Vaxt.Az

«Görək başımıza nə gəlir»


 

Xınalığa göndərilən gənc müəllim: «Hələ qış qarşıdadır...»

«Görək başımıza nə gəlir» Modern.az saytı zaman-zaman ucqar kənd müəllimləri ilə müsahibələr təqdim edir. Bu dəfə Qubanın Xınalıq kənd məktəbindən danışacağıq. Xınalıqda riyaziyyat müəllimi işləyən Vəfa Bahaddinova ilə müsahibəni təqdim edirik.

- Xınalıq kəndində neçə müddətdir ki, müəllim kimi çalışırsız?

- Bu ilin sentyabrından Xınalıq kəndində müəllim kimi fəaliyyət göstərirəm. Ailəm Qubanın Alekseyevka kəndində yaşayır. Artıq bura çox alışmışam. 


- Niyə məhz, Xınalıq? Gənclərin çoxu kənd yerlərində müəllim kimi işləməkdən imtina edir.

- Düzü, məni tanıyanların çoxu bu sualı mənə verib. Onu deyə bilərəm ki, şəxsi istəyimlə Xınalıqda dərs deməyə yollanmışam. Əvvəldən özümü çətinliyə hazırlamışdım. Amma, Xınalığa gələndə elə də böyük çətinliklə qarşılaşmadım. Heç də hər şey gözlədiyim kimi olmadı. Həm də Xınalıq ucqar kənd olduğundan insanları savadsız kimi təsəvvür edirdim. Amma bu fikirlərimdə də yanıldım. Xınalıqdakı insanlar təhsilə çox önəm verirlər. Məktəblilər öyrənməyə daha çox can atırlar.


- Hansı ali məktəbi bitirmisiz?

- Bakı Dövlət Universitetinin riyaziyyat fakültəsini bitirmişəm. 


- Tələbə olarkən, xəyallarınızdakı iş yeri nə olub?

- Bəlkə də, inanmayacaqsınız. Hələ universitetin 2-ci kursunda oxuyarkən Xınalığa gedib orada müəllim işləmək ağlımdan keçirdi. Düşünürdüm ki, müəllim kimi ucqar kənd olan Xınalıqda daha yaxşı təcrübə əldə edə bilərəm. 


- Ucqar kəndə yollanmaq istəyinizi ailəniz biləndə etiraz etdimi?

- Atam Xınalığa getməyimi çox normal qarşıladı. Atamgil əslən Xınalıqdandılar. O, ata yurdunda müəllim işləməyimə çox sevindi. Atamdan başqa, bütün qohum-əqrəba Xınalıqda müəllim kimi çalışmamağımı tövsiyə edirdilər. Onların düşüncəsinə görə Bakıda ali təhsil almağım, daha geniş seçimə malik olmağım ona əsas verir ki, daha rahat yerdə müəllim kimi fəaliyyət göstərə bilərəm. 


- 2 aydır ki, Xınalıqdasız. Burda müəllim kimi çalışmağınıza peşman deyilsiz ki?

- Peşman deyiləm. Hətta, deyə bilərəm ki, artıq Xınalığa alışmışam. Hələ qış qarşıdadır. Görək başımıza nə gəlir. Artıq üçüncü dəfədir ki, Xınalığa qar yağır.


- Kənd məktəbliləri yeni müəllimlərinə alışıbmı?

- Bura ilk dəfə gələndə şagirdlərə özümü təqdim edəndə çox sevinmişdilər. Ümumiyyətlə, məktəbə yeni müəllim gələndə çox sevinirlər. Kənd adətləri Xınalıqda da özünü göstərir. Bir də görürsüz ki, uşaqlar kənd məhsullarından nəsə gətirir.

 





26.10.2016    çap et  çap et