İt getsin örkən aparsın, dərə xəlvət olsun, üç-beş cahıl-cuhul da hökuməti-zadı tənqid eləyib siyasi qəhramanlığın virtual-passiv-aktivist nümunəsini yaratsınlar, beş-on cuvanəzən də bunlara əl çalıb desinlər, pəh, kişidə cürətə, cəsarətə, qeyrətə bax, hökuməti tənqid eləyir, halal olsun! Bunlar da olsun çəpik qəhrəmanı. Bir 3-4 cüt də şəbədəbaz «köşə yazarı» təzə mövzunu bir az çeynəyib onlar da olsun qələm-qüləm qəhrəmanı...
Bir sözlə, ölkə başdan başa dissident, siyasi mübariz dolu, «generallar»ımızı saymaq üçün gərək hürküdəsən, milli liderlərin birin qoyub o birini götürürük. Növ-növ, büt-büt, heykəl-heykəl, hansı boyda-buxunda, görkəmdə, yaraşıqda desən varımızdır maşallah...
Amma ölkənin 20 faizi işğalda, milyondan çox yurdsuz-yuvasız...
Siz heç bu tut-qayır-burax qəhramanların bircəciyinin işğal faktı, total şəkildə hüquqları pozulmuş milyonlarla soydaşından bir kəlmə danışdığını gördünüzmü?! Görməzsiniz! Çünki oralardan aktivlik tələb edənləri bu mövzular maraqlandırmır, sifariş verənlərin istəyi də elə o mövzu ətrafında mülahizələri çıxdaş etmək, fikri, diqqəti, enerjini başqa səmtə yönəltməkdir.
Di gedin çalınan zurnaya qol qaldırıb süzün!