Həyat, doğrudan da, qəribəliklərlə doludur. Gözünü dünyaya açan gündən qulağı azan səsi, Quran avazı eşidən, ata nənəsinin arzusuna qalsa din xadimi kimi yetişməli olan və bütün ömrünü Allah-təalaya etiqadda keçirən, vaxtlı-vaxtında orucunu tutub, namazını qılan Hacıbabanın vətəndən kənarda ilk səfər etdiyi şəhər məhz Kərbəla idi. Hacıbaba Hüseynov imam Hüseyn aşiqi, mövlanə Füzuli vurğunuydu. Və görünür, ulu yaradan bu kişinin halal haqqının qiyməti, əvəzi olaraq, o çağacan Azərbaycandan kənara bir addım atmamış yetmiş yaşlı sənətkarı beləcə hörmətə, ehtirama layiq bilmişdi. Söyləyirlər ki, ustad həmin səfərdən çox-çox illər qabaq elə hey «bircə imam Hüseynin qəbrini ziyarət eləyib, o müqəddəsin ayaqları altında yatan Füzuli babamla «görüşsəydim», heç dərdim olmazdı» deyirmiş. Demə, bu, onun qismətindəymiş. Hələ üstəlik, İraq səfərinin ardınca Türkiyə, Fransa, İsveçrə, Hollandiya, Belçika və İrana da yolu düşəcəkmiş xanəndənin. Bütün bunlar sənətkarın yetmişdən sonrakı həyatının üç ili ərzində baş verənlərdi. Daha sonrasa il yarım qalırdı son səfərə. Və bu il yarımda xanəndə artıq ayağını kənara atası halda deyildi. Amansız xərçəng öz işini görürdü. Cəmi bir-iki il əvvələcən pəhləvan cüssəli görünən Hacıbaba qəfil başının üstünü kəsdirmiş xəstəlik səbəbindən get-gedə yumağa dönür, şam kimi əriyirdi.
1992-ci ilin əvvəlində sənətkarın İranda verdiyi konsertlərdən birində lentə alınmış kadrlardan boylanan da sınıxmış Hacıbabadır. Amma təsəlliverici məqam da var həmin kadrlarda. Onun oxuması həminki ləngəri, bəzək-düzəyi və pəsxan ustalığıyla yenə gözəl və təravətlidir. Heç elə bil il üstünə il gəlməyib, qarşındakı da artıq yavaş-yavaş ürək-tənəffüs yolundakı problemdən əziyyət çəkən Hacıbaba Hüseynov deyil. Və o da maraqlıdır ki, bu minvalla ömrünün axır günlərinəcən oxudu. Hərçənd İrandan sonra onun güzarı daha heç bir ölkəyə düşmədi. Gərək ki, həmin arada onun dövlət səviyyəli tədbirlərdə və radio-televiziyada çıxışı da olmadı. Hacıbaba müəllimi son aylarda, demək olar, yalnız Bakı kəndlərindəki toylarda görə bilərdin. Arada get-gedə yoxa çıxmaqda olan, şükürlər ki, son illər yenidən saya-sanbala minmək istəyən mağar toylarında. O toylarda ki, xanəndə qırx ildən artıq yol keçmişdi, neçə-neçə ustadlar görmüşdü. Mütəllim Mütəllimovun, Yaqub Məmmədovun ifasına vurulmuşdu, Seyid Şuşinskinin tilsiminə düşmüşdü, Zülfü Adıgözəlovun yanğı və ustalığına, Xan Şuşinskinin təkrarsız şirin səsinə heyran qalmışdı. Bəzilərinin nəzərində təhsil ala bilmədiyindən savadsız sayılacaq Hacıbaba əslində istedadına və öyrəndiklərinə görə yaradandan sonra məhz bu toylara, adını çəkdiyimiz və çəkmədiyimiz sənətkarlara borclu idi. Bu böyük ustadın yetişməsində, ortaya çıxmasında, milyonların sevimlisinə çevrilməsində Əhməd Bakıxanovun, Cahangir Cahangirovun, Bəhram Mansurovun, Əhsən Dadaşovun, Sara Qədimovanın və başqalarının əməyini qeyd etmək gərəkdir. Ümumiyyətlə, Hacıbaba Hüseynovun bəxti gətirmişdi desəm, məncə, yanılmarıq. Doğrudur, o uşaqlıqdan böyük ailələrini saxlamaq üçün atasına kömək durmuşdu. Hələ bərkiməmiş can-cəsədini ağır yük altına vermişdi. Əvvəl-əvvəl pudluq daşlardan yapışmışdı və vaxtından qabaq böyüyüb, güclənib, kişiləşmişdi.
