Vaxt.Az
«Polad Ələmdar yaxşı oğlan deyil»
Başlanğıc pis oldu. Bizim tamaşaçıların baxdığı ilk serial yaşıdlarımdan çoxunun yadına gəlməz. Varlı evin oğlunu yoldan çıxaran İzaura adında qızdan bəhs edirdi. Serialın adı isə “Kölə İzaura“ idi.
Seriallar – aşağı təbəqə üçün nəzərdə tutulmuş kütləvi efir məhsuludur.
Günü əyləncələrdə keçən təbəqənin həyatını rəngləndirmək üçün seriala baxmağına ehtiyac yoxdur. Evdən–işə, işdən–evə tələsən, gündəlik məişət qayğılarından təngə gəlmiş insanlar bir saatlıq problemlərdən qopub özlərini seriala qapdırıb psixoloji terapiya alır.
Seriallar mövzuca əvvəllər ancaq sevgidən, yaxşı həyatın təbiliğindən, mədəni, bir-birinə aşiq qadın və kişilərdən bəhs edirdi. Onlar kütlənin düşüncəsini, geyimini idarə edirdi. Latın Amerikası serialları uzun müddət əxlaqsızlıqla ittiham olunsalar da, bu serialların cəmiyyətdə dəhşətli deqradasiyasını heç kim hiss etmədi. Sadə camaat günlərlə Viktoriya və Xulionun küsüb barışmağına sevinib kədərlənirdi. Serial isə ən çox qadın bərbərlərinə yaradı. Bu da o səbəbdən idi ki, əksər qadınların saçı yaraşdı-yaraşmadı refleyə boyandı. Daha o, seriala baxıb özünü asan, damarını doğrayan, ağlamaqdan evdəkilərin gününü göy əskiyə düyünləyən yox idi. Ta o vaxta qədər ki, türk serialları qapımızı döymədən evimizə soxuldu.
Kişilər üçün nəzərdə tutulmuş “cizgi filmi” “Kurtlar Vadisi” boyu 150 sm-lik Polad Ələmdarın hikkəsindən, bütün dünyaya muharibə elan etməsindən ibarətdir. Paltosu çiynində maqandalığın simvolu Polad Ələmdar silahını kimə gəldi tuşlayır. Hələ onun yemək yediyini, tualetə getdiyini görən olmayıb. Adam o qədər bədniyyətdir ki, yaxınından keçdiyi bütün qadınları ya diri-diri yandırırlar, ya da torpağa gömürlər. İllərdi gedən serialda biri bu adamdan soruşmur ki, dünyayla dərdin nədir?
Onsuzda içində aqresiya olan türk kişisi üçün “Kurtlar Vadisi“ göydən düşmədir. Serialın yeganə məqsədi, terror, insan ölümünü ucuzlaşdırmaq, silahı, dərəbəyliyi, reketçiliyi təblig etməkdir.
Sıradan köşə yazarının sıradan bir tənqidinə dözməyən Erdoğan hökuməti hələ də iddia edir ki, bu seriala heç bir maddi dəstək vermir. Bu isə ağ yalandır. Terrorla mübarizə ilə bağlı cümləsi olan hər yazarın məhkəmədə müttəhim kürsüsünə çıxdığı Türkiyədə doğurdanmı bu serial yalnız tamaşaçı istəyi ilə efirə çıxır?
İllərdir Fətullah Gülənin hədəfi olan türk ordusu serialda aşağılanır. Hərbçi qüruru ilə bütün dünyaya örnək olan türk əsgəri terrorçu, qaniçən kimi qələmə verilir.
Serialda başqa detala nəzər yetirək. Tamaşaçıda elə bir fikir oyanır ki, ölkədəki terror, narkobiznesə, insan ölümünə, əxlaqsızlığa yeganə səbəb etniklərdir. Laz Ziyanın arvadını xəyanətə görə intihara məcbur etməsi, özünün mafioz olması buna sübutdur. Lazların ailə törələrindən xəbəri olanlar bilir ki, laz qadını əsla xəyanət edəcək tipaj deyil. Həmin intihara məcburiyyətdən sonra Mersində bir kişi əkin sahəsindən işdən gəlib duş qəbul edən arvadını xəyanətdə suçlayıb intihara məcbur etmişdi. Belə nümunələr çoxdur. Serialda türk generalı kimi təsvir olunan, prototip hesab edilən, 150 sm-lik boyu olan Polad Ələmdarın boş vaxtlarında qapazaltı elədiyi İsgəndər Böyükün intihara məcbur edildiyi səhnədən sonra 12 yaşlı bacı-qardaş bir–birlərinə kömək edib intihar etmişdilər.
