Vaxt.Az

«Yalnız Azərbaycanın qoyduğu şərtlər daxilində...»


 

«Qanunlarımızı qəbul edən qalıb bu torpaqda yaşayacaq»

«Yalnız Azərbaycanın qoyduğu şərtlər daxilində...» «Dağlıq Qarabağın statusu yalnız Azərbaycanın qoyduğu şərtlər daxilində həllini tapa bilər». Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsindən deputat Elman Məmmədov belə deyib.

Ötən həftə «Rossiya seqodnya» informasiya agentliyinə müsahibə verən prezident İlham Əliyev Azərbaycanın Dağlıq Qarabağa müstəqillik verməyəcəyini vurğulayıb: «Lakin ağlabatan kompromis mümkündür: Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin təmin edilməsi, Azərbaycan tərəfindən investisiya layihələrinin həyata keçirilməsi, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənardakı ərazilərin azad edilməsi şərti ilə iki xalq arasında dinc qarşılıqlı fəaliyyət. Bu, bizim hazırda üzərində işlədiyimiz və vasitəçilərin irəli sürdüyü təkliflərlə həmahəngdir.

Azərbaycanın ərazi bütövlüyü məsələsində kompromis ola bilməz, lakin yerli özünüidarə, Dağlıq Qarabağın özünüidarəsi məsələlərinə dair kompromis ola bilər. Əgər razılığa gəlsək, bu, gələcəkdə muxtar respublika ola bilər».

Deputat Elman Məmmədov qeyd edib ki, Dağlıq Qarabağın statusu məsələsi sülh danışıqlarının əsas məqamlarından biri kimi hər zaman gündəmdədir: «Bu məsələdə Azərbaycan xalqının mövqeyi və iradəsi birmənalıdır. İlk növbədə Ermənistan öz işğalçı qoşunlarını Azərbaycan ərazisindən tamamilə çıxarmalı, ərazi bütövlüyümüz təmin olunmalıdır. Hansı sərhədlərlə Birləşmiş Millətlər Təşkilatına qəbul olunmuşuqsa, həmin durum bərpa edilməlidir. Ermənilərin didərgin saldığı bütün insanlar öz doğma yurd-yuvalarına dönməlidir.

Yalnız bu halda Dağlıq Qarabağa muxtar vilayət, lap elə prezident İlham Əliyevin qeyd etdiyi kimi muxtar respublika statusu verilə bilər. Azərbaycanın tabeliyində, bizim konstitusiyamız və qanunlarımız çərçivəsində!

Ermənilər daim status söhbəti ilə beynəlxalq ictimaiyyəti çaşqın salırlar. 1991-ci ildə cinayətkar qurum olan «Dağlıq Qarabağ respublikası» yaradıblar və onun tanınmasına iddia edirlər. Bu, erməni məkrinin təcəssümüdür. Məqsəd Dağlıq Qarabağı müstəqil respublika kimi tanıtmaq, bir müddət sonra isə onu Ermənistanın tərkibinə qatmaqdır.

Ermənilər 20-ci əsrin əvvəllərində də Qarabağda saxta respublika qurmuşdular. Həmin illərdə Dağlıq Qarabağa muxtariyyət verildi. O vaxtdan niyyət mümkün tarixi şərait yarananda Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirməkdir. Amma Azərbaycan bu plana imkan verməyəcək. Ərazilərimizə nəzarəti müvəqqəti itirmişik. Azərbaycan öz torpağını işğaldan azad edəcək, qanunlarımızı qəbul edən qalıb bu torpaqda yaşayacaq, bunu istəməyən ölkəni tərk etməli olacaq».

Dağlıq Qarabağ 1923-cü il iyulun 7-dən 1991-ci il noyabrın 26-dək Azərbaycanın tərkibində muxtar vilayət olub. 1981-ci il iyunun 16-da qəbul olunmuş «Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında» qanuna görə, Dağlıq Qarabağ Muxtar Vilayətində Əsgəran, Hadrut, Mardakert, Martuni, Şuşa rayonları və vilayət tabeli Stepanakert şəhəri vardı.

Muxtar vilayətin ərazisi Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin razılığı olmadan dəyişdirilə bilməzdi. İnzibati ərazi quruluşu məsələləri muxtar vilayətin müvafiq dövlət orqanlarının rəyi nəzərə alınmaqla həll edilib.

Dağlıq Qarabağ Muxtar Vilayətində dövlət hakimiyyəti orqanı Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Soveti olub. Qanunla Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinə 22 səlahiyyət, o cümlədən büdcə-maliyyə işi sahəsində, qiymətlər sahəsində, müdafiə işi sahəsində, seçkilərin təşkili sahəsində, dövlət mükafatları ilə təltif sahəsində səlahiyyətlər verilib.

Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Soveti Dağlıq Qarabağ Muxtar Vilayətinin vilayət məhkəməsini seçib, Dağlıq Qarabağ Muxtar Vilayəti prokurorunu SSRİ-nin baş prokuroru təyin edib.

Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması ilə məşğul olan ATƏT-in Minsk Qrupu indiyədək Dağlıq Qarabağın statusu ilə bağlı iki təklif veriblər. 1997-ci ilin iyulunda təklif olunmuş sülh sazişində Dağlıq Qarabağ Azərbaycanın tərkibində dövlət və ərazi qurumu kimi göstərilib. 1998-ci ilin noyabrında təklif olunmuş sülh sazişində isə Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində respublika formasında təqdim olunub.

1997-ci il variantına görə, Dağlıq Qarabağın referendumda Dağlıq Qarabağ sakinlərinin qəbul edəcəyi öz konstitusiyası olmalı, Azərbaycanın qanunları, qaydaları və icra qərarları Dağlıq Qarabağın Konstitusiyası və qanunlarına zidd gəlmədiyi halda Dağlıq Qarabağ ərazisində qüvvədə sayılmalı idi.

Həmin variant Dağlıq Qarabağa milli qvardiya və polis qüvvələri saxlamaq, iqtisadi, elmi, humanitar sahələrdə birbaşa xarici əlaqələr yaratmaq hüququ verilməsini nəzərdə tutub.

1999-cu ildəki variantına əsasən, Dağlıq Qarabağ respublika formasında dövlət və ərazi qurumu olmalı, Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində onunla ümumi dövlət yaratmalı idi.

Hazırda Dağlıq Qarabağ danışıqları 2007-ci ilin noyabr ayında həmsədrlərin Madriddə Azərbaycan və Ermənistana təqdim etdiyi baza prinsipləri üzrə aparılır. Madrid sənədi öncə Dağlıq Qarabağın statusunun həmin bölgədə keçiriləcək referendumda müəyyənləşməsini nəzərdə tutur.

 





27.10.2016    çap et  çap et