Onun sözlərinə görə, həmin 61 kənd yalnız cənub cəbhəsində geri alınıb və bu, 1400 kvadrat km ərazi deməkdir. Bundan əlavə 1396 ailənin bölgədən evakuasiya edildiyi bildirilir.
General əməliyyat zamanı İŞİD-in canlı itkisi barədə də məlumat verib: «Bu zamana qədər 747 İŞİD mənsubu öldürülüb, 88 terrorçu canlı ələ keçirilib».
Məlumat üçün qeyd edək ki, Mosul əməliyyatının cənub və qərb bölgəsində İraq Silahlı Qüvvələri təkbaşına hərbi əməliyyat keçirirlər. Mosulun şərqində isə onlar peşmərgələrlə birlikdə hərəkət edirlər. Elədirsə, hansı qüvvənin hərbi əməliyyatlarda daha fəal iştirak etdiyi sualı ortaya çıxır. İlk baxışdan, bu sual mənasız təfərruat kimi görünsə də, bu zamana qədər ABŞ yetkililəri İraq ordusunu qabiliyyətsizlikdə suçladığı, peşmərgə qüvvələrini isə igidlikdə öydüyü üçün mühüm əhəmiyyət daşıyır.
Peşmərgə qüvvələrinin əməliyyat çərçivəsində əldə etdikləri uğurlar barədə verdiyi məlumatlar bu suala müəyyən aydınlıq gətirir.
Kürdüstan Bölgəsi Silahlı Qüvvələr Ümumi Komandanlığının az öncə yaydığı yazılı açıqlamaya görə, bu cəbhədə indiyə qədər 28 kənd işğaldan azad edilib. İraq ordusunun yalnız cənub cəbhəsində işğaldan azad etdiyi kəndlərin sayı 61-dirsə, deməli, onlar peşmərgələrdən, ən azı, 2 dəfə çox yaşayış məntəqəsini qurtarıblar. Nəzərə alsaq ki, peşmərgənin xilas etdiyi ərazilərdə belə, İraq ordusu onlarla bərabər hərəkət edib, bu nisbət xeyli artar.
Yazılı açıqlamaya görə, əməliyyat başlayandan bəri keçən 2 həftə ərzində Kürdüstan cəbhəsində 500 kvadrat km sahə işğaldan azad edilib ki, cənub cəbhəsində bu rəqəm 1400 kv. kilometrdir. Yəni, hardasa 3 dəfə çox.
Peşmərgənin nə qədər İŞİD-çi öldürdüyü isə qeyd olunmur. Sadəcə 50-dən çox bombalı maşının, alınan kəndlərdə 800-dən artıq bomba və minanın məhv edildiyi xəbər verilir. Məlumatda o da xüsusilə vurğulanır ki, «iki həftəlik müddət ərzində peşmərgə gücləri koalisiya qüvvələrinin hava dəstəyilə İŞİD mənsublarına böyük zərbə vurublar".
Bütün bu təfsilatsız və «quru» məlumatlardan hərəkət edərək, Mosul əməliyyatının ən ağır yükünün İraq ordusunun çiyinlərinə düşüdüyünü söyləmək mümkündür. Hətta peşmərgələrin rəsmən etiraf etdiyi statistikanın daha dərinliyinə enəndə belə çıxır ki, onların girdiyi kəndlər ABŞ hava qüvvələri tərəfindən tamamilə zərərsizləşdirilib və xilasedicilərin qarşısına ancaq intihar hücumundan başqa heç nəyə gümanları qalmayan «xilafət kamikaze»ləri çıxıb. Peşmərgələr də onların idarə etdikləri maşınları sərrast atışlarla göyə sovurublar.
Məlumatdan o da aydınlaşır ki, kürd yaraqlılarının üzərinə düşən əsas vəzifələrdən biri qurtarılan ərazilərdəki minaları təmizləmək olub. Qeyd edək ki, iki gün bundan əvvəl Mosul əməliyyatında ilk dəfə ABŞ silahlılarının şəkilləri yayınlanmış və onların fəaliyyətləri barədə təfsilatlı məlumatlar verilmişdi. Bildirilmişdi ki, bu əsgərlər ən müasir texnologiyalarla təchiz olunmuş maşınlarla minaların yerlərini təsbit edir və həmin minalar robotlar vasitəsilə partladılır, peşmərgələrin bu vaxta qədər İŞİD-ın əlindəki kəndlərə girməsinə şərait yaradırlar.
Mümkündür ki, eyni kömək İraq ordusuna da edilsin. Bu barədə konkret faktlara rast gəlmədiyimizdən hər hansı dəqiq fikir söyləmək iqtidarında deyilik. Sadəcə açıqlanan rəsmi statistikada İraq ordusunun cənub cəbhəsində 747 İŞİD mənsubunu öldürdüyünün bildirilməsi qüvvələrin üz-üzə döyüşə girməsitəəssüratını yaradır.
Üstəlik, o da məlumdur ki, ABŞ liderliyindəki koalisiya qüvvələri xüsusilə qərb cəbhəsində Haşdi Şabinin aktiv rol aldığını əsas gətirib Telafər qəsəbəsindən başlayan əməliyyata hava dəstəyi vermir. İkinci cəbhənin açılması, Raqqa ilə Mosul arasındakı təchizat xəttinin bağlanması tamamilə İraq ordusunun öz öhdəsinə düşüb.
Bütün bu faktlar ABŞ-ın indiyə qədər Yaxın Şərqdə hansısa bir xalqı aşağılayaraq, başqa birisi üzərində isə qəhrəmanlıq mifi yaradaraq, regionu öz istədiyi kimi yenidən düzənləməyə çalışmasının həqiqəti əks etdirmədiyi, hər bir millətin eyni