Vaxt.Az

«Bir qab da oxucuya çək...»


 

Bu ölkədə 9 milyon dahi var

«Bir qab da oxucuya çək...» Hansısa mövzuda yazı yazıb hər gün qəzet oxuyan, elektron medianı izləyən , əlindən kitab yerə düşməyən oxucu zümrəsini təəccübləndirmək çətindir.
Ömründə cəmi iki köşə oxuyan oxucu da köşə yazmağa iddialıdır. Baxır ki, "köşə" adlı yamağa oxşayan nəsnədə hamı yeyib-içməkdən, gərnəşməkdən, yuxusuzluqdan, maşınla "qonka" ya çıxmaqdan, naxır otarmaqdan, diş arasından uzağa tüpürə bilməkdən... yazır, günün birində ağlına gəlir ki, bu qabliyyətlərin hamısı onda cəmləşib. O da hər gün səhər yumurta, günorta dönər yeyir, axşama da harda kim bir tas qabağına nəsə qoydusa, ondan. Düşünür ki, madam ki , menyu eynidir, mən niyə yazmayım?! .
"Köşə" anlayışı mətbuatımıza təşrif gətirəndən hamı reportajı, olmayan araşdırma jurnalistikasını kənara tullayıb. Hamı köşə yazarı olub. Bizdə "köşə yazmaq" demək, əlinə fürsət düşmüşkən, hamıya ağıl öyrətmək, bilib bilmədiyin mövzuda üyüdüb tökmək, olmadı, yeyib içdiyindən danışmaqdı. Efiri yemək iyi bürüdüyü bir dövrdə əlimizdə mətbəx qoxusu verməyən bircə yazılı mətbuat qalmışdı ki, o da belə getdi...
Yazmayaqmı? Yazaq! Bu ölkənin təhsil, tibb, mədəniyyət, kütləvi mədəniyyətsizlik kimi problemləri varkən biz nələrdən yazırıq? Oxucunun gündəlik həyat tərzindən kənara çıxmayan, onun günlük aksentindən fərqlənməyən, yeni heç bir informasiya verməyən, içində bircə kəlimə belə faydalı cümlə olmayan söz yığınınamı köşə deyilir?! Heç bir faydası olmayan söz toplusu kimə gərəkdir? Gözünü yumub tənqidi təhqirə qatıb köşələr döşəmək, bütün hirsini-hikkəsini yazılarda millətin boynuna atmaq, geridəqalmışlıqdan, adət-ənənələrin tənqidindən yazmaq dövrü artıq bitdi. Gediş onu göstərdi ki, bu da effektsizdir. Onsuz da oxucuların çoxu oxumağın daşını çoxdan atıb. Mirzə Cəlilin yazılarını yaxşı bir qız imzası ilə yayımlasaq, nə dövr hiss olunmaz, nə də məna ağır gəlməz ki, əksik qalar.
Dilini bilmədiyimiz heç, dilini bildiyimiz ölkələrdə köşə anlayışına nəzər salaq. Bir qəzetinin tirajı bütün Azərbaycan yazılı mətbuatından çox olan Türkiyədə köşə yazarından tələb olunanlara baxın:
  1. Hər köşədə dişədəyən yenilik ortaya qoymalısan.
  2. Hər köşədə yeni informasiya tutumu olmalıdır.
  3. Hər köşə tirajın artımına təsir etməlidir.
Bizdə isə yazarlar işi-gücü buraxıb türk köşə yazarlarının qonorarının çoxluğunu hesablayır. Oturub pulu yox, keyfiyyət araşdırması edək. Türk köşə yazarlarının hər biri ən azı bir xarici dil bilir. Bu da onlara dünya mətbuatını izləmək və tətbiq etmək imkanı verir. Hamısı müqaviləli şərtlərlə işləyir. Konkret məsuliyyətləri var. Yazar kefi istədiyini yazmır. Və ya kefinə düşməyəndə yazmamaq kimi lüksü yoxdur.
Nuray Mert: Siyasi mövzuda yazan ən yaxşı köşə yazarlarından biridir. Nəzərə alsaq ki, siyasi analitika mövzusunda bizdə doğru-dürüst ortaya nəsə yazıb qoyan heç kim yoxdur, bu xanımla bizdə müqayisə ediləcək söz sahibi yoxdur, desək, yanılmarıq. 2011 –ci il 6 mart tarixində "MİLLİYET" qəzetində "Söz azadlığına qoyulan məhdudiyyətləri əsas gətirərək" "Doğru bildiklərimizi yazmırıqsa, yazmağın bir mənası yoxdur" cümləsi ilə köşəsini boş buraxdı. 2012 –ci il 19 fevral tarixindən "MİLLİYET" qəzeti onun köşəsini boş elan etdi...
Yazmaq, söz sahibi olmaq həm də məsuliyyət işidir. Klaviaturaya güvənmək çətindir. Hər şeyi onun ixtiyarına buraxıb da ağlına hər gələni yazmaq insanların öz vaxtına heyfi gəlməməyidir sadəcə.
Yazar adı artıq o qədər ucuzlaşıb ki, sevdiyi yazara aylarla bir məktub yazıb göndərə bilməyən oxucu ona nəyi necə yazmağı, səhvi düzü, ümumiyyətlə, necə yaşamağı öyrədir. Və bir neçə cəhddən sonra, yuxarıda dediyim kimi, hətta özü yazmağa qərar verir...
Həyat yalnız yeməkdən və mədədən ibarət deyil...
Bircə dəfə də oxuyandan sonra yazmağa cəhd edək...
 





17.04.2012    çap et  çap et