Bir məsələni xatırlatmaq yerinə düşərdi. Bir dəfə mollanın arvadı deyir ki, ay molla, yıxıldım ağlım başımdan çıxdı. Molla da deyir ki, arvad olmayan şey necə başdan çıxa bilər axı…
Pulsuz səhiyyənin ləğvi də lap buna oxşadı. Oqtay həkim başqa planetdə yaşamırıq ki, siz burada, biz burada. Pulsuz tibbi xidmətin olduğu deyilən hansı xəstəxanaya gedirsən, pul verib oradan çıxırsan. Adı pulsuz, özü pullu xəstəxananın girişindəcə tibb personalı ilə qarşılaşanda həkim xəstəni bəni-adəm kimi yox, manat kimi görür. Yazıq camaat da o qədər öyrəşib ki, həkimə pul verməyə, pul verməyəndə də ürək sakit olmur. Dövlət poliklinikasına girib salam verirsən, ardınca da əlin cibinə girir. Əzələdaxili vurdurduğun bir iynənin qiyməti 1 manat, damara vurulan bir iynənin qiyməti 3 manat, UZI xidmətinin qiyməti 20 manat və sair, və ilaxır.
Əl qərəz, tibbi xidmətin bu zamanadək pulsuz olduğuna Oqtay həkimi kim inandırıb, bilmirəm. Bildiyim bir şey var ki, şəxsən mən pulsuz səhiyyənin ləğvi xəbərini bayram kimi qeyd etdim. Oqtay həkimin də canına dualar oxudum… Bundan sonra xəstəxanaya Allah eləməmiş yolumuz düşsə, onda daha «Səhiyyə pulsuzdur, mən niyə pul verim» sualları içimizi parçalaya-parçalaya həkimə pul vermərik. O pulu ürəklə, sorğu-sualsız verərik… «Daha adı var, özü yox»-, deyib özümüzü aldatmarıq. Pulsuz səhiyyənin ləğvinə gərçəkdən çox sevindim.
İndi bilərəm ki, verdiyim pul büdcəyə gedəcək. Büdcəyə gedən pul da həkimin maaş rəqəmində dəyişiklik edəcək. Həkim də xəstənin əlinə baxmayacaq. «Kor səhiyyəmiz»dən gözünə də nur gələcək. Düzdür, qonşum Nəsibə nənə bu dünyanı kor olaraq, kimsəyə zərər yetirmədən tərk etdi. Amma səhiyyənin kor gözünə nur gəlməsə, çox insanın Əzrayılı ağ xalatlılar olacaq. Ağ xalatlılar deyirəm ha…. O dünyada olduğu zənn edilən ağa bürünmüş mələklər yox!
«Diqqət!!! Səhiyyə Nazirliyi xəbərdarlıq edir! Pulsuz səhiyyə ləğv olundu» xəbərini oxuyanda başınızı qaşımayın, ovcunuzu qaşıyın. Bunu da sözgəlişi dedim!