Vaxt.Az

«Pisdən faydalanmağın dramaturgiyası»


 

«Pisdən faydalanmağın dramaturgiyası» Ötən söhbətimdə mədəniyyət tarixində pisləri də faydaya çevirmək prinsipindən danışmışdım. Hətta belə söyləmək olar: Öz neqativlərini pozitivlərə çevirmək konusunda uğurları böyük olan mədəniyyətlər gəlişmiş kültürlərdir. Eləcə də pislərini faydalı etmiş, deməli, yamanlarını yaxşıya çevirməyi bacarmış ayrıca insan da gəlişmiş kültür yiyəsidir.
(Ancaq bu yerdə bir düzəliş gərəkir. Pisi faydalı nəsnəyə çevirmək heç də həmişə pisi yaxşıya çevirmək deyil, olsa-olsa pisin pisliyini ya azaltmaq, ya neytrallaşdırmaqdır). 
"Pis"i biz "yamanla" da əvəz edə bilərik. O zaman "yaman şeydir" kimi heyranlıq deyimlərində pisin yaxşıya çevrilməsi prosesini görəcəyik. Yaman və yaxşı etikanın önəmli kateqoriyalarıdır. 
Dinlərdə yaxşı və yaman
Min illər bu yaman üstündə gərgin dartışmalar gedib. Zərdüştlük Yamanı bir tanrıya (Əhrimana), Yaxşını o birisinə bağlamışdı və beləcə, substansiallaşdırmışdı. Bu axırıncı söz onu bildirir ki, Yamanın öz dayağı, öz əsası və öz müstəqilliyi var.
Ancaq çoxtanrıçılıqdan birtanrıçılığa keçəndə "Yaman" ideyası baş ağrıtmağa başladı. Necə yəni, Tanrı həm də yamanları dünyaya verəndir?! Əgər yamanlar ondandırsa, insan niyə yamanlara görə cəza çəkməlidir? Yəni olanların hamısının müəllifi Allahdırsa və yazıya pozu yoxdursa, mən nəyə görə pis işlərim üstündə məhkəməyə çəkilməliyəm?! Bəyəm Onun yazdığını pozamı bilərdim?!
Düzdür, bu sorunun ağırlığından qurtulmaq üçün İbrahim dinlərində İblis səhnəyə gətirilib. Ancaq düzü, İblis daha çox mifoloji personajı andırır və ağır sualları aradan götürmür. Aradan götürmək üçün Xristianlıqda Teodiseya teologiyası formalaşmışdı. Teodiseya axtarırdı ki, sübut etsin: dünyadakı yamanlar filan-filan səbəblərə görə Tanrıya ləkə gətirmir, onu sorumlu (cavabdeh) etmir. Məsələn, Müqəddəs Avqustin ağır vəziyyətdən belə çıxmışdı: işığı çəkəndə yerinə qaranlıq gəldi. Deməli, qaranlıq yaradılmır, sadəcə, işıq çəkiləndə qaranlıq olur. Eləcə də Tanrı öz yaxşılıqlar verən əlini haradansa götürəndə orada pis, yaman, şər yaranır. Bu durumda Tanrını necə pislərə görə suçlamaq olar?! O, axı, pisi vermir, sadəcə, yaxşılığını götürür.
Dünyada bir çox dartışmalar yaman sayılanların  yaxşı olduğunu, yaxşı sayılanların yaman olduğunu sübut etmək üstündədir. Çoxumuz fərqinə varmırıq ki, bugünkü Azərbaycan da həmin dartışmaların içindədir. Diqqət etsəniz, prezidentliyə bəzi namizədlərin dartışması da təkcə hansısa yamanı yaxşı pərdəsi altında gizlətmək deyil, daha çox hansısa yamanı yaxşı kimi qələmə vermək və ya tərsinə yaxşını yaman kimi sübut etməkdir.
Belənçi mübahisələri "dəyərlər üstündə dartışmalar" adlandırmaq olar..
Hansı pislərdən fayda götürmək olar?
Dedik ki, mədəniyyətin nə dərəcədə gəlişdiyini tapmaq ölçülərindən biri nə dərəcədə pislərdən faydalanmasıdır. Hüseyn Cavid İblisdən faydalanaraq həmin adda pyes yazmışdı. İkinci Dünya Savaşından vətənpərvər, sosialist realizmi metodunda o qədər təsirli, ideoloji filmlər çəkilmişdi, o qədər əla poemalar, romanlar yazmışdı ki, hərdən düşünürsən, bu savaş, bu almanlar olmasaydı, 
Sovet ideolojisi neynərdi?!
Azərbaycan Qarabağ savaşından faydalanıb Bakını ermənisiz edib. Etməsəydi, onlar öz qılıqları, dünya çapında əlaqələri ilə Azərbaycan iqtisadiyyatını, sonra isə siyasətini ələ almışdılar. Bu anlamda "bic sayılan ermənilər" yəhudilərə baxanda hərif çıxdılar. Bu sözləri mən İsveçdə birgə seminarda olduğum erməniyə söyləyəndə pərtlikdən üzü əyildi.
Sonda bir sual qalır: hansı pislərdən faydalanmaq olar, hansılardan heç cürə ola bilməz? Və faydalanmağın hansı yolları var? Çox çətin suallardır.
 





03.10.2013    çap et  çap et