Hər dövrün tələbinə görə seriallar, filmlər çəkilib efirə verilir. Daha doğrusu, ineksiya yolu ilə damarlara yeridilir. Bundan ən böyük zərbəni isə gənc nəsil alır. Kitab oxumağa vaxt tapmayan gənclik serialların birini də ötürmür. Ən çox türk seriallarını izləyən əhali isə get-gedə bədbinləşir, aqresivləşir.
Nurçuların təbliğat makinası olan STV-dən həmişə göz yaşı tökülür. Günün istənilən saatında pultda STV-nin işarələndiyi düyməni basın. Ya oğlan tərəfindən aldadılmış, hamilə qalmış ağlayan qızcığaz görəcəksiniz, ya da oğlu, qızı tərəfindən küçəyə atılmış yaşlı valideyn, ögey anası və ya atası tərəfindən döyülən, ac saxlanılan körpələrin ah-vayını. Kanalda bu tipli seriallarda varlıların zalım, qaniçən, əxlaqsız olduğu təbliğ olunur. Kasıblar isə son tikəsini başqaları ilə bölən alicənab insanlar kimi təsvir edilir.
Məqsəd nədir?
Tarixə qayıdaq. Hitler alman xalqında xoş əhval-ruhiyyə, döyüşkənlik əzmi yaratmaq üçün yalnız şən mahnıların yazılmasına əmr vermişdi. Efirdən eşidilən hər şey sadə insanlar üçün qanundur. Sadə insanları efirlə idarə etmək çox asandır. STV-nin ağlaşmasının da səbəbi hamıya məlumdur. Körpə qızların başlarını örtüb ipək yaylıq biznesi quran hakimiyyətin işi-gücü xalqı vahimədə saxlamaqdır. Bu isə Türkiyənin şəxsi, daxili məsələsidir.
Azərbaycan Türkiyənin vilayəti deyil ki, bu təbliğatın içində əriyib məhv olsun. Sosial psixoloqların çaldığı həyəcan təbilinə cavab verməyin vaxtı çatıb. Serial nə qədər incəsənətin, kinonun ən çox zəhmət, pul sərf etdiyi sahəsi də olsa, bu gəncliyin məhvinə hesablanıbsa çıxış yolu həmin serialın baxışını dayandırmaqdır. Bu fikir kimlər üçünsə 21-ci əsrdə həddən artıq bolşevikcəsinə səslənə bilər. Kanalın yayımlanmasını və ya məqsədi insanların həyatlarını gənckən yarıda kəsməyə hesablanmış serialların dayandırılmasını kəsmək o vaxt dəhşətli görünərdi ki, əhalinin təhsil səviyyəsi, dünya görüşü, siyasi bilikləri müəyyən həddə var olsun. Ancaq biz “Kurtlar Vadisi”nə baxan təbəqəyə heç vaxt sübut edə bilmərik ki, Polad Ələmdar pis oğlandır. Və ya STV-də ağlayanlar nurçu təriqətini təbliğ edən kitablara, seriallara milyonlar xərcləyən zümrədir. Pisə qarşı qoyacaq əlimizdə yaxşı yoxdursa, həmin pisin qarşısını almaq üçün nəsə etməliyik.
Necə ki, “Muhteşem Yüz Yıl” serialında Azərbaycanı Osmanlı dövlətinin vilayəti, Şah İsmayılı isə müvəqqəti təyin edilmiş vali kimi qələmə verdikləri zaman bu tarixi saxtalaşdırmanı dayandıra bilmədik. Və ya buna əsaslı cavab verə bilmədik. Həmin seriala qarşı çıxanlara isə təklif belə idi ki, əksini subut etmək üçün serial çəkin. Bizdə isə 15 dəqiqəlik tarixi səhnə çəkə biləcək nə texniki vəsait var, nə də ki tarixi rol ifa edəcək qədər istedadlı aktyor…
Nəticədə isə bizə susub Rəşad Məcidin Hürrəm Sultan haqqında gözyaşardıcı sevgi etirafını oxumaq qaldı.
P.S. “Avropadan bizə ancaq pis vərdişlər gəlir” iddiası ilə baş beynimizi xarab edən kəsimə: evimizə soxulan, uşaqlarımızın gələcəyi ilə oynayan türk serialları qədər bizə zərbə vuran ikinci nəsnə yoxdur.
03.10.2013 çap et