Vaxt.Az

Plastik əməliyyat etdirənlərə tövsiyələr


 

Əməliyyata girməzdən əvvəl nələri etmək vacibdir?

Plastik əməliyyat etdirənlərə tövsiyələr Mətbuatda uğursuz plastik cərrahiyyə əməliyyatları barədə bir neçə xəbərlər yayıldıqdan sonra İngiltərə Kral Cərrahlar Kollegiyası belə əməliyyatları etdirmək istəyənlər üçün öz tövsiyələrini dərc edib.

Kollegiyanın saytında verilmiş bir sıra sınayıcı suallara cavab verməklə potensial müştərilər şarlatan həkimləri və ya şübhəli cərrahiyyə təkliflərini müəyyən edə bilərlər.

Ayrıca, ekspertlər məsləhət görürlər ki, seçdiyiniz cərrahın lisenziyasının və sığortasının olub-olmadığını yoxlayasınız. Burada həm də əməliyyatdan sonra bərpa prosesinin necə getməli olduğu təsvir edilir.

Təbiblər habelə plastik cərrahiyyənin imkanlarına realist yanaşmanızı məsləhət görürlər.

2012-ci ildə Durham qraflığından olan 48 yaşlı Don Night özəl klinikada uğursuz blefaroplastika, adi dillə deyilsə göz qapaqlarının korreksiyası əməliyyatı etdirmişdi. Bu əməliyyat zamanı üst və alt göz qapaqlarından artıq dəri və ya piy çıxarılır.

Lakin əməliyyatı aparan cərrah lazım olduğundan artıq dərini çıxarmış, nəticədə Donda oftalmoloji patologiya - laqoftalm yaranmışdı. Başqa sözlərlə onun göz qapaqları bağlanmırdı və nəticədə gözləri zəifləməyə başlamışdı.

Bundan sonra o, cərrah səhvinin düzəldilməsi üçün bu dəfə dövlət səhiyyə sisteminin (NHS) pulsuz klinikasında başqa bir əməliyyatdan keçməli olmuşdu.

BBC proqramına müsahibəsində dediyinə görə o, hətta bu korreksiya əməliyyatından sonra da gecələr gözlərini yapışqanlı lentlə bağlayır və zəngli saatla hər iki saatdan bir yuxudan qalxır ki, gözlərinə dərman damcıları töksün.

«Bu, heç vaxt sona çatmayan bir dəhşətdir və mən vəziyyəti düzəltmək üçün sərf etdiyim vaxta heyfsilənirəm, - deyib Don Night, - Mənim heç ağlıma da gəlməzdi ki, seçdiyim həkimin Britaniyada işləmək üçün lisenziyası olmasın. Daha doğrusu o, necə deyərlər, «azad sənətkar» olsun».

«Adamlar belə əməliyyatlarla bağlı riskləri bilməlidirlər. Bir çoxları belə prosedurlar üçün tibb təhsilinin tələb edildiyinə arxayın olaraq özlərini riskə atırlar və onları asanlıqla aldatmaq mümkün olur» - deyir qadın.

Təkcə 2015-ci ildə Britaniyada 51 min kosmetik cərrahiyyə əməliyyatı aparılıb.

Səhiyyə Nazirliyi 2012-ci ildə döş implantları ilə bağlı qalmaqallar baş verdikdən sonra özünün internet resursunu işə salıb. Məlum olub ki, on minlərlə britaniyalı qadına fransız firmasının yararsız silikon implantları köçürülüb. Bu implantlarda ucuz və qeyri-tibbi silikon vardı və imlantlar asanlqıla dağıla bilərdi.

«Cərrahiyyə əməliyyatına razılıq verərkən təzyiqə boyun əyməyin və tələskənliyə yol verməyin. Sizi korreksiya əməliyyatının zəruriliyinə inandırmağa çalışan cərrahlara və tibb personalına ehtiyatla yanaşın» - deyilir saytda.


Əməliyyata girməzdən əvvəl nələri etmək lazımdır:

İngiltərə Kral Cərrahlar Kollegiyasının vitse-prezidenti Steven Cannon deyir ki, üzün plastik cərrahiyyə əməliyyatını etdirmək istəyənlər əməliyyata girməzdən əvvəl məsələni diqqətlə araşdırmalı və hər şeyi yaxşıca ölçüb-biçməlidirlər.

«Plastik cərrahiyyə əməliyyatlarının çoxu özəl sektorda edilir və çoxları başa düşmürlər ki, cərrah olub-olmamasından asılı olmayaraq hər hansi bir həkim, əlavə hazırlıq kursu keçmədən də kosmetik əməliyyat apara bilər - deyir ekspert, - Əgər siz plastik cərrahiyyə əməliyyatı etdirmək istəyirsinizsə, məsləhət görürük ki, seçdiyiniz həkimin cərrah olub-olmaması, belə əməliyyatlar üçün hazırlıq kursu keçib-keçməməsi ilə maraqlanasınız. Siz seçdiyiniz həkimin adının Baş Tibb Şurasının siyahısında olub-olmadığını da yoxlaya bilərsiniz».

 





27.10.2016    çap et  çap et