Vaxt.Az

Narazılığı böyütmək, nəyə və kimə hesablanıb?


 

Rövnəq Abdullayev qazın qiymətini niyə qaldırır?

Narazılığı böyütmək, nəyə və kimə hesablanıb? Ölkə qaz problemindən əziyyət çəkir... daha doğrusu qazsızlıqdan... Soyuqlar düşər-düşməz paytaxt Bakı da daxil olmaqla bütün yaşayış məntəqələrində mənzillərə verilən mavi yanacağın təzyiqi aşağı düşüb... Bir çox yerlərdə isə qaz ümumiyyətlə kəsilib.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) isə problemi sanki görməzlikdən gəlir... Nəticədə son günlər cəmiyyət arasında, sosial şəbəkələrdə SOCAR-ın fəaliyyətindən giley-güzar edənlər artır.

Belə görünür ki, «SOCAR Türkiyəyə, Gürcüstana qaz satır, özümüzü isə soyuqdan qırır» kimi fikir səsləndirənlər bu qurumun prezidenti Rövnəq Abdullayevi nahaq yerə hədəf seçməyiblər.  Nəzərə alsaq ki, ölkədə qış rejiminə hələ keçilməyib və əhali indidən ciddi qaz problemi yaşayır, onda iddia etmək olar ki, noyabrın 15-dən sonrakı vəziyyət daha dumanlı olacaq...

Axı əhaliyə niyə normal qaz verilmir? Narazılığı böyütmək, nəyə və kimə hesablanıb?

SOCAR prezidenti Rövnəq Abdullayevin ciddi şəkildə yaşanan qaz problemi ilə bağlı bir neçə gün öncəki özünəməxsus açıqlamaları sosial şəbəkələrin gündəmindən düşmür.

«İnsanlar qazın xodunu almır, əvəzində pəncərəni açıq saxlayır». SOCAR prezidentinin bu açıqlaması sosial şəbəkələrdə ironiya yaradıb. İnsanlar strateji quruma rəhbərlik edən şəxsin bu tərzli açıqlamasına ciddi şəkildə təəccüblənirlər.

Ekspertlər isə qazın olmamasını müxtəlif səbəblərlə izah edirlər. Bir qrup qaz hasilatının azaldığını, digəri isə Azərbaycanın Gürcüstan, Türkiyə qarşısındakı öhdəliklərdən dolayı yerli əhalinin mavi yanacağını azaltdığını iddia edir.

Bütün bunların fonunda SOCAR prezidenti R.Abdullayevin «keçən ildən anbarlarda qaz ehtiyatlarımız var. Qaz təminatında elə bir problemimiz yoxdur» deməsi narazılığın sanki aşıb-daşmasına hesablanıb.

Bəs onda əhaliyə niyə problem yaradılır?

Bütün bunlar azmış kimi, bu arada SOCAR-ın əhaliyə satılan qazın qiymətini artırmağa hazırlaşdığı barədə xəbərlər də sızır.

Baxmayaraq ki, SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyi bu barədəki xəbərləri ciddi-cəhdlə təkzib etməkdədir. Amma o olmayan yerdən tüstü çıxmaz deyiblər...

Qeyd edək ki, SOCAR hazırda əhaliyə 1 kubmetr qazı 10 qəpiyə satır.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Modern.az-a açıqlamasında qazın qiymətinin qaldırılacağına dair proqnoz verməkdə çətinlik çəkdiyini deyib.

«Azərbaycanda yanacağın qiymətinin artırılması ilə bağlı nə proqnoz vermək, nə də bunu əsaslandırmaq olar. Qiyməti qaldırmaq hökumətin inhisarındadır. Hökumət 3 ildən, 7 ildən bir nəyisənsə qiymətini qaldırır. Bunu da axşam saat 10-dan, 12-dən sonra elan edirlər. 25 ilin təcrübəsi belə deməyə əsas verir».

İlham Şabanın sözlərinə görə, hökumət 7 ildir ki, qazın qiymətini qaldırmır və buna görə də növbəti bahalaşmaya gedə bilməsi mümkündür.

Ekspert deyir ki, Azərbaycanda yanacağın qiymətinin qalxması sanki əhvala bağlı məsələdir.

«Bizdə kefləri istəyəndə yanacağın qiymətini qaldırırlar, kefləri istəməyəndə yox. Neftin qiyməti 100 dollardan yuxarı olanda hökumətin imkanı var idi deyə, həm özü, həm də insanlar kef edirdi. İndi isə hökumətin imkanı azalıb.

Qazın qiymətinin qaldırılmasına min cür don geyindirmək olar. Amma etiraz etmək olmaz. Əhali 10 il bundan qabaq hökumət qarşısında məsələ qaldırsaydı ki, «biz bazar iqtisadiyyatına keçək»,  indi hər şey daha yaxşı olardı. İndi  Tarif Şurasının nazını çəksək, 10 ildən sonra vəziyyətimiz daha pis olacaq. Tezliklə, bazar iqtisadiyyatına keçsək, istehlakçıların vəziyyəti bir o qədər yaxşı olacaq».

 





29.10.2016    çap et  çap et