Vaxt.Az

«TANAP NABUCCO-nu qabaqladı»


 

«TANAP NABUCCO-nu qabaqladı» TANAP - Trans Anadolu qaz kəməri layihəsi deməkdir. Ancaq bu, artıq layihə mərhələsini arxada qoyaraq inşaat mərhələsinə qədəm qoyur. İyunun 26-da İstanbulda imzalanan anlaşma bundan xəbər verir. İki il öncə belə bir layihə gündəmdə deyildi, indi isə inşaatın nə zaman başlayıb, nə zaman bitəcəyi, nə qədər qazın kimə ötürüləcəyinə dair bütün detallar bəllidir.
Azərbaycan prezidenti İlham Əliyev İstanbulda Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla bir araya gələrək TANAP-a yaşıl işıq yandırdılar. Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Taner Yıldızla Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev arasında imzalanan anlaşma həm iki ölkə arasında yeni səhifə açır, həm də iki ölkənin bölgədəki çəkisini artırır. 
7 milyard dollar dəyəri olan layihə 5 il içində tamamlanacaq. Boru xəttindən ilkin olaraq 16 milyard kubmetr, sonrakı illərdə isə 50 milyard kubmetr qaz ötürüləcək. 80 faizi Azərbaycana, 20 faizi Türkiyəyə məxsus olacaq TransAnadolu qaz kəməri ilə nəql ediləcək qazın 6 milyard kubmetri Türkiyənin daxili ehtiyacları, 10 milyard kubmetri isə Avropaya satış üçün nəzərdə tutulur. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək. Ərdoğan mərasimdəki çıxışında bildirib ki, sonrakı mərhələlərdə Türkiyəyə çatan qazın həcmi ölkənin ehtiyaclarından asılı olaraq artırıla bilər.
Yeni layihənin işə düşməsiylə ARDNŞ-in Türkiyəyə yatırdığı investisiyaların həcmi 17 milyard dollara çatıb. Bu isə o deməkdir ki, ARDNŞ və Azərbaycan Türkiyə sənayesinə ən çox investisiya yatıran şirkət və ölkə statusunu qazanıblar. İki ölkə arasında artan enerji əməkdaşlığının iqtisadi-ticarət mübadiləsinin artımına təsirinə də ehtiyac var. Bu istiqamətdə görüləcək iş çoxdur. Azərbaycan bazarı Türkiyənin iri kapitalının gəlişini gözləyir. Yetər ki, bunun üçün gərəkli imkanlar yaradılsın.   
Qayıdaq TransAnadoluya. TANAP-la bağlı inşaat işlərinə start verilməsi NABUCCO layihəsini sual altında qoyur. Çünki Azərbaycanın o qədər qaz ehtiyatı yoxdur ki, həm TANAP, həm də NABUCCO ilə qaz ixrac etsin. Elə NABUCCO ilə bağlı danışıqların illərlə uzanmasının nəticəsiydi ki, TransAnadolu layihəsi qəfil gündəmə gəldi. Yeni layihə gündəmə gələn kimi də həm anlaşmalar imzalandı, həm boru xətti çalışmalarının konkret qrafiki tutuldu. NABUCCO ilə bağlı isə yalnız istəklər və uzun-uzadı danışıqlar var. Bu layihəyə nə kimin maliyyə ayıracağı, nə də virtual boru xətti ilə hansı miqdarda qaz ötürüləcəyi bəllidir. 
Türkmənistan qazının NABUCCO ilə ötürüləcəyi vurğulansa da, bunun necə reallaşacağı da bəlli olmadı. Çünki Türkmənistan qazının Azərbaycan üzərindən Avropaya ötürülməsi üçün Xəzərin dibindən boru xətti çəkilməlidir. Bu məsələ də həll olunmamış qalır. Rusiya və İranın bu kəmərin inşasına qarşı ortaya qoyduqları maneənin necə aşılacağına dair də Avropa Birliyinin resepti yoxdur. 
TANAP-a gəldikdə, buradan başlıca olaraq Azərbaycan qazı ötürüləcək. Doğrudur, Ərdoğan gələcəkdə bu boru xətti ilə Türkmənistan qazının da ötürülə biləcəyini söyləyib, ancaq bu NABUCCO-da olduğu kimi TANAP-ın çalışması üçün vacib şərt deyil. 
TANAP-la bağlı saziş İran, Rusiya və Ermənistanı qıcıqlandıracaq. Moskva və Tehranın narahatlığı bəllidir. Azərbaycan qazı İran və Rusiyadan yan keçməklə Avropa bazarına daşınacaq. Bununla Rusiya və İranın bölgədəki enerji çəkisi az da olsa geriləyəcək. Ermənistanın itkisi isə lap böyükdür. Ermənistan işğal altındakı torpaqları vaxtında boşaltmaq qərarı versəydi, TransAnadolu Gürcüstandan deyil, Ermənistandan keçə bilərdi. Bununla da tranzit ölkə olaraq bütün qazanc Gürcüstana deyil, Ermənistana çatardı.
 





28.06.2012    çap et  çap et