Vaxt.Az

«Mənbici kürd silahlılarından təmizləyəcəyik»


 

Ərdoğan: «Hələblə bağlı bir problemimiz yoxdur, lakin etirazlarımız var»

«Mənbici kürd silahlılarından təmizləyəcəyik» Suriyanın Mənbic şəhərini kürd PYD silahlılarından təmizləyəcəyik, Türkiyə respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

«Bəziləri Azad Suriya Ordusu və Türkiyəni Əl Babdan kənar tutmağa çalışır. Biz İŞİD, PYD-YPG terror təşkilatları ilə mübarizəmizi davam etdirəcəyik. Qısa bir vaxtda Mənbici PYD terror təşkilatından təmizləmək niyyətindəyik. Ya gedəcəklər, ya da getməyəcəkləri təqdirdə lazım olanı edəcəyik», Prezident Sarayında çıxış edən cənab Ərdoğan deyib.

Türkiyə prezidenti Cərəblusdan sonra Dabıkı ələ keçirdiklərini, indi isə Əl Baba doğru irəlilədiklərini deyib. «İndi isə Əl Babdan Mənbicə doğru gedəcəyik», o bildirib.

«Hələblə bağlı bir problemimiz yoxdur, lakin etirazlarımız var. Cənab Putinlə danışdım. Hələb camaatı dincliyə qovuşmalıdır. Hələb hələblilərindir».

Lozanna müqaviləsi ilə bağlı şərh verən Türkiyə prezidenti, İraq torpaqlarının ələ keçirilməsi ilə bağlı şərhlərə cavabında, «Bizim heç bir ölkənin ərazilərində gözümüz yoxdur» deyib.

«Bu ölkələrdə (İraq və Suriya) yaşayan qardaşlarımızı etnik və məzhəb əsaslı yeni münaqişələrə cəlb etmək istəyənlərə qarşıyıq», cənab Ərdoğan əlavə edib.

Xarici işlər naziri Mövlud Çavuşoğlu isə Suriyadakı «Fərat qalxanı» əməliyyatı çərçivəsində özünü İraq-Şam İslam Dövləti (İŞİD) adlandıran qruplaşmaya qarşı vuruşan üsyançılara hava zərbələrinin edilməsindən sonra əməliyyatın Əl Bab şəhərinin ələ keçməsinə qədər davam edəcəyini bildirib.

«Suriya rejimi İŞİD-lə mübarizə aparan qüvvələrə qarşı zərbələr endirir. Rejim və onu dəstəkləyənlərin gündəliyində nəyin olduğunu açıq görürük», cənab Çavuşoğlu deyib.

Rəsmi Dəməşq hələ də hadisə ilə bağlı açıqlama verməyib.

Türkiyənin dəstəklədiyi üsyançı qruplar Əl Rayın İŞİD-dən alınmasından sonra Əl Baba doğru irəliləməyə başlayıb.

Prezident Rəcəb Tayyib Ərdoğan «Fərat qalxanı» əməliyyatının Əl Baba qədər genişlənməsinin vacib olduğunu və Türkiyənin sərhəd təhlükəsizliyi üçün bu irəliləmənin böyük önəm daşıdığını bildirib.

 





27.10.2016    çap et  çap et