Vaxt.Az

Türkiyə, çevriliş və nəticə


 

Dünyada hansı ölkə çevriliş ilə demokratiya əldə edib?

Türkiyə, çevriliş və nəticə Bu çevriliş Türkiyənin öz məhsulu deyildir. Xalq onu xarici məhsul sanırdı. Türkiyənin bütün partiyaları birmənalı olaraq bu çevrilişi qınadılar. Saxta çevriliş olsaydı müxalifət Ərdoğana qarşı susmazdı.

Türkiyənin zəifləməsi bizim və Türk dünyasının zəifləməsi deməkdir. Buna görə biz öz mənfəətlərimizi düşünüb Türkiyə hakimiyyətini dəstəkləməliyik.

Bütün dünya, habelə Türk ziyalılarının əksəriyyəti çevrilişi lənətlədilər. Onlarla Ərdoğanın daxili döyüşləri çevrilişin xaricində olan məsələdir.

Bu çevriliş Ərdoğanın oyunudur deyənlər yanlış düşünürlər. Heç bir siyasi şəxs milli mənfəətləri təhlükəyə atmaz. Çevrilişə cəhd edənlərin buraxdığı səhvləri Ərdoğanın ünvanına yazmaq səhvdir. Ərdoğanın çevriliş edənlərin yanlışından qidalandığını düşünənlərdən soruşuram - hansı siyasi şəxsiyyət belə bir fürsəti dəyərləndirməzdi?!

Mən dini radikalizmə doğru gedən Türkiyə ilə müxalifəm və əminəm ki, Türkiyənin təməlləri belə bir perspektivə qarşıdır. İran yazarlarının bəzisinə bir sualım var: Siz demokratik Türkiyəni aramaqdan öncə özünüzü və xalqınızı dini radikalizmin əlindən qurtara bilibsinizmi?

Bəzi dünya yazarları «Türkiyə dini radikalizmə qalib gəlmək fürsətini qaçırdı» yazıblar. Onlardan sual edirəm: Avropada, ya dünyada hansı ölkə çevriliş ilə demokratiya əldə etmişdir? Demokratiyanın yolu çevrilişdən keçirmi və nədən bu yazarlar öz ölkələrinə çevriliş adlı dərmanı içirtmirlər?

Türkiyədə çevriliş baş tutsa, Türkiyənin parçalanmasına səbəb olacaq. Daxildə vətəndaş müharibəsi təhlükəsi yaranacaq. Şiddət və ayrımçılığa yol açılacaq. Türkiyənin zəifləməsi Azərbaycanın zəifləməsinə səbəb olacaq. Kürd və erməni separatçılar güclənəcək.

Çevriliş nəticəsində 161 nəfər şəhid oldu. Ortadoğuda bu şəhidlərin yerinə, bəzi yazarlar və hakimiyyət təmsilçiləri çevrilişdə ölən əsgərlərə gözyaşı tökürlər. Onlar əslində öz ordularına qarşı millətin üsyanından qorxduqları üçün bu işi görürlər.

Məncə siyasətçilərlə fanidirlər, amma Türkiyə ilə demokratiya ayaq üstə yaşamalıdır. Ona görə də, xalq Ərdoğanı deyil Türkiyəni xilas etdi.

 





27.10.2016    çap et  çap et