Vaxt.Az
«Azərbaycan türkcəsi üçün itmiş adamlar: necə az etməli?»
Dil və pul
Bir ulusun adamları arasında öz dillərini pis bilənlərin və ya bilməyənlərin sayının artması millətin azalmasına, millətdə qızların doğumunun aşağı düşməsinə bərabər fəlakətdir. Hətta belə də demək olar: bir dildə danışanların azalması nəinki mənəvi, həm də iqtisadi böhran yaradır. Keçmiş Sovet məkanında rus dilini bilənlərin azalması nə qədər kitabların tirajını aşağı salıb, nə qədər filmlərin tamaşaçılarını azaldıb? Bunun statistikasını biləndə məsələnin iqtisadi sonuclarına da çıxmış olarıq. Tirajın sayı həm çap evləri, həm kitab dükanları, həm də müəlliflər üçün pul deməkdir. Bundan da dolayısı kültürsəl sonuclar çıxır: tiraja görə yaxşı pul götürən yazar, filosof, jurnalist peşəsini hobbi saymır. Axmaq adamlar "çörək ağacı" sözünü bayağılaşdırmasaydılar, demək olardı, "peşən çörərk ağacın olanda sənətin yaman ləzzət olur".
Bu msələdə Azərbaycanın vəziyyəti erməni və gürcülərə baxanda yaxşıdır. Ancaq bizə və Anadolu türklərinə ayıb olsun ki, kitablarımızın sayı bir-birimizə görə önəmli artmır. Nə bizdə onların kitablarını oxuyurlar, nə onlarda bizim. Güney hesabına artmasına isə ciddi siyasi əngəllər var. Hərçənd qorxuram bu əngəllər olmasaydı, yaranmış şəraitdən yenə də əla istifadə edə bilməzdik.
Azərbaycanca danışanların azalmasının səbəblərindən
İndi isə Azərbaycan türkcəsinin daşıyanlarının azalmasının səbəbləri haqqında. Yüz minlərlə azəri Rusiyadan tutmuş Avropa və Birləşmiş Ştatlaracan yayılıblar. Onların ailələrində doğulmuş uşaqların çoxu isə daha dilimizi bilmirlər. Beləcə, yüz minlərlə uşaq azəri dili üçün birdəfəlik itmiş olur. Belə itkilər farscaya görə Güneydə də baş verir. Bir gürcü tanışım var, alimdir əski nazirdir. Bir dəfə mənə söyləmişdi ki, yabançı ölkələrdə gürcü ailələrində doğulmuş uşaqların çoxu gürcücə bilmirlər. Ancaq hansı ölkədə erməni ailəsi və uşağı varsa, görəcəksən ki, dillərini bilir.
Bəlkə də beş-on il qabağa aid olan bu sözlər indi gerçəyə uyğun deyil, hərçənd inanmıram ki, durum kəskin dəyişsin. Halbuki son üç-dörd ildə mən atası da, anası da azərbaycanlı olan neçə gənc görmüşəm, dilimizi bilmir. Hətta aralarında yanıb-tökülənlər də olub. Birisi Rusiya telekanallarından birinin jurnalistidir, Türkiyədə keçmiş ulduzdan müsahibəni ingiliscə götürəndə heyfslənirdi ki, niyə zamanında dili öyrənməyib. Halbuki ata-anaları bilsəydi, bunun asan yolu vardı.
Ana dili öyrətməyin asan yolu
Hətta Bakının özündə elə ata-ana var ki, uşaqlarına rusca öyrətmək üçün ikisi də balaları ilə rusca danışır. Sonralar o uşaqlar küçə məcbur edirsə, pis-yaxşı, savadlı-savadsız azəricən öyrənirlər, etmirsə, 40 yaşında da bu dili bilmirlər.
Sovet dönəmində bir dərgidən belə bir olayı oxumuşdum: uşaq anadan olanda onunla ata bolqarca, ana fransızca, nənə almanca danışdığı üçün sonradan bu dillərin hamısını bilir. Zaman keçdi bu eksperimenti mən öz uşaqlarımla apardım. Onlarla yalnız öz dilimdə danışırdım, bu məsələdə o qədər inadkar idim ki, kiçik oğlum 10-cu sinifdə mənim kimləsə rusca danışdığımı eşidəndə mat qaldı ki, bəyəm, sən rusca bilirsən?
Bizdəki ailələrdə ata-ananın ən böyük səhvi o olur ki, onlar heç bir dildə uşaqları ilə təmiz danışmırlar. Halbuki onların biri rusca (azəri qatışığı olmadan), o birisi azəricən (qatışıqsız) danışsa, uşaq iki dili əla bilər. Bizdə isə çox vaxt ata-ana qatışıq moltanı dilində uşaqları ilə danışırlar və sonucda uşaqların bildiyi dil nə rus, nə Azərbaycan dili olur. Uşaq bilir iki dilin qatışığında olan moltanı dilini.
Başqa ölkələrdə yaşayanlar üçün məsləhət
Yabançı ölkələrdə yaşayan və bu yazımı oxuyanlara məsləhət: evdə uşaqlarınızla təmiz şəkildə öz dilinizdə danışın, küçədə və məktəbdə o yaşadığınız ölkənin dilini onsuz da öyrənəcək. Məncə, bu məsələdə Anadolu türkləri örnəkdirlər (Avropada gördüyüm yeni nəsil türkləri hamısı ana dilində normal danışırdılar). Belə olanda, dilimiz üçün minlərlə gənc həmişəlik itməyəcək və deməli, kitablarımız, mahnılarımız üçün də itməyəcəklər.
14.09.2013 çap et