Sonrasa məşhur «Paris kommunası» adına zavodda tornaçı işləmişdi. Və məhz həmin peşənin hesabına gənc, sağlam cüssəli gələcək xanəndə müharibə başlayanda cəbhəyə yollanmamışdı. O, öz işinin yüksək peşəkarı kimi «bron» olunaraq arxa cəbhədə saxlanmışdı. Axı döyüşən ordu üçün silah-sursat hazırlayan zavodda onun işi vacibdən vacib idi: Hacıbaba iyirmi dörd yaşında, müharibənin qızğın çağında sevib-seçdiyi Mehparə xanımla ailə qurdu. Bu ailənin təməli möhkəm, ömrü uzun oldu. Düz əlli il onlar bir damın altında yaşadılar, mehriban, firavan ömür sürdülər. Atalı-analı bəxtəvər günləri xatırlayan sənətkarın qızı Sədaqət Hüseynova deyir ki, ağa (atasını nəzərdə tutur - S.E.) ağırtaxta, zabitəli kişiydi: «Bir sözü iki olmazdı, nə evdə, nə də kənarda. Xasiyyəti eləydi ki, hər adam evimizə ayaq basa bilməzdi. Söhbət sənət adamlarından gedir ha. Deyərdi ki, tam, dürüst adam, dost tapmaq çətindir. Bu dünya etibarsızlarla doludur. Təsəvvür edin, qoca vaxtında belə, evimizə gələn tələbələrinin, sənət dostlarının qarşısına çay-çörəyi anam yox, mən qoyardım. Bazar-dükan və sair işlərdə nə mən, nə də anam çöl-bayır tanımamışıq. Heç orta məktəbi axıracan oxumağa da qoymadı ki, qız uşağı evdə otursa yaxşıdır. Sonra da tez ailə qurdum, bir sənət, peşə seçməyə vaxt tapmadım...Ölümdən qorxmurdu, hər an əcəlin yetişəcəyinə hazırıydı. «Ay ağa, Allah eləməsin, sənə bir şey olsa, biz neylərik» deyəndə, gülə-gülə qayıdırdı ki, necə yəni Allah eləməsin, elə o qurban olduğum eləyir də.
Üstəlik, «hamı özünü fikirləşir, heç gör məni düşünən var» deməklə zarafatından qalmırdı. Ağanın üç yüzdən artıq qəzəli, müxəmməsi, təxnisi yadigardı. Uzun illər bircəciyi belə çap olunmasa da, onların xeylisi hələ sağlığındaykən xanəndələrin dillərinin əzbəriydi. Özü isə yazdıqlarını tək-tük halda oxuyurdu. Ağanın vəsiyyətinə əsasən, əlyazmaların hamısını Rafael Hüseynova vermişik. Rafael müəllim sağ olsun, onun sayəsində Hacıbaba Hüseynovun sanbalı bilindi. Qəzəllərinin kitab halında çapının yükünü boynuna götürdü… Çoxları inanmaz, ağa evdən kənarda gecələməyi sevmədiyindən rayonlardan toy sifarişi götürmürdü. Yalnız ildə bir-iki dəfə Salyana gedirdi. Orda onu məxsusi hörmətlə qarşılayan, sevənlər varıydı deyə, xahişlərini yerə salmırdı. «Kişi gecə evdə arvad-uşağının yanında olmalıdır» - bu onun şüarıydı. «Qara tellər» və aşıq Alının «Nə qaldı» mahnısını evdə elə gözəl oxuyardı ki... Atam olduğuna görə demirəm, vallah, o, çox böyük sənətkarıydı, Allah vergisiydi. Kiçik qızım xanəndəlik üzrə təhsil alıb. Görünür, rəhmətliklərə - babasına və xalam Sara Qədimovaya çəkib...»
Bir qəzəli var, sanki həyatının tərcümanıdır:
Hüsnünün şövqü kimi mehrdə mah olmaz imiş,
Baxıb ol ayinəyə etməmək ah olmaz imiş.
Hələ də Hacı gedir dərsi-dəbistan oxuya,
Çalışıb hər oxuyan Molla Pənah olmaz imiş.
Xanəndə ilə uzun illər dərs prosesində, toy-düyündə yoldaşlıq etmiş tarzən Valeh Rəhimov və kamança ustası Mirnazim Əsədullayev (eyni zamanda qastrol səfərlərində onu müşayiət edib-S.E.) Hacıbaba Hüseynovun istər tələbələrlə işinə, istərsə də konsert, teleçəkiliş və toy məclislərinə necə məsuliyyətli münasibətindən danışdılar. Sən demə, üçlüyün müşayiətilə xanəndəliyinin xeyir-duasını rəhmətlik Zülfü Adıgözəlov veribmiş...
Hacıbaba müəllim ilk dəfə televiziya ekranında görünəndə təqribən qırx yaşı varmış. Həmin gün bəstəkar Cahangir Cahangirov onu studiyaya dəvət edib və orada tarzən Əhsən Dadaşovun və kamançaçalan Fərhad Dadaşovun müşayiətilə «Zabul», «Rast» və «Şur» muğamlarını oxuyub.
Sənətkarın ən böyük təbliğatçılarından biri Rafael Hüseynovdur. Haqqında bir neçə dəfə mətbuatda yazılarla çıxış edib, «Ocaq başı» sənədli filminin ssenari müəllifi, 70 illik yubiley gecəsinin aparıcısı olub.
Aradan illər ötdü və yalnız yetmiş yaşının bircə addımlığındaykən Hacıbaba Hüseynov qısa fasiləylə əməkdar və xalq artisti fəxri adlarına layiq görüldü. Üstündən dörd il yarım keçdi. Daha dəqiqi, 1993-cü il oktyabrın 24-ü idi. Hacıbaba müəllim tanrı əmanəti canını tapşırdı. Amma gedən tək cismi deyildi, illər boyu çinədanına yığdıqlarını da özüylə aparırdı...
Bu qala bizim qala,
Həmişə bizim qala.
Tikmədim özüm qalam,
Tikdim ki, izim qala.
Vaqif Mustafazadənin «Bayatı Şiraz» kompozisiyasında oxuduğu məlum bayatısa onu yazan Xudu Məmmədov da daxil olmaqla bu üç insanın ölməzliyi barədə bizim üçün təsəllidir. (Kaspi.az)