Ola bilsin mərkəzi küçələrin güclü yağışlardan sonra gölə çevrilməsi sakinlər üçün gözlənilməz və təəccüblü idi. Lakin paytaxtın ətraf qəsəbələrinin sakinləri üçün bu, hər il payız-qış mövsümünün başlaması ilə meydana çıxan adi problemdir, həyat tərzidir. Çünki bu qəsəbələrin bir çoxunda məhəllədaxili yollar, o cümlədən əsas küçələr belə asfalt örtüyünə malik deyil. Yağışdan-qardan sonra bu yollar keçilməz bataqlığa, palçıq gölməçələrinə çevrilir. Və ənənəvi olaraq həmin qəsəbələrin sakinlərinin müxtəlif instansiyalara, o cümlədən KİV-lərə şikayətləri başlayır ki, bəlkə dərdlərinə əlac tapıla.
Bakının palçıqlı qəsəbələri
Bu cür vəziyyət Bakının Binə, Bülbülə, Buzovna, Hövsan, Ramana və digər qəsəbələrində uzun illərdir hökm sürür. Dizə qədər palçıq olan yollarda işgəncə çəkən sakinlər özləri də çox zaman paytaxtda, yoxsa ucqar dağ kəndində yaşadıqlarını qarışdırırlar. Bu qəsəbələrə yolu düşənlər palçıqdan keçib ictimai nəqliyyata minmək üçün sakinlərin özləri ilə ehtiyat ayaqqabı götürdüklərini, yaxud ayaqlarına selofan torba keçirdiklərini görsələr təəccüblənməzlər. Belə vəziyyətdən hər gün məktəbə gedib-gələn uşaqların, azyaşlıların nə çəkdiyini təsəvvür etmək də çətin deyil.
«İki uşağım var, biri səhər biri günorta oxuyur. Hər gün azı 6 dəfə bu bərbad yolları keçib məktəbə gedirik. Ayaqlarımıza sellofan torba bağlayırıq, amma yenə məktəbə çatanda palçığın içərisində oluruq. Uşağı tək buraxsam batıb qalar palçığın içərisində, məcburam hər gün bu bataqlığı keçib gedim. 6-7 ildir burada yaşayırıq, indiyə kimi hər yerə şikayət eləmişik, amma yollarımızı düzəldən yoxdur», - deyə Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivinin sakini Günay Əsgərova bildirir.
Şikayətə baxan var?
Suraxanı rayonunun Bülbülə qəsəbəsinin S.Əliyev küçəsi, «A» massivinin sakinləri də 20 ilə yaxındır ki, eyni problemlə mübarizə aparırlar. Qəsəbələrin palçıq yollarına avtomobillər də davam gətirmir.
Sakinlərin sözlərinə görə, bu problemlə bağlı bələdiyyə və yerli icra strukturlarına şikayət etsələr də, heç kim əncam çəkmir. Əslində Bakıətrafı kənd və qəsəbələrin məhəllədaxili yollarını yerli bələdiyyə və rayon icra hakimiyyətləri təmir etməli olsalar da, bələdiyyə problemi rayon icra hakimiyyətinin, rayon icra hakimiyyəti Bakı Şəhər İcra Hakimiyyətinin üstünə atır.
Virtualaz.org-un araşdırmasına görə, bir maşın asfalt almaq üçün təxminən 680-700 manat pul lazımdır. 1 m2 sahənin asfaltlanması orta hesabla 7-8 manata başa gəlir. Nəticədə həmin qəsəbələrdə yaşayan sakinlərin yolları öz hesablarına abadlaşdırması da qəliz məsələdir.
Binə bələdiyyəsi: «Bizim gücümüz çatan iş deyil...»
Problemlə bağlı araşdırma aparmaq üçün Binə qəsəbə bələdiyyəsilə əlaqə saxladıq.
Bələdiyyənin sədr müavini Gülbarə Mehdiyeva virtualaz.org-a idarənin balansında asfaltlama işləri üçün kifayət qədər vəsaitin olmadığını, yalnız şikayətlə olarsa, bəzi küçə və yollara çınqıl, torpaq töküldüyünü dedi.
«Çalışırıq bizə müraciət edən sakinlərə imkanlarımız daxilində kömək edək. Amma bələdiyyə ancaq yığılan əmlak vergisinin hesabına az-çox təmir işləri apara, yollara çınqıl, torpaq tökə bilir. Neçə gündür davam edən yağışlardan sonra yolların vəziyyətini də yaxşı başa düşürük. Hazırda Binə qəsəbəsinin girəcəyindən «Sovxoz»a qədər olan yolda təmir işləri aparırıq. Ümumiyyətlə, məhəllədaxili yollar ərazi baxımdan bizim balansımızdadır, amma bizim mülkiyyətimizdə deyil. Bizim yola asfalt vurmağa gücümüz çatmır» - Mehdiyeva deyir.
