Vaxt.Az

...İƏT Əmək Mərkəzinin mənzil-qərargahı Bakıda olacaq


 

Nizamnaməyə əsasən...

...İƏT Əmək Mərkəzinin mənzil-qərargahı Bakıda olacaq İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının oktyabrın 18-19-da Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilmiş 43-cü sessiyasında mənzil-qərargahı Bakı şəhərində yerləşəcək İƏT Əmək Mərkəzinin Nizamnaməsi təsdiq edilib.

Bu barədə Xarici İşlər Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə mətbuat açıqlamasında bildirilir.

Bu mərkəzin yaradılması barədə təklif İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin 2013-cü ilin 25-26 aprel tarixlərində Bakı şəhərində keçirilmiş ikinci konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülüb. Həmin tədbirdə dövlət başçısı Azərbaycanda işsizliyin aradan qaldırılması istiqamətində aparılan islahatlar və qazanılan uğurlu təcrübənin digər dövlətlər üçün maraqlı olacağını qeyd edib, İƏT-in Bakıda belə bir qurumunun yaradılmasının Təşkilata üzv dövlətlər arasında birliyi daha da möhkəmləndirə biləcəyini vurğulayıb. Təklif konfrans iştirakçıları tərəfindən yüksək dəyərləndirilib və yekdilliklə dəstəklənib.

Sonrakı dövrdə Əmək Mərkəzinin Konsepsiya Sənədi və Nizamnamə layihəsi hazırlanaraq baxılması üçün üzv dövlətlərə təqdim edilib. İƏT-in Əmək məsələləri üzrə Rəhbər Komitəsinin 2014-cü ilin iyun ayında Bakı şəhərində təşkil olunmuş iclasında Əmək Mərkəzi ilə bağlı sənədlərin layihəsi iştirakçı dövlətlərin və İƏT qurumlarının nümayəndələri ilə müzakirə edilib.

Bu tədbirin ardınca 2014-cü ilin iyunun 18-19-da İƏT Xarici İşlər Nazirləri Şurasının Ciddə şəhərində keçirilmiş 41-ci sessiyasında qəbul olunmuş iqtisadi məsələlər üzrə Qətnamədə İƏT-ə üzv ölkələr arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsində Azərbaycanın fəallığı qeyd olunub, Azərbaycan Prezidenti İlham Əliyevin İƏT-in Bakı şəhərində Əmək Mərkəzinin yaradılması təklifi bir daha alqışlanaraq, bu sahədə Azərbaycanın apardığı səylərə dəstək ifadə olunub.

İƏT əmək nazirlərinin 2015-ci ilin 28-30 oktyabr tarixlərində Cakarta şəhərində keçirilmiş üçüncü konfransında isə Əmək Mərkəzinin Nizamnaməsinin layihəsi nəzərdən keçirilərək bəyənilib və təsdiq olunması üçün İƏT Xarici İşlər Nazirləri Şurasının 43-cü Sessiyasına təqdim olunmasına dair qərar qəbul edilib.

Nizamnaməyə əsasən İƏT Əmək Mərkəzinin mənzil-qərargahı Bakı şəhərində yerləşəcək. Nizamnamə 10 üzv dövlət tərəfindən ratifikasiya edildikdən sonra yekun qüvvəyə minəcək. İƏT-in ixtisaslaşmış qurumu olacaq mərkəzin əsas məqsədi əmək, məşğulluq, sosial müdafiə və insan kapitalının inkişafı sahəsində üzv dövlətlərin səylərinin birləşdirilməsi, üzv dövlətlərin müvafiq qurumlarının və digər aidiyyəti İƏT təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi, üzv dövlətlərdə əmək şəraitinin yaxşılaşdırılması, sosial tərəfdaşlığın gücləndirilməsi, layiqli əməyin tətbiqi, məşğulluq imkanlarının genişləndirilməsi və dayanıqlı sosial müdafiə sisteminin formalaşdırılmasını təşviq etməkdən ibarətdir.

Qeyd edilən mərkəzin Bakı şəhərində yerləşməsi Azərbaycan və İƏT arasında davamlı əsasda və hərtərəfli genişlənən əməkdaşlığın və təşkilat daxilində ölkəmizin nüfuzunun göstəricisi olmaqla yanaşı, əmək, məşğulluq və sosial müdafiə kimi sahələrdə Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlərin İƏT tərəfindən yüksək qiymətləndirilməsinin təzahürüdür.

İƏT Əmək Mərkəzinin yaradılması üzv dövlətlər arasında birliyin və həmrəyliyin daha da möhkəmlənməsinə, əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığın stimullaşdırılmasına və daha sistemli şəkildə təşkil olunmasına öz töhfəsini verəcək.

 





26.10.2016    çap et  çap et