Vaxt.Az
«İyverən uşaqlıq, ələbaxan gənclik»
Xatirəni çox vaxt dilə gətirmək olmur. İllah da ki uşaqlığı.
Xatirənin dadı olur, hətta qoxusu da olur. O qoxunun ucundan tutub 10 il, bərk dayansan, 20 il uzağa da gedə bilirsən. Bəzən o qoxu bu qədər asanlıqla geriyə apardığı üçün insanı sevindirir. Bəzən də kəskinliyi ilə ürəyinin başını deşir. Bərk loxma kimi onu yemədiyin halda, adama əzab verir.Sumqayıtda doğulub böyüyənlər bilir: müharibədən ən çox əziyyət çəkən yer bu ölkədə Sumqayıtdı. Rus, erməni fəhlələrin güclə qurub abıra saldığı şəhər 92-93–cü ildən etibarən, cəhənnəmi xatırlatmağa başladı. Həyətlərdə uşaq yelləncəkləri, skamyalar, binaların giriş qapıları qaçqınlar tərəfindən bilinməyən səbəblərdən söküldü. Uşaq bağçalarının həyətlərindən yarı kirli mələfələr yellənməyə başlandı. Səhərlər bağçalardan uşaqlar yox, bığıburma kişilər çıxıb mal-heyvan kəsilib satılan bazarlara - işə yollandı...
Bizim məktəbin idman zalı da zəbt edilib qaçqınlar üçün yaşayış məntəqəsinə çevrildi. Şəhərdə konkret ərazilər qaçqınların kurasiyasına verildi. Yaxın keçmişdə tələbə yataqxanası olan yerlərin hamısı qaçqınların məskəninə çevrildi. Konkret olaraq, qaçqın-köçkün həyatı bir xalqın mədəniyyətinə (və ya mədəniyyətsizliyinə) çevrildi.
Yataqxanalardan gələn yemək qoxusunu başqa heç yerdə hiss etmək mümkün deyildi. Və həmin qoxu bütün yataqxanalarda eyniydi. Uşaqlığımızı məhv edən, psixologiyamızı zədələyən bu qoxular yaşaya bilmədiyimiz uşaqlıqla birgə havaya uçurdu. Toyuq–cücə, mal- heyvan səslərinə yuxudan oyanmağa başlayırdıq. Heç bir köklü mədəniyyətə, sahib olmayan gənclər şəhəri yavaş-yavaş qaçqınlar şəhərinə çevrilirdi. Sumqayıt dəyişdirmək gücünə və potensialına malik olmadığı üçün özü dəyişirdi.
Həmin qoxu niyə hər yerdə eyniydi deyə, illərlə düşünmüşəm. Ta ki həmin evlərdə istifadə edilən qidaların köçkünlərin hamısına humanitar yardım kimi verilən eyni yardım paketinin ərzaqlarından ibarət olduğunu bilənə qədər. O qoxu hələ də var. Sumqayıtda hələ də qalır. Uşaqlığımızı buxarlandıran qoxu...
İllər keçdi. Həyat hərəmizi bir yerə sovurdu. Hər şey gözümüzdə dəyişdi. Dəyişməyənsə yardım paketlərinin keyfiyyəti və həmin ərzaqlardan hazırlanan yeməklərin spesifik qoxusu oldu. Bir də yardıma, hər şeyin hazırına, pulsuzuna alışmağımız və ələbaxanlığımız.
Artıq yardımın məbləği, variantı dəyişsə də, insanımızın hazıra “nazir”liyi, kənardan dəstək gözləməyi dəyişməyib. Mütləq kənar qüvvə olmalıdır ki, daşı daş üstə qoya bilək. Xarici fondlar olmasa, biz bir “yol” tapıb iş görə bilmirik. Mütləq bir layihə çərçivəsi olmalıdır ki, iş görək. Təkcə qeyri–hökumət təşkilatları, sadə vətəndaşlar deyil, hətta dövlət orqanları da xarici fondlara və yardımlara dadanıb. Ortalıqda saysız-hesabsız qeyri–hökumət təşkilatı adı altında birbaşa dövlətin nəzarətində olan, dövlətin sifarişlərini yerinə yetirən, arada bir müxalif “takılan”, əslində isə vətəndaş cəmiyyəti anlayışına heç bir dəxli olmayan, yalnız sədrdən ibarət təşkilatlar var. Bu təşkilatlar fondların maliyyəsindən “bəhrələnir”.
Nəticədə beynəlxalq fondların vətəndaş cəmiyyətinin inkişafına ayırdığı maliyyəni havaya sovurur. Vətənpərvərlik, diaspora fəaliyyəti ilə “məşğul olan”, diyar-diyar gəzib “ulusum oy” çəkən, əlində ermənini harda tutsa, boğacağına aid broşüralar insan haqlarından danışan, üstəgəl dünyanın bunu qəbul edəcəyini gözləyən, dünya səviyyəsində avaralanmağa görə maaş alan qeyri-hökumət təşkilatı sədrləri Azərbaycanı dünya miqyasında necə lazımdı, təmsil edirlər.
Ölkə günbəgün dəyişir və inkişaf edir. Əvvəllər maşından tökülən yardım bağlamaları üçün bir-birinin ətini yeyənlər indi yardımın adını “qrant” qoyublar. İndi də bunun üstündə saçyolduya çıxıblar. Yardım paketlərindəki ərzaqlardan hazırlanmış yeməklərin qoxusu necə bir-birinə bənzəyən və iştah küsdürən idisə, qrant pullarıyla candərdi görülən işlər də effektsiz və boşdur.
P.S. “Qrant” anlayışı ölkəyə yeni ayaq açdığı vaxtlarda Milli Məclisin iclasında xanım deputatlardan biri söz istəyir. Müxalifətin Ermənistandan maliyyələşdiyini sübut edən faktlar tapdığını sevincək bəyan edən parlamentari buyurur ki, bu Qrant gördüyünüz kimi, erməni kişisinin adıdır. Daha dəqiqi, soyadıdır. Bu isə ona sübutdur ki, müxalifət Ermənistandan maliyyələşir.
10.04.2012 çap et