Vaxt.Az
«Son Tiflis təəssüratlarımdan»
Siyası dönəmlərin fərqi
Ötən həftənin sonundakı Gürcüstan səfərimin Təkəli kəndi ilə bağlı söhbətini “Gündəlik teleqraf”da qabağa saldım. İndi isə Tiflis təəssüratlarımdan danışım. İvanişvili hakimiyyətində Gürcüstanın paytaxtı necə var elə qalıb. Halbuki Saakaşvili gələndən sonrakı dönəmlə bağlı bunu demək olmazdı. Şevarnadze vaxtında Gürcüstanın bütün məkanına “ora getmə-bura getmə, oğurlayarlar!”yazılmışdı. Rayonlara çıxmaq qorxulu idi, axşam Tiflisi gəzmək qorxulu idi. Başqa cür necə ola bilərdi axı?! Bir gəncin bir diskussiyada boynuna aldığı kimi, 90-cı illərin gürcü gənclərinin idealı oğrubaşı (vor v zakone) olmaq idi, narkomanlıq isə oğlanda nəsə brənd geyimləri kimi qızların xoşuna gələn bir şakər idi. Saakaşvili narkomanlığı həmin oğlanın dediyinə görə, minimuma endirdi, çünki universitetlərdə oğlanların damarlarını yoxlayırdılar ki, iynə yeri var, ya yox. Nəşəyə görə cəza və cərimələrin yüksək olması isə çoxlarını çəkindirdi. Oğrubaşılarının Gürcüstandan didərgin salınması onların cazibəsini azaltdı. İndi barlarda saldırqan, sataşqan gənclərə rast gəlməzsən. Bir dəfə pivə içənlərin davasını gördüm, çox dişsiz bir dava idi, hətta qorxulu yox, gülməli görünürdü. Bu boyda oğlanların yumru-ğunun heç bir gücü görünmürdü. Deməli, davaların azlığından təcrübələri yox idi.
Şevarnadze vaxtının Tiflisində bütün mərkəzi dükanların qabağında generator motorlarını görmək olardı ki, işıq olmayanda işıq versinlər. Çox keçmədi, Saakaşvili Tiflisindən generatorlar yoxa çıxdı. Yollar düzəldi, hündür evlər tikilməyə başladı. Ancaq Tiflisin mərkəzi küçələrində və bir çox yeraltı keçidlərində öncələr də, indi də sidik iyi gəlməkdədir. Öncələr də, indi də çoxlu dilənçi görərsən.
Gürcülər bizim haqda
Tiflis küçələrində bəlli saatlarda tıxac olur və gürcülər bizim kimi “off” edirlər. Ancaq bizim tıxaclar hara, onlarınkı hara?! Gürcülərdən Bakını görənlər bir qayda olaraq “bəh-bəh"lə danışır. Səbəbini tapdım. Bakıda gürcü filmlərinin və Stalin dönəminin təsiri hələ də qalıb, Azərilər onları nəsə yüksək, xoş aurada qavrayırlar. Ona görə də, küçədə birisini gürcü biləndə suallarına, xahişlərinə sayğı ilə yanaşırlar. Kim bundan ləzzət almaz?! Ancaq Tiflisdə bizə elə baxmırlar, daha doğrusu, elə baxan az ta-pılır. Bir intellektualdan soruşdum ki, sizdə yenə azərbaycanlı kolxozçu, kəndçi imicindədir? Dedi, Azərbaycan vətəndaşları yox, Marneuli camaatı o imicdədir. Ancaq azərbaycanlıları burda pullu və işlək sayırlar.
Borçalı gəncləri
Bu yerdə Borçalı gəncləri ilə bir söhbətim yadıma düşdü. Onlar SOCAR-ın azərilərə iş verməsindən daha yüksək dəyəri verirlər müsabiqədən çıxmış oğlan və qızların oxumasına pul ayırmasına.
Öncələrdən fərqli olaraq, Gürcüstan türklərinin Azərbaycana köçməsi xeyli çətinləşdirilib. Artıq, de-yənlər var ki, qabaqlar bütün arzu Bakıya köçmək və ya uşaqları Bakıya yollamaq üstünə köklənmiş-di, indi isə Bakı xəstəliyi azalmaqdadır. Mənə bunu da dedilər ki, bizə gürcülər nə pis edirlərsə, yaşlı nəslin əli ilə edirlər. Məsələn, seçkilərdə hər namizəd çalışır “ağsaqqal” tapıb onun əli ilə özünə səs yığsın. Ancaq durum getdikcə dəyişir: Tiflisdə çoxlu gürcücə oxuyan azəri peyda olub, Borçalı adamlarının müəyyən vətəndaş dərnəkləri (QHT-ləri) işləməyə başlayıb.
Bizdə yaşlı nəsil özündən çox razıdır. Ancaq özü haqqında ayıq olmaq istəyirsə, zərərlərini bilməlidir. Yaşlı nəslin konformizmi ona gətirir ki, başqa ölkələrdə milli azlıq olanda azəri türklərini dişsiz, fağır edir. Ermənistanda belə olmağın nəticəsini gördük, bundan dərs almalıyıq.
İvanişvili rejimi
Bu il 3-4 dəfə Tiflisə getmişəm, hər dəfə də adamların İvanişvili və Saakaşviliyə necə baxması ilə ilgilənmişəm. Təkrar olunan bir nəsnə var: böyük çoxluq Saakaşviliyə nifrət edir. Hətta onun xidmətlərini danmayanlar da nifrət üçün bir bəhanə tapırlar. Görünür, doğrudan da, o və komandası özlərini elə pis aparıblar ki, adamları yandırıblar və min söz-söhbətə əsas veriblər (bir Borçalı gənci dedi ki, Saakaşvili axır-axır elə bir durum yaratmışdı ki, adam boğulurdu. İndi nə pis olsa da, azad nəfəs alırsan).
Bir-iki ay qabağacan gürcülər İvanişviliyə vaxt verirdilər ki, görək nə edəcək? İndi məyusluq görünür: bu da bir şey bacarmır!
Bu haldan sonuc çıxarıram: demokratiyanın infrastrukturları, altyapıları zəif olanda məyusluq gəlir. Ona görə də bu altyapılarla məşğul olmağı adi iş saymamalıyıq. Mənim üçün, artıq, seçkilər qədər də Demokratiyanın altyapılarını yaymaq, gurlaşdırmaq önəmli olub. Bəlkə, gələn dəfə Demokratiyanın infrastrukturlarından danışaq?
20.09.2013 çap et