Vaxt.Az
«Demokratiya havasında...»
Çoxdandı bu barədə yazmaq istəyirdim. Qərara gəlsəm də, di gəl tilsimi sındırammırdım. Gah əlim qalxmırdı, gah da beynimi-başımı silkələməyə ərinirdim. Nəhayət, fikirlərim mənimlə bir xeyli məhrəmanəlikdən sonra hamı üçün faş oldu.Deyəcəklərim bunlardı, əziz oxucu! Biz qabaqlar qapalı məkanda yaşamışıq: birpartiyalı dövlət, informasiya məhdudluğu, elmi-texniki tərəqqinin indiki tək həyatımızda yoxluğu, ailə və dəyərlər barədə təsəvvürlərimizin çərçivəliliyi və sair. Amma indi, əlimiz-qolumuz açılıb, ayrıca dövlətik, evimizdə oturub bir andaca dünyanın o başıyla danışırıq, kimin imkanı çatır, istəsə ildə on dəfə Amerikaya gedir…
Bəli, müstəqillik və qloballaşan dünya bizə çox imkanlar açıb, geniş meydan verib. Demokratiyanı hər kəs sanki köynək bilib, öz istədiyi təki əyninə geyir. Və bəzən bu o həddə çatır ki, ədəb-ərkan əndazəsini aşır, başıpozuqluğa, anarxiyaya gətirib çıxarır. Mahiyyətində haqq, azadlıq, barış anlayışı dayanan demokratiyadan sağa-sola, eninə-uzununa istifadə edən bir para adamlar unudurlar ki, həmin bu çığazın aşıladığı bir məqam da var: mənim azadlığım başlayan yerdə, sənin azadlığın bitir.
Dünənəcən məmləkətimizdə, rayon qəzetlərini nəzərə almasaq, barmaqla sayılacaq qədər nəşrlər vardı. Yəni Bakıda beş-on qəzet-jurnal işıq üzü görürdü və burda yazısı dərc olunan şəxslərə hamı yalan olmasın, əlçatmaz kimi baxırdı. Həmin qapalı dediyimiz sistemdə, rejimdən yana bəlli yalanlara, uydurmalara baxmayaraq, sözün çəkisi və əlinə qələm götürənin sanbalı vardı. Hər hansı fikir, fakt “eşitdiyimizə görə”, “etibarlı mənbəyə istinadən” şəklində, büsbütün etibarsızlıq yağan tərzdə oxucunun hüzuruna yetişməzdi. Mətbuata çıxan, ictimailəşən nə vardısa, onun arxasında böyük məsuliyyət dayanırdı. Adi adamlar, hər hansı sözün səhv və ya düz yazıldığının mübühisəsini aparanda, onda görürdün “Kommunist” qəzetinə üz tutdular. Bəli, səhifəsində yer alan materialların sistemin diqtəsindən kənarda bir şey olmağı bir yana, qəzet savadlı, məsuliyyətli, peşəkar müəlliim rolunu oynayırdı. Özü də çox məharətlə!
İndisə az qala hamı yazı-pozu əhlindən dad deyir. Səbəb aydındı. O qədər də böyük olmayan məmləkətimizdə yüzlərlə qəzet-jurnal, informasiya portalları, radio və televiziya kanalları fəaliiyyət göstərir. Onların hamısını təmin edəcək sayda peşəkarsa yoxdu. Sözün cilovundan tutub, ağzından çıxan və barmağından “süzülən”ə yiyəlik edə bilməyənlər aləmi başına götürüb. “İti bazarından atından baha dünya”nın sakinləriyik indi. Bu gün abrına qısılan, peşəsinə bağlı, yalnız özünə və sözünə gümanı gələnlərin işi Allaha qalıb. Belələri bilmirlər, özlərini-peşələrini realizə etsinlər, yoxsa başlarını saxlasınlar.
Günümüzün bir əcaib-qəraib mənzərəsi də internet məkanında – sosial şəbəkələrdə yaranmaqdadı. Bu fərqinə varmayacağımız deyil, əksinə, ciddiyyət tələb edən məsələdi. Və doğrusu, mən daha çox o barədə danışmaq istəyirdim. Amma söz sözü gətirdi və mətləbə yetişənəcən xeyli yol gəldik. Neynək, bütün bunların adını qoyaq “ayaqaçdı” və növbəti dəfə sizinlə birgə internetə başa vuraq. Birgə baxaq, birgə çözək...
19.10.2012 çap et