- Aydın bəy, son günlər Akademik Milli Dram Teatrında baş verən olaylardan xəbərdarsız. Tanınmış sənətşünas kimi siz baş verənlər haqda nə düşünürsüz?
- Necə ola bilər, sizcə? Biz axı ora Milli Teatr deyirik! Əgər Milli Teatr deyiriksə, deməli, biz bu teatrı Azərbaycanın çoxsaylı nişanələrindən, simvollarından biri hesab eləyirik, Azərbaycanın təmsilçisi bilirik. Haradan biz «Milli» etiketi asmışıqsa, ora bizim fəxr yerimizdir və bu, bütün dünyada belədir! İngiltərə Milli Teatrı ingilislərin iftixarıdır, qürurudur, Biq Ben kimi, Trafalqar meydanı kimi turistlərin axışdığı tarixi bir məkandır: amma «ölü» məkan deyil, köhnə sənət ənənələrinin qəbiristanlığı deyil, «diri» məkandır və teatr-muzey qismində yox, müasirliyə tam inteqrasiya olunmuş bir teatr kimi fəaliyyət göstərir.
Bizim Milli Teatr isə keçən əsrin 90-cı illərindən ta bu günə qədər dedi-qodudan qazan kimi qaynayır, intriqalar məskəni kimi çaxnaşır. Bir də eşidirsən ki, bu teatrda kimsə kimisə sillələdi; bir az keçir, yenə eşidirsən ki, kimsə kimisə söydü; biraz da keçir, eşidirsən ki, kimsə kimisə döydü. Bu, kriminal zonadır, yoxsa teatr? Hər bir xalq artistinin xanlıq iddiası olanda sənət irəli gedə bilərmi, yaradıcılığa imkan qalarmı? Və mən bundan danışmalıyammı, buna münasibət bildirməliyəmmi? Nə tuhaf bir iş! Teatrda bu cür məqamların yaşanması da ayıbdır, onlar haqqında danışmaq da. Heç kəs inkar etmir ki, teatrda mütəmadi incikliklər, dedi-qodular olur. Ancaq bizim Milli Teatrda artıq çoxdandır ki, bu, dava, araqarışdırma, çuğulluq metodlarının üstündə qurulur.
- Sizcə, niyə gərəksiz söhbətlər gerçək sənəti bu qədər üstələdi?
- Çünki sənəti özümüzdə yox, özümüzü sənətdə sevirik: «mənəm mənəmlik» iddiası yaradıcılığın birinci düşmənidir.
Qalmaqalsa qara piardır: bacarıqsız olduğumuzdan bundan da faydalana bilmirik.
- Teatrımızın önəmli fakturalarından biri, Xalq artisti Fuad Poladov dünən Dram Teatrının səhnəsinə son dəfə çıxdı. Fuad Poladovun istefasını müxtəlif çür dəyərləndirirdilər. Aktyor Fəxrəddin Manafova görə, Fuad Poladov bu addımı məcburiyyətdən atdı, «Yuğ» Teatrının baş rejissoru Gümrah Ömər isə düşünür ki, o qalıb teatrda münbit şərait yaratmağa çalışmalıydı. Azər Paşa Nemət isə onun gedişinə çox loyal yanaşdı. Teatrşünas olaraq sizin bu məsələyə yanaşmanız necədir?
- Bir Fuad Poladov bütöv bir aktyor truppasına bərabər sənətçidir. Azərbaycanda Fuad Poladovdan bir dənədir, bir nüsxədir, təkrarsızdır. Hər bir teatr onu öz səhnəsində görməkdən şərəf duyar. O, əgər bu gün Milli Teatrdan gedirsə, kiməsə görə getmir. Bu, aksiyadır, bir aktyorun teatr sənətinin bu gününə etirazıdır, Milli Dram Teatrında olan vəziyyətə etirazıdır, sənət prinsiplərini pozanlara etirazıdır.
Di gəl ki, mənim üçün Fuad Poladov nə dərəcədə dəyərli bir sənətçidirsə, Azər Paşa Nemət də bir o qədər dəyərlidir. Və mən bu iki şəxsiyyəti «Hamlet» tamaşasından üzü bu yana dost görmüşəm, sənət tərəfdaşı görmüşəm. Azər Paşa son 10-15 ildə tamaşalarını məhz Fuad üçün qurub, onun imkanlarını nəzərə alaraq qurub. Əgər Fuad bu gün teatrı tərk eləyirsə, tamaşalarından imtina eləyirsə, deməli, bunun çox mühüm və dərin səbəbləri var. Lakin bununla yanaşı hamı bilməlidir ki, Fuad Poladovun yeri Rus Dram Teatrı deyil, Milli Teatrdır və o, hər dəfə məcbur qalıb əlacsızlıqdan, bekar dayanmamaqdan ötrü Rus Dram Teatrını tərcih edir.
- Samballı sənət adamlarının çoxu repertuar, aktyor oyunu, səviyyəli ssenari və rejissor işinin qıtlığından narahatdır. Bir teatrşünas kimi siz bunları necə dəyərləndirirsiz? Yaradıcı potensial bu qədərmi tükənib?
- Sənət sevgisi, yaradıcılıq şövqü tükənib. Çünki tamaşalar ünvansızdır, aktyorlar öz potensial seyrçilərini tapa bilmirlər, tanıya bilmirlər, kimin üçün oynadıqlarını bilmirlər. Hər şey olduqca efemer və ötəridir; heç kəs öz gördüyü işdən həzz ala bilmir. Səbəblərin hamısını sadalasam, bu, «1001 gecə» nağılına dönər.
- Rasim Balayev «Hürriyyət»ə müsahibəsində demişdi ki, teatr sənəti tənəzzül dövrünü yaşayır. Bu fikrə münasibətiniz necədir? Əgər belədirsə, vəziyyətdən çıxış yolu nədədir?
- Aydın məsələdir ki, bunu mən də demişəm, müasir Avropa teatrını beş barmağı kimi əla bilən Moskva teatrşünası Marina Davıdova da deyib, teatr epoxası çoxdan qurtarıb. Hətta o bu barədə kitab da yazıb. Kim teatrı kütləviləşdirmək istəyirsə, alınmayacaq. Çünki çağdaş dünyamızda insanları maraqlandıran o qədər əcayib-qərayib şeylər var ki... Bax, bu adamların teatra gəlişini təşkil etmək müşkül məsələdir. Ona görə bu gün teatr elitar sənətə, intellektual sənətə çevrilməkdədir. Bu gün teatr hamı üçün teatr ola bilmir. Buna təəssüflənmək lazımdır, yoxsa sevinmək? Bilmirəm. Hər halda bu, zamanın diktəsidir.
- Sizcə, vəziyyətdən çıxış yolu nədədir?
- Vəziyyətdən çıxış yolu cavanlardır. Onlara etibar eləmək lazımdır, onları öyrətmək lazımdır, onlara yaradıcılıq sərbəstliyi vermək lazımdır, daha onların uğurlarına paxıllanmaq yox. Kim ki, cavanlara paxıllanır, o tükənmiş adamdır.
- Son illər teatrşünas qiymətləndirməsiylə bağlı çox az informasiyalara rast gəlinir. Sizcə, teatrşünasların susqunluğunun səbəbi nədir?
- Teatr jurnalistikası ilə teatrşünaslığı qarışdırmaq olmaz. Bu gün Kulis.az saytında cavan sənət yazarlarımız Aliyə xanım, Sevda xanım Sultanova Azərbaycanın teatr aləmində hər bir olaya nəyin bahasına olursa olsun, həməncə reaksiya verirlər, onun təhlilini gündəmə gətirirlər, müəyyən bir sənət atmosferi yaratmağa, haqqın tərəfində dayanmağa çalışırlar. Və bunu bacarırlar da. Çox vaxt mən Aliyənin də, Sevdanın mövqeyini bölüşürəm, onları dəstəkləyirəm. Lakin o, mövzular mənim mövzularım deyil, gənc yaşlarımdan mən qalmaqalları, intriqaları özümə yaxın buraxmamışam, hər zaman çalışmışam ki, sırf sənət məsələlərindən yazım, danışım.
- Belə bir deyim var, teatr cəmiyyətdən bir addım öndə olmalıdır, səhnə daha öncəni görməlidir. Bu baxımdan, siz necə hesab edirsiz, teatrlarımızın ətaləti daha çox mövzu qıtlığından irəli gəlir?
- Öndə olmaq, öncəni görmək – bu, artıq qeyri-ciddi söhbətdir. Teatrın bu dönəmləri yaşandı və bitdi. Teatr bu gün müasirinin iç dünyasına, onun psixolojisinin ən dərin qatlarına nüfuz etməyə səy göstərir və teatr bu gün daha inqilabçı deyil. Müasir teatr üçün fərdiyyət cəmiyyətdən qat-qat maraqlı və üstündür. Onsuz da hər birimiz yaşadığımız toplumun cızdığı eskizlərik. İnsan yaşamaq istəyirsə, özünü cəmiyyətə uyğunlaşdırır və nəsə qazanmaq üçün nələrisə itirir. Uyğunlaşmanın mexanizmi budur. Bax, bu «uyğunlaşan insan» sonucda kim olur, kimə çevrilir və hansı aqibəti yaşayır? Dünya teatrı məhz bu «uyğunlaşan insan»ı, onun psixo-fizioloji ovqatını, bədbəxt xoşbəxtliyini çözməyə və yansıtmağa çalışır. Milli Teatr isə gerçəkliyə, müasirliyə heç adekvat deyil. Bu qədər: mən dedim, hərə öz payını götürsün. Sizə isə teatra belə diqqət göstərdiyiniz üçün təşəkkürlər!