşkəsə əməl olunmasına layiqli münasibət barədə müzakirələr aparmaq üçün gəliblər. Və Ceyms Uorlik qeyd edib ki, bir neçə aydır təmas xəttində əsasən sakitlikdir. Hərçənd bir neçə insident (əsgər ölümləri ilə nəticələnən) baş verib ki, bunlarla bağlı tərəflərlə ayrı-ayrılıqda söhbət aparmaq lazımdır.

Ceyms Uorlikin sözlərinə görə, bütün tərəflər səfir Anje Kaspşikin rəhbərlik etdiyi müşahidəçi qrupun genişləndirilməsi ilə razıdır: »Səfir Kaspşikin missiyasının genişləndirilməsi ilə bağlı razılıq var və səfərimizdə məqsəd bu razılaşmanı reallaşdırmaq üçün bir neçə detal üzərində işləməkdir».

Xəbər verildiyi kimi Ceyms Uorlik Bakıda keçirdiyi mətbuat konfransında deyib ki, prezidentlərin görüşündə ən vacib mövzulardan biri işğal edilmiş Azərbaycan ərazilərinin azad edilməsidir.Uorlik İrəvanda jurnalistlərin bu barədə sualına cavabında belə bir bəyanatla çıxış etdiyini inkar etməyib və ümumi konteksdən he nə çıxarmamağa çağırıb.

«Nizamlanmanın bütün komponentləri masa üzərində olmalı və müzakirə olunmalıdır. Siz hansısa bir sualı götürüb onu kontekstən çıxara bilmərsiz. Dağlıq Qarabağ ətrafındakı ərazilərin qaytarılması müzakirə olunmalı, eyni zamanda Dağlıq Qarabağn yekun statusu açıq şəkildə müzakirə olunmalıdır. Başqa suallar da var, biz qaçqınlar və daxildəki məcburi köçkünlərin qayıtması məsələsini də müzakirə etməliyik. Açıq deməliyik ki, beynəlxalq sülhməramlı qüvvələr hansı formada olmalı və hansı səlahiyyətləri olmalıdır. Həmçinin dəhliz məsələsi müzakirə olunmalıdır. Bütün bunlar sistemli həllin tərkibidir», deyə Uorlik bildirib.

Ermənistan və Azərbaycan prezidentlərinin görüşünə gəldikdə isə həmsədr deyib ki, beynəlxalq vasitəçilər indi belə bir görüş təşkil eləməyə çalışırlar.

Ceyms Uorlikin sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın «Vesti 24» telekanalına müsahibəsində Dağlıq Qarabağa muxtariyyət statusunun verilməsinin mümkünlüyü haqda dediklərini alqışlamaq lazımdır. Çünki bu, Dağlıq Qarabağın statusuna dair polemikaları başlatmış olur. «İlham Əliyevin dedikləri son qərar deyil, ancaq status məsələsində açıq diskussiyaları başlatmaq baxımından mühümdür və ən azından bu səbəbdən alqışlanmalıdır» - o deyib.

Ümumiyyətlə, amerikalı diplomat həm işğal altındakı ərazilərin qaytarılmasının vacibliyi , həm münaqişəyə dair digər mövzularda danışarkən obyektiv vasitəçi imici yaratmaq istəyib. Bu da görünür başa düşüləndir. Çünki bu yaxınlarda ABŞ dövlət katibi  Con Kerri Dağlıq Qarabağ münaqişəsinin həllinin qeyri-mümkün olduğu haqda çox pessimist bəyanatla çıxış etdi. Üstəlik bunun məsuliyyətini hər iki tərəfin, yəni həm də Azərbaycan tərəfinin üzərinə yüklədi. Kerrinin bu bəyanatı Bakıda haqlı narazılıq və prezident İlham Əliyev səviyyəsində etiraz doğurdu. Münaqişənin həllinin mümkün olmadığını və buna görə həm də əraziləri işğala məruz qalan tərəfin məsuliyyət daşıdığını bu məsələ ilə məşğul olan həmsədr ölkə, dünyanın ən qüdrətli dövlətinin üçüncü ən yüksək rütbəli şəxsi deyirsə o zaman kimə ümid edəsən? Belə bəyanatlar işğalçı ölkəni status-kvonu saxlamağa həvəsləndirməkdən başqa nəyə yarayacaq?

Və indi amerikalı həmsədr dövlət katibinin bəyanatının təsirlərini yumşaltmağa çalışır və ərazilərin işğaldan azad edilməsinin vacibliyi haqda (status məsələsi ilə birlikdə olsa da ) həm Bakıda, həm İrəvanda bəyanatlar verir. Lakin belə bəyanatlar Birləşmiş Ştatların və digər həmsədr ölkələrin münaqişənin həllinə yönəlmiş real səyləri ilə uzlaşsa təsirli ola bilərdi. Yoxsa Kəlbəcərdə qar mənzərələrini görüb sevinmək heç nəyi həll etmir. Ceyms Uorlik bu mənzərədən sevinə bilər, ancaq torpaqları işğal altında olan kəlbəcərlilər 24 ilə yaxındır ki, ora qarın necə yağdığını ancaq xəyal edib köks ötürə bilirlər...

 





26.10.2016    çap et  çap et