Buzovna bələdiyyəsi də deyir ki, asfalt onlarlıq deyil
Buzovna bələdiyyəsindən də büdcədə məhəllədaxili yollarının təmiri üçün kifayət qədər vəsait olmadığını bildirdilər: «Bizim küçələrə asfalt vurmağa vəsaitimiz yoxdur. Ümumiyyətlə, yollar Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) və «Azəravtoyol» ASC-nin balansındadır. Yollara asfalt çəkilməsi, təmirinə onlar baxırlar. Bizə ancaq sakinlər müraciət etdikdə gölməçə yaranan yola çınqıl və ya torpaq tökürük. Kiminsə evinin qabağında göl yaranıbsa, motorla yığılmış suyu çəkirik», - deyə bələdiyyədən bildirdilər.
Bülbülə bələdiyyəsinin sədri Cavid Babayev isə deyir ki, əgər vətəndaşlar yaşadıqları evə görə əmlak vergisini versələr, bələdiyyənin də yol çəkməyə və ya digər problemləri həll etməyə müəyyən qədər vəsaiti olar. Onun sözlərinə görə, əvvəllər insanlar az da olsa, bu vergini ödəyirdilərsə, indi vəziyyət lap çətinləşib. Yəni beş, hətta on illərlə əmlak vergisini ödəməyən sakinlər var.
Bülbülə bələdiyyəsinin sədri: «28 manat verib, deyir asfalt çək»
«Hər küçədə cəmi 1-2 sakin əmlak vergisini ödəyir. Əməkdaşlarımız bu vergini yığmaq üçün hər gün qapı-qapı gəzirlər. Biri deyir pulum yoxdur, biri deyir dövlət mənə iş versin, mən də ödəyim… Biz də özümüzdən yuxarı instansiyalara – icra hakimiyyətinə və «Azəravtoyol» ASC-yə yazırıq ki, kömək eləsinlər, asfalt çəksinlər. Bir neçə gün öncə bir nəfər gətirib 28 manat ödəniş edib, deyir ki, ödənişi eləmişəm, gətirin küçəmizə asfalt vurun. Axı 28 manata cəmi bir vedrə asfalt düşür. Mən vətəndaşları da başa düşürəm, amma bizim də büdcəmiz camaata kömək eləməyə yetərli deyil. Mən bələdiyyəyə gələndə büdcəsində cəmi 67 manat pul var idi. 9-10 nəfər işçimiz var, onlara hələ ötən ayın maaşını düzəldib verə bilməmişik. Özüm cəmi 206 manat, digər işçilər 180 manat maaş alırlar», - deyə bələdiyyə sədri bildirdi.
C. Babayevin sözlərinə görə, digər bir problem də onunla bağlıdır ki, Bülbülə qəsəbəsində olan 6 mindən yuxarı evdən cəmi 1500-1700 evin «kupça»sı var. Onlardan da cəmi minə yaxını əmlak vergisi verir. Çıxarışı olmayan evlərdən isə ümumiyyətlə, vergi almaq mümkün deyil.
İcra Hakimiyyəti: «Heç bir maşın çınqıla da pulumuz yoxdur, şikayətə gələnlərə dövlət proqramını göstəririk…»
Belə məlum oldu ki, məhəllədaxili yolların çəkilməsi və ya təmiri heç icra hakimiyyətlərini də maraqlandıran məsələ deyil. Suraxanı rayonu İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarovun virtualaz.org-a bildirdiyinə görə, rayonda 3 milyon kv. metr asfalt örtüyünə ehtiyac olan yol olsa da, büdcədə buna ayrılacaq vəsait yoxdur.
«Yolların çəkilməsi BŞİH-in və «Azəravtoyol» ASC-nin səlahiyyətində olan məsələdir. Hələ ki, bütün yolların asfaltlanması üçün kifayət qədər vəsaitimiz yoxdur. Biz ancaq «2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»na rayonun qəsəbə və kəndlərinin məhəllədaxili yollarının da salınmasına nail olmuşuq» - Barxudarov deyir.
Bəs sakinlər kimə müraciət etsinlər, İcra Hakimiyyətinin onlara heç olmasa texnika və ya bir maşın çınqılla kömək etməyə imkanı çatırmı? İcra Hakimiyyətinin rəsmisi deyir ki, xeyr, onların heç bir maşın çınqıl almağa belə vəsaiti yoxdur.
«Bizə də bəhs etdiyiniz Samir Əliyev massivindən, digər yerlərdən şikayətçilər gəlirlər, biz onlara dövlət proqramını göstəririk. Aidiyyəti orqanlara kömək üçün məktub yazırıq. Əlilimizdən gələni edirik ki, sakinlərin bu problem həll olunsun. Amma hazırda heç bir maşın çınqıl belə almağa vəsaitimiz yoxdur» - Barxudarov bildirir.
«Bizim işimiz sakinlərin şikayətlərini yuxarılara çatdırmaqdır…»
Xəzər rayon İcra Hakimiyyətindən də suallarımıza oxşar cavab aldıq. İcra Hakimiyyətinin sosial iqtisadi inkişafin təhlili və proqnozlaşdirilmasi şöbəsinin aparıcı məsləhətçisi Azər Babazadənin virtualaz.org-a bildirdiyinə görə, bu rayonda da qəsəbə və kəndlərdə məhəllədaxili yolların çəkilməsi və təmiri «2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»na salınıb. 2016-cı ilin bitmək üzrə olduğunu xatırlatdıqda isə icra rəsmisi dedi ki, indi onların ümidi növbəti proqrama qalır.
«Rayon İcra Hakimiyyətlərinin büdcəsi yalnız işçilərin maaşlarından ibarətdir. Əgər vətəndaşların hər hansı müraciəti olarsa, biz bununla bağlı yuxarı orqanlara məlumat veririk. Məsələn, bir müddət əvvəl Mərdəkan qəsəbəsində vətəndaşların çoxsaylı müraciətlərindən sonra biz məsələni Bakı şəhər İcra Hakimiyyətinə çatdırdıq, onların köməyi ilə 3 küçə asfaltlandı» - Azər Babazadə bildirir.
Hazırda təkcə Binə qəsəbəsində 25-30 km, ümumilikdə rayon ərazisində isə 150 km-dən çox asfaltlanmaya ehtiyacı olan məhəllədaxili yollar var. Və belə görünür ki, bu ərazilərdə yaşayan sakinlər asfalt yol barədə hələ çox xəyal etməli olacaqlar.
«Azəravtoyol» ASC xatırladır ki…
«Azəravtoyol» ASC-dən isə də bu yolların onların nəzarətində olmadığını dedilər. ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin virtualaz.org-a bildirdiyinə görə, bütün yeni salınan qəsəbələrin məhəllədaxili yol və küçələri bələdiyyələrin və icra hakimiyyətlərinin balansındadır. «Azəravtoyol»un balansında olan küçə isə yalnız mərkəzi küçədir.
Beləliklə, şəhərətrafı qəsəbələrdə məhəllədaxili yollar yoxsul bələdiyyələrin və «büdcəsində ancaq maaş verməyə pul olan» icra hakimiyyətlərinin ümidinə qalıb. Hansı ki, rayon icra hakimiyyətlərinin işi vətəndaşların şikayətlərini yuxarı orqanlara, məsələn, Bakı Şəhər İcra Hakimiyyətinə çatdırmaqdan ibarətdir, daha dəqiq desək, poçtalyonluqdur.
Bəs icra hakimiyyətləri nə işə yarayır?
Sual yaranır-əgər rayon icra hakimiyyətləri vətəndaşların ən xırda problemlərini belə həll etmək imkanında, səlahiyyətində deyilsə, vətəndaş hansısa yola bir maşın asfalt, çınqıl, daş-kəsək tökülməsi üçün ən yuxarı instansiyalara müraciət etməlidirsə o zaman yerli icra hakimiyyətləri nə üçündür? Bəyəm vətəndaşlar öz müraciətlərini özləri yuxarı orqanlara çatdıra bilməzlər?
Belə qənaət yaranır ki, yolları bərbad olan sakinlər palçıqlı çəkmələrini sürüyə-sürüyə əvvəlcə yığışıb icra hakimiyyətinə şikayətə gedirlər. İcra Hakimiyyətində onları ədəb-ərkanla qəbul edib bir yığın kağız və sübutlarla başa salırlar ki, sizin probleminizə biz baxmırıq, yəni bizim büdcəmiz ancaq işçilərimizin məvacibinə çatır. Gedin bələdiyyənin boğazından yapışın. Sakinlər bu dəfə bələdiyyənin qapısını döyürlər, məlum olur ki, onların nə pulu var, nə texnikası.
Bəs Bakı Şəhər İcra Hakimiyyəti? Orada paytaxtın ətraf qəsəbələrinin palçıqlı küçələri haqda nə düşünürlər? Axı bu palçıq avtomobillərin təkərlərində, sakinlərin ayaqqabılarında paytaxtın abad küçələrinə qədər gəlib çıxır.
Suallarla BŞİH-ə də müraciət etdik, ancaq cavab ala bilmədik.