Əhməd Obalı bildirib ki, ABŞ və İran arasında nüvə razılaşmasının imzalanmasından sonra Güney Azərbaycanda ölkədə yaranmış yeni siyasi şəraitdə İran hökumətinin daxili problemlərə daha artıq diqqət verə biləcəyi ilə bağlı müəyyən gözləntilər var idi.
«Amerikada gedən proseslərə də o baxımdan çox diqqət olunur ki, Amerikada gedən proseslər İranın daxilində, özəlliklə də iqtisadi duruma nə qədər təsir edə biləcək, siyasi durumun stabilləşməsinə, insan haqlarının daha az pozulmasına nə qədər təsir edə biləcək. Bu baxımdan daha çox diqqət verilir».
Əhməd Obalı prezident Obama administrasiyasının yüksək səviyyəli nümayəndələri, o cümlədən prezident administrasiyasının rəhbəri olmuş hazırda Çikaqo şəhərinin meri Ram Emanuellə Güney Azərbaycanında durumla bağlı söhbətlər edib. O, administrasiyanın İranda insan haqlarının pozuntuları və etnik azlıqların durumu ilə bağlı siyasətində son illər əhəmiyyətli dəyişikliklərin olmadığını qeyd edib.
«Dünyanın hər yerində olduğu kimi, insan haqları məsələsi dövlətlər arasında birinci məsələdir ki, milli mənafe baxımından ikinci, ya da üçüncü, dördüncü mərhələyə qoyulur və Amerikanın da İranla əlaqələrinin bir qədər genişlənməsi və ya buzların bir az əriməsi hansı tərəfdən baxsaq, insan haqlarına o qədər də xeyir yox, bəlkə də bir az da insan haqları məsələsini kölgədə saxlayıb. Prezident Obama hakimiyyəti iş başına gələndən bu yana İranla əlaqələri normallaşdırmaq üçün mümkün qədər İran dövlətini daha az, özəlliklə də bu son illərdə danışırıq, daha az sıxışdırmağa və yaxud daha az tənqid etməyə çalışıb. Bu mənada insan haqları, o cümlədən, etnik məsələlər bir az daha ikinci, üçüncü mərhələyə buraxılıb».
Əhməd Obalı ABŞ-ın növbəti administrasiyasından gözləntilərindən danışır. «Növbəti administrasiyanın İranla anlaşmanın daha dəqiqliklə icrasına diqqət etməyini arzu edərdik. Güney azərbaycanlılar anlaşmadan sonra İran dövlətinin daxildəki problemlərə daha çox diqqət edəcəyi ümidilə bu anlaşmaya dəstək veriblər. Ümumiyyətlə, İranda yaşayan bütün xalqlar Amerikanın İranla ixtilaflarının və ya ziddiyyətlərin əleyhinə idilər və hələ də əleyhinədirlər. Amma bu dərinləşməni getdikcə yumşaltmaq, ya da azaltmaq o mənada olmamalıdır ki, İranda xalqların hüquqları pozulsun, bütövlükdə pozulsun, özəlliklə də etniklərin. İran cəmiyyətinin böyük əksəriyyəti etniklərdən ibarətdir və etniklərin də hüquqları demək olar ki tamamən pozulmaqda davam edir.
Bu günlər Chicago Magazine jurnalında Əhməd Obalı və onun təsis etdiyi Günaz televiziyasının fəaliyyəti haqda geniş məqalə dərc edilib. Əhməd Obalı Günaz televiziyasının missiyasının dəyişməz olaraq qaldığını deyib. «Biz televiziyanı açdığımız gündən missiyamız çox aydındır və missiyamız da millətin oyanmasından ibarətdir. Biz inanırıq ki, bir televiziya ilə dövlət dəyişikliyi və ya xalqın taleyini yüzdə yüz dəyişdirmək olmaz. Amma televiziya ilə millətin oyanmasında, xalqın öz hüququ ilə tanış olmasına və öz hüququnu müdafiə etməsini öyrənməsinə yardımçı olmaq olur.
Bu baxımdan Günaz TV öz fəaliyyətinə davam edəcək. Biz getdikcə şüardan şüura daha çox önəm veririk, yəni şüar verməkdən, populist çıxışlarından daha çox biz çalışırıq ki, millətimiz hüquqlarını olduğu kimi, dünyada qəbul olunduğu kimi öyrənsin və inanırıq ki, millət öz hüququnu öyrənəndən sonra, bildikdən sonra, millət hüququnu müdafiə etməyi öyrəndikdən sonra öz hüququnu bərpa etməkdə əzmi ilə, iradəsi ilə müvəffəq olacaq. Bu ümidlə verilişlərimiz davam edir. Nə qədər bu verilişlərimiz davam edəcək bilmirik. Amma çox çətinliklə verilişlərimizə hələ də davam edirik. Təbii ki həmvətənlərimizin köməyi olmasa, mənəvi, maddi, müxbirliklə bizə yardımları olmasa biz bu işimizə davam edə bilməyəcəyik. Amma ümidimiz budur ki, hələlik davam edək».