BakiPost.az-a daxil olan məlumata görə, Foruma dəvət olunan «iş adamları»nın bəziləri Azərbaycanın səfirliklərinə müraciət edərək, biletə ödədikləri pulu geri istəyiblər. Həmin şəxslər kiminsə məsuliyyətsizliyi ucbatından pul itirdiklərini, biletləri isə geri qaytara bilmədiklərini söyləyiblər.
Təkcə bu fakt Forumun təxirə salınmasının səbəbləriylə bağlı yayılan bəzi informasiyaları təsdiqləyir. Belə ki, Forumun təxirə düşməsinin bir səbəbi kimi tədbirə Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinə yaxın şəxslərin «iş adamı» adıyla cəlb edilməsi göstərilirdi. Əlbəttə hansısa ciddi iş adamının bilet puluna görə səfirlik qapısı döyməsi ağıla batan deyil. Deməli, onlar sadəcə Komitənin Prezident Aparatına təqdim etdiyi sənəddə «iş adamlarıdır».
Elə bu da Foruma daha çox komitə rəhbərliyinə yaxın iş adamlarının dəvətli olmasının hakimiyyəti ciddi narazı salmağıyla bağlı yayılan informasiyaların heç də şayiə olmadığını göstərir. Təsdiqləyir ki, doğrudan da «yuxarıda» Dünya Azərbaycanlı İş Adamları Birliyi adı altında müəyyən adamların iqtisadi maraqlarının təmin ediləcəyi şübhəsi yaranıb. Bu səbəblərdən də tədbirin təxirə salınmasına və formatında dəyişiklik edilməsinə qərar verilib. Yəni N. İbrahimov Prezident qarşısında götürdüyü öhdəliyi formal olaraq həyata keçirmək istəyib; komitə rəhbərliyinə qurduğu tamaşanın sadəcə anşlaqla keçməsi lazım imiş. Buna görə də, hətta bilet pulu da kassasına ağır gələn şəxsləri Azərbaycanın iqtisadiyyatına yatırım edə bilən, böyük iş adamları kimi sırımağa çalışıblar.
Xatırlatmaq yerinə düşər ki, belə bir formatda forumun təşkil edilməsini bu ilin iyununda Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayındakı çıxışında prezident İlham Əliyev tövsiyə etmişdi. Prezident qurultaydakı çıxışında xaricdə yaşayan azərbaycanlı iş adamlarına müraciət edərək, onları ölkənin kənd təsərrüfatı, sənaye, turizm, yüksək texnologiyalar sektorlarına, xüsusilə iqtisadiyyatın real sektoruna sərmayə qoymağa çağırmışdı.
Diaspor Komitəsi daha çox iqtisadi sferaya aid olan belə bir forumun təşkilatçılığını tərəddüd etmədən üzərinə götürmüşdü. Bundan sonra Prezident Administrasiyasının rəhbəri iyunun 27-də xaricdə yaşayan azərbaycanlı iş adamlarının ölkəmizə sərmayə qoymasının təşviqi, habelə onların diaspor quruculuğu işinə daha geniş cəlb olunması məqsədilə 2016-cı ilin son rübündə belə bir forumun keçirilməsinə sərəncam verib.
Amma foruma 10 gün qalmış Diaspor Komitəsi gözlənilmədən tədbirin keçirilməyəcəyini bəyan etdi.
Tədbirin hansı səbəblərdən baş tutmamasından asılı olmayaraq, bu cür qərar verilməsi hakimiyyətin Diaspora Komitəsinin fəaliyyətindən narazı olduğunu göstərir. Elə buna görə də, Nazim İbrahimov nə qədər yaxşı kadr, uğurlu siyasətçi hesab olunsa da, onun görəvdən alınması barədə informasiyalar dolaşmağa başlayıb.
Qeyd edək ki, oktyabrın 28-də Bakıda keçirilməsi nəzərdə tutulan Dünya Azərbaycanlı İş Adamlarının Forumu təxirə düşüb.
Diasporla İş Üzrə Dövlət Komitəsinin tədbirin təxirə salınmasıyla bağlı rəsmi məlumatında isə deyilir: «Dünya Azərbaycanlı İş Adamlarının I Forumunun keçirilməsi ilə bağlı rəsmi məlumatın yayılmasından sonra dünyanın bir çox ölkələrindən Təşkilat Komitəsinə çoxsaylı müraciətlər daxil olub. Müraciətlərdə müxtəlif ölkələrdə sahibkarlıq fəaliyyətilə məşğul olan soydaşlarımız tərəfindən forumun proqramı, müzakirə olunacaq məsələlər, qəbul olunacaq sənədlərlə əlaqədar xeyli sayda ideya və təkliflər irəli sürülüb. Təşkilat Komitəsi daxil olmuş müraciət və təklifləri diqqətlə araşdırıb və tədbirin daha geniş tərkibdə, həmçinin fərqli formatda keçirilməsini məqbul sayıb. Qeyd edilənlərlə əlaqədar, Təşkilat Komitəsi 2016-cı il oktyabr ayının 28-29-da Bakı şəhərində keçirilməsi nəzərdə tutulmuş Dünya Azərbaycanlı İş Adamlarının I Forumunun daha münasib bir vaxtda keçirilməsini məqsədəuyğun hesab edib».