Federal Təhqiqatlar Bürosunun Hillari Klintonun email istintaqı ilə bağlı yeni məlumatı araşdırdığına dair xəbər Klinton Ayova ştatına seçki tədbirinə gəlnı zaman yayılıb.
FTB Konqres üzvlərinə yenicə aşkar edilmiş emailləri nəzərdən keçirdiyini bildirib. Bu materialların keçmiş demokrat konqresmen Antoni Vinerin «seks mesajları» göndərdiyi iddialarla bağlı aparılan ayrı istintaqla əlaqəli olaraq açılıb.
Viner Klintonun baş köməkçisi Huma Abenin ayrı yaşadığı həyat yoldaşıdır.
Klintonun respublikaçı rəqibi Donald Tramp Nyu Hempşirdə bu xəbərlərlə bağlı şərh verib.
«FTB Konqresə keçmiş dövlət katibi Hillari Klintonun istintaqı ilə əlaqəli olan yeni emaillər aşkar etdiyinə dair məktub yollayıb.»
İyul ayında FTB -nin direktoru Ceyms Komi Klintonun şəxsi email adresindən istifadə etməsini ehtiyatsızlıq kimi qiymətləndirirək, lakin bunun cinayət olmadığı haqda nəticə çıxarıldığını deyib.
«Biz dövlət katibi Klinton və ya onun həmkarlarının məxfi məlumatlarla bağlı qanunları pozmaq niyyətində olduqlarına dair dəlillər tapmasaq da, onların çox həssas, yüksək dərəcədə məxfi məlumatların saxlanılmasında son dərəcə ehtiyatsız hərəkət etdiklərinə dair sübutlar var».
Rəy sorğuları göstərir ki, seçicilər email qalmaqalı səbəbilə Klintonun etibarsız olduğunu düşünür.
Tramp uzun zamandır FTB-nin Klintonu məhkəməyə cəlb etməmək qərarını tənqid edirdi. Ancaq bu dəfə Nyu-Hempşirdə o, fəqrli bir fikir səsləndirib.
«Bu, Amerika xalqının da dərk etdiyi kimi, ədalətin pozulmasıdır. İndi isə bu səhv düzəlmək üzrədir.»
Klinton da məsələ ilə bağlı açıqlamalar verib.
«Amerika xalqı dərhal bütün və ətraflı məlumatları əldə etməlidir. Direktor özü hələ ki məktubda sözü gedən emaillərin əhəmiyyətli olub-olmadığını bilmədiyini deyib. Mən isə o emaillərin iyul ayında verilən qərarı dəyişməyəcəyindən əminəm».
Respublikaçılar FTB-nin qərarını qəbul etsə də, siyasi ekspert Ceyson Conson kimi bəziləri qərarı tənqid edir.
«Mən bundan çox narazıyam. Bu, Amerika tarixində Ədliyyə Nazirliyi bürokratının qeyri-professional, qeyri-münasib və tayı-bərabəri olmayan bir şəkildə səlahiyyətindən yanlış istifadə etməsi idi».
Keçən həftə yayılan bu xəbər onsuz da uzun və ziddiyyətli prezident seçkilərinə yeni qeyri-müəyyənlik elementi əlavə etdi.
Rəy sorğuları Klintonun həm ölkə boyu, həm də noyabrın 8-də seçkinin nəticələrini müəyyən edəcək bir çox mühüm ştatda Trampdan öndə olduğunu göstərir.