Vaxt.Az

«Təkəlidə nəyi bildim»


 

«Təkəlidə nəyi bildim» Ötən həftənin axırı Tüflisdə idim, elə oradan da Gürcüstanın Azəri türkləri yaşayan Təkəli kəndinə getdim ki, çıxışlara qulaq asım. Başlıca amacım, tərtib etdiyim kitabı dinləmənin gedişində təqdim etmək idi. Kitabda Tiflis və Təkəli görüşlərinin çıxışları protokol formatında toplanmışdı. Ona görə də belə adlanırdı: “2012-2013-cü illərin Tbilisi və Təkəli dinləmələri”.
Baxın, görün kitabda nə çıxışlar toplanıb: “Güney Qafqazda jurnalist hüquqlarının pozulması”. Bu dinləmənin protokolunda Güney Qafqaz respublikalarında medianın durumu şəkilləndirilmişdi. 
Başqa bir dinləmədə termin və sözlərin etnik konfliktlərin yaranmasına, dərinləşməsinə necə təsir etməsi gözdən keçirilmişdi. Bir dinləmənin qonusunu bəndəniz vermişdi. Həmin mövzu belə idi: “Barış danışıqlarında humanizm mimikriyası”. Burada mən erməni barışsevərləri ilə ünsiyyətdən çıxardığım nəticəni söyləmişdim. Təxminən belə: siz hər görüşdə insan həyatının dəyərindən, savaşın dayandırılmasından gözəl sözlər deyirsiniz. Ancaq Qarabağın Azərbaycan sərhədləri çərçivəsində statusunun necə olmasından danışmasanız bütün humanizm sözləriniz mimikriya olacaq. 
Biologiyada “mimikriya” bəzi heyvanların yan-yörəsindəki qayanın, yaşıllığın rəngini almasına deyilir. Mən isə bir vaxtlar onu metafora kimi işlədərək “düşüncə mimikriyası”ndan danışmışdım. Yəni göstərmişdim ki, Azərbaycan türkcəsində olan bol ərəb-fars sözlərinin bir ziyanı odur ki, yazıda dü-şüncə olmayanda onun mimikriyasını, görüntüsünü yaradır. Ərəb-fars sözlərinin avazını belə yazılardan götürün, yəni türkcənin sözlərini çoxaldın, həməncə yazının fikirsizliyi üzə çıxacaq. 
Mimikriya ilə bağlı söylədiyim yeni mövzuda dadıma çatdı və erməni sülh fəallarının bir eyibini açdı: humanizm yerinə humanizm mimikriyası ilə məşğul olmaları. Qarabağı ələ keçirəndən sonra bu mi-mikriya ilə məşğul olmaq kartda bankı götürəndən sonra oyunu yarımçıq kəsib aradan çıxmaq kimi bir şeydir.
Təkəlinin faydası
Təkəli dinləməsində mənim təqdim etdiyim kitab belə məsələləri özünə qatırdı. Həm biz, həm də erməni tərəfdən xeyli adam tapılır ki, Təkəli disputlarına şübhə ilə baxırlar. Orada hətta bir kanal üçün məndən soruşdular ki, Təkəlidə erməni və Azərbaycanlı disputlarının nə dəyəri var? Mən indi cavabı bizimkilərə təkrar edirəm: küsmək o zaman etgili olur ki, sənin çox böyük imkanların var və adamdan küsdüyün üçün o həmin imkanlardan pay almır. Beləcə, Obamanın Putinlə özünü küsülü kimi apar-ması həmin amacı güdürdü. Putin vecinə almayan adam kimi özünü aparsa da bu, pis oyunda yaxşı sifət almağa daha çox oxşayır. Çünki rus prezidenti istərdi ki, siyasi qurğularını Obama ilə “küsülü” olmadan aparsın.
İndi biz də müxtəlif tədbirlərdə ermənilərlə özümüzü küsülü aparsaq, effektli olmayacaq, çünki Azərbaycanla gerçək barış istəyən adamları da itirə bilərik. Necə ki idman yarışlarında erməni və Azəri güləşçilərinin yarışına yaxşı baxmalıyıq, eləcə də dialoqa. Bu zaman birincisi, arqumentlər silahını “itiləyirsən”. İkincisi, diskussiya pilləkən biçimində pillə-pillə yuxarı qata qalxır. Onlar Qarabağ məsələsində haqlı olmalarına filan arqumenti deyirlər, biz cavabını veririk. Onlar bir pillə qalxıb başqa nəsnəni söyləyirlər, biz cavabı verib onlardan yuxarı qalxırıq. 
Mənim bu söylədiklərimi erməniləri aldatmaq kimi yozmaq düz olmaz. Mən, sadəcə, onu demək istəyirəm ki, dartışma meydançasının olması münaqişədə olan millətlər arasında yeni imkanlar açır və bu imkanları bada vermək olmaz.
Erməni sərhədçilərinin xəlvət işlərindən
Və nəhayət Təkəli dinləmələrindən aldığım son bilgini söyləyim. Çıxışların sırasında “Ermənistan-Gürcüstan sınırlarında olan durum” mövzusu da vardı. Bu mövzuda Borçalıdan olan gözəl və savadlı bir azəri qızı çıxış etdi. Faktlarla söylədi ki, erməni sərhədçiləri xəlvət-xəlvət Gürcüstan azərbaycanlılarının yaşadıqları yerlərdə sərhəd xəttini dəyişib, Gürcüstanın içinə girirlər. Elə bir hal yaranıb ki, adam bir də ayılıb görür ki, bostanı Ermənistan ərazisinə düşüb. Bir erməni dinləyicisi sinirlı söz atdı ki, bu düzdürsə, niyə Gürcüstan hökuməti nota vermir? Qız isə dedi: indi gürcülərin başı siyasi gərginlikdə qarışıb. Ancaq, axı, vəziyyət dəyişəndə sərhədlərin belə dəyişdirilməsi yeni münaqişələrə səbəb olacaq. 
Bax, belə söhbətlərə görə də Təkəli görüşləri bizə dəyərlidir.
 





19.09.2012    çap et  çap et