Vaxt.Az

«Spekulyasiya etməyəcəyik»


 

EBRD-nin Azərbaycana borc verdiyi pullar nədən asılıdır?

«Spekulyasiya etməyəcəyik» Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) deyir ki, Azərbaycanın bu qurumdan aldığı borcun taleyi ölkənin EITI-dakı statusundan da asılıdır.

EBRD Azərbaycanın EITI-dakı üzvlüyünü «diqqətlə izləyir və biz bununla bağlı həm Azərbaycan hökuməti, həm də EITI ilə əlaqədəyik», EBRD-dən Anton Usov deyib.

Ötən il Azərbaycanın da iştirak etdiyi Cənub Qaz Dəhlizi layihəsinin bir qisminə pul ayıran EBRD deyir ki, Azərbaycanda fəaliyyət göstərdiyi təxminən 23 il ərzində Azərbaycana 2,5 milyard avro borc verilib, cənab Usov bildirib.

«EBRD adi bir bank deyil, bizim yaratma prinsiplərimizin 1-ci maddəsində deyilir ki, yalnız demokratik prinsiplərə əməl edən ölkələrdə fəaliyyət göstərə bilərik», o deyir. «Azərbaycanda burada bəzi narahatlıq doğuran cəhətlər var və biz vəziyyəti izləməkdə davam edirik».

Lakin Azərbaycanın EITI-da siyahıdan çıxarılacağı təqdirdə, EBRD rəsmisi fərziyyə etməkdən çəkinib.

«Biz spekulyasiya etməyəcəyik, çünki bu qərar verilə də bilər, verilməyə də bilər. Dediyim kimi, biz vəziyyəti izləyirik və [qərar veriləndən sonra] fikrimizi bildirməyə hazır olacağıq».

Çərşənbə günü Qazaxıstan paytaxtı Astanada keçirilən müzakirələr zamanı EITI Azərbaycanın bu qurumda statusu barədə qərar verib.

Növbəti dörd ay ərzində Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyəti yaxşılaşmasa, EITI (Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü) Azərbaycanın təşəbbüsdəki statusunu dayandıra bilər, EITI-ın Siyasət və Region üzrə Direktoru Dyveke Rogan BBC Azərbaycancaya deyib.

Azərbaycanın vəziyyəti yaxşılaşdırmayacağı təqdirdə, EBRD-nin ölkəyə ayırdığı krediti dayandıra biləcəyinə dair ehtimallar var.

Anton Usovun sözlərinə görə, Azərbaycan demokratik dəyərlər və yaxud da ətraf-mühit barədə tələblərə cavab verməsə, EBRD pul yatırdığı layihəyə yenidən baxa bilər. «Biz ödənişləri nəzərdən keçirə bilərik və yaxud da vəziyyət aydınlaşana qədər ödənişləri dayandıra bilərik».

EBRD Cənub Qaz Dəhlizinin bir qismini maliyyələşdirir.

Dəhlizin ümumi dəyərinin $960 milyon olduğu deyilir.

 





27.10.2016    çap et  çap et