«... Mən gündəlikdəki məsələlər barədə İnsan hüquqları və Mədəniyyət komitələrinin iclaslarında çıxış etmişəm. İndi deyəcəklərim heç də əvvəlki fikirlərin təkrarı deyil. Komitələrdə söhbət bizim bu gün burada qəbul edəcəyimiz «Kütləvi informasiya vasitələri haqqında», «Televiziya və radio yayımı haqqında», «İctimai televiziya və radio yayımı haqqında», «Telekomunikasiya haqqında» qanunlara dəyişikliklərin vacibliyindən gedib və ona də səs vermişik. Bu dəfəki cıxışımı isə şərtləndirən budur ki, həmin iclaslardan sonra bir sıra media vasitələrində elə təsəvvür formalaşdırmaq istənilib ki, guya bu dəyişiklikləri etməkdə məqsəd Azərbaycanda söz və mətbuat azadlığını məhdudlaşdırmaqdır.
Qətiyyən belə deyil. Dünyanın əksər inkişaf etmiş ölkələrində - ABŞ-da, Böyük Britaniyada, Almaniyada, Fransada və digər dövlətlərdə dini ekstremizm əleyhinə mübarizə ilə bağlı huquqi müstəvidə daha sərt müddəalar mövcuddur.
Bu başa düşüləndir. Çünki məqsəd dövlətin və ölkə ictimaiyyətinin təhlükəli bəlalardan sığortalanmasından gedir. Əgər bir çəkiliş, yaxud mətbu material insanlar arasında qorxu hissi yaradacaqsa, həmçinin şəxsi və ailə sirrini faş edəcəksə onun qarşısına əvvəlcədən sipər çəkilməlidir. Özü də qanunun təsbit etdiyi formada.
Burada çıxış edən həmkarlarım bir sıra xəbər saytlarını Azərbaycanda dini ayrıseçkiliyi, ekstremizmi təbliğ etməkdə suçladılar. Bəli, onlar haqlıdırlar. O da məlumdur ki, həmin internet resurslarının hostinqləri və domeinləri Azərbaycanda deyil, xarici ölkələrdə qeydiyyata alınıb, ona görə də ölkəmizdə onlarla bağlı hüquqi addımların atılmasının mexanizmi yoxdur. Düşünürəm ki, artıq belə hüquqi mexanizmin yaradılmasının vaxtı yetişib. İstərdim ki, Milli Məclisimiz bu məsələni tezliklə gündəmə gətirsin...»