Azərbaycan dövlətinin konstitusion əsaslarına zidd olan bu kitablara kim rəy verir, kimin yoxlamasından keçir? Məqsəd nədir? və sair və ilaxır suallar da verə bilərəm. Onu da sual verə bilərəm ki, mən oxuduğum təhsil sistemində belə təbliğatlar aparılmırdı axı? Bu isə o demək deyildi ki, mən və mənim yaşıdlarım zaman ötdükcə, həddi-buluğa yetdikcə namazın nə demək olduğundan xəbərsiz qalırdılar. Sadəcə hər şeyin öz vaxtı, vədəsi var. Dərs vəsaitlərində uşaqlara namaz qılmanı təbliğ etmə yolverilməzdir. Namazdan danışarkən, namaz haqda bir hekayə yadıma düşdü. Bir kişi yuxuda öldüyünü görür. O dünyada sorğu-sual edilir. Nəhayət, ona sən cəhənnəmliksən sözü deyilir. O da qışqıraraq: «Mən necə cəhənnəmlik ola bilərəm? Həyatım boyunca Allah yolunda qulluq edən insanlarla bir yerdə olmuşam. Namaz qılmışam. Oruclarım… Oxuduğum Quranlar… Namazım… Heç biri xilas etməyəcəkmi?» sualını verib. Əl qərəz onu dibi görünməyən cəhənnəm çuxurunun başına gətiriblər. Alovların içərisinə doğru atılanda nurani bir qoca onu yuxarıya doğru qaldırıb. Siz kimsiniz? sualına mən sənin namazlarınam cavabı verilib. Bəs məni xilas etməyə niyə bu qədər gec gəldin? Lap son anda çatdın. Az qalmışdı alovların içinə düşəm. Qoca isə başını yelləyib sən məni həmişə axıra saxlayırdın xatırladınmı?! Deyir. Gözlərini açdığı zaman o bunun yuxu olduğunu görür. Tez qalxıb namazını qılmağa hazırlaşıb. Yəni ki, namazı vaxtında qılmaq gərəkdir. Uşaqları vaxtından əvvəl namaza çağırmaq yox.