Vaxt.Az
«Necə neqativləri pozitivə çevirmək?»
Qloballıqda lokallığın qədri
Biz qloballaşma axınında keçmişimizi özümüzdə saxlayıb daşımasaq, “qanımız gedəcək”! Baxın böyük dünyada o birilərinə: yapon-koreya-çinli rəp oxuyurlar, ancaq bu dəm hərəsi rəpdə (repdə) öz özəlliklərini saxlayırlar. Bu ona oxşayır ki, Mirzə Fətəli komediya janrında yazanda nə qədər Avropadan götürmüşdüsə, o qədər də Azərbaycan bəylərindən, tacirlərindən götürmüşdü. İndi qorxu var ki, çağdaş gənclərimizdə Azərbaycandan heç nə qalmayacaq, ya da Azərbaycandan yalnız axmaq şeylər qalacaq, məsələn, qız üstündə bıçaqlaşmaq...
Bəs onda nələr qalmalıdır?
Keçmiş kültür olayları ilə bağlı həmişə yeniləşən bilgilər, mənalar qalmalıdır. Söhbət ondan getmir ki, hamı Oğuz elinin, Ortaçağın bilicisi olmalıdır. Söhbət ondan gedir ki, Azərbaycan gəncliyində parlaq kəslərin çoxunun parıltısı həm də Dədə Qorqud, İslam dünyasından gəlmə biliklərdən, düşüncələrdən işığını almalıdır. Belə olanda parlaq olmayan gənclərdə isə Azərbaycan keçmişini daşıya bilmədikləri üçün rahatsızlıq duyğusu olar.
Çox maraqlı bir prinsip
Mədəniyyətin ilginc bir prinsipi var: hətta ziyanına olan, hətta başıaşağılıq gətirən nəsnələri, olayları da öz xeyrinə çevir! Stokholmda bir muzey var, İsveçin ruslara uduzmasına həsr olunub. Hətta bu muzey də isveçlinin öz keçmişini özündə daşımasına qulluq edir. Ermənilərin “genosid”dən öz xeyirlərinə necə istifadə etdiyini yaxşı bilirik. Eləcə də yəhudilərin Xolokostdan istifadəsini. Bizdə axmaq düşüncə var ki, genosiddə “fəlsəfə daşı” tipində nəsə möcüzə var, hansı zəif ulus “bizdə də genosid olub” qışqırsa, udacaq. Əl-kimyaçılar yüzillər boyu “fəlsəfə daşı”nı axtarırdılar ki, onu nələrəsə toxundurub, qatışdırıb qızıl alsınlar. İndi bizdə də düşünənlər var ki, ermənilərin Azərbaycanda törətdikləri soyqırımdan danışsaq, avtomatik xeyir alacağıq. Tam yanlış düşüncə! Biz Mart və Xocalı soyqırımından danışmalıyıq. Ancaq heç cürə aldanışda olmamalıyıq ki, “soyqırım onlara fayda verdisə, bizə də verəcək”.
Semantik qığılcımlar
Ulusun dərdini, uğursuzluğunu xeyirə çevirmək böyük bacarıq və səviyyə tələb edir. Yəhudilər Xolokostdan belə bacarıqla istifadə etdikləri üçün İudaizmdən soyumuş Amerika yəhudi milyonerləri, intellektualları İsrailin yanında durdular. Eyiblərdən çəkilən gözəl filmlər, yazılan parlaq romanlar, türkülər, elmi araşdırmalar tarixi neqativi pozitivləşdirə bilər. Bu yerdə elmi araşdırmaları ayrıca vurğulamaq istəyirəm. Çünki elmi araşdırmalardır çaxmaq daşı kimi türlü etnik nəsnə və olaylardan semantik qığılcımlar törədən. Bu qığılcımlardır özləri ilə azərilərə Azərbaycanı saçan. Kimlərsə, Azərbaycandan özlərinə bir qırnıq, kimlərsə çox götürürlər. Başlıcası odur ki, çox götürənlər az götürənlərdən ölkədə daha sayğılı, daha nüfuzlu olmalıdırlar. Bunun üçün isə Dövlət proqramı gərəkdir. Sanki bizdə orden və medallar, mükafatlar, adlar (xalq yazıçısı və s.) bunun üçündür. Ancaq bəs, nədən çox ilginc proqramlar hazırlamaq istəyəndə TV kanallar bu proqrama yaraşıq, ağıl, “musiqi” verən az adam tapırlar. Axı, həmin ordenlərı, adları alanlar TV kanalların proqramlarına yaraşıq verməli idilər, öz mənəvi zənginliklərini gətirməliydilər. Durum belə deyilsə, deməli, ordenlər, adların verilmə meyarları nəsə düz deyil.
Çağımızda Azərbaycan toplumunda siyasiləşmənin bir eyibi var. Başa düşürəm, siyasi çarpışmada hakimiyyət də, müxalifət də çalışır ki, bir-birinin resurslarına əngəl qoysunlar. Müxalifət hakimiyyətə yaxın olan və rəğbətini bildirən gözəl sənətçi və alimi, mədəniyyət xadimini aşağılamağa çalışır ki, onun hörməti hakimiyyətin hörmətini artırmasın. İqtidar da eyni işi müxalifətə yaxın elm, sənət adamlarına edir. Adamları belə böləndən sonra hətta balaca ölkə üçün də parlaq insan kateqoriyasına düşən, di gəl siyasi çarpışmalardan qıraq duran adamların sayı çox az olur. Ona görə də TV-lərdə ağıllı, bilikli, düşüncəli söhbətlərin belə qıtlığı var.
Hansı pisləri faydaya çevirək?
Məsələn, bizdə almanlara, ingilislərə baxanda pintilik daha çoxdur. Ancaq 60-cı illərdən başlayaraq cins şalvarı və hippi hərəkatının sonucunda pintilik estetikləşdi. Pintilik təkcə şalvar dizindəki cırıq və yamaqlarda yox, həm də qız geyimlərinin çəlimsiz, “axmaq” boyalarında özünü göstərir. Pintilik pisdir. Ancaq pintiliyin nədənləri, qorxuları haqqında ağıllı elmi araşdırmalar pisliyin yanında pisliyi ağıllı düşünəni ucaldır. Bizim gənclik Azərbaycanı daşıyanda Azərbaycan pisliklərini də ağıllı bilirsə, bu, Azərbaycanın xeyrinə olur. Yoxsa nəyi görürük? Azərbaycan gəncliyi millətlə bağlı nifrət, bəyənməzlik, aşağılama prinsipində danışır və elə bilir ki, belə danışırsa, deməli, ağıllı və ləyaqətlidir.
01.10.2013 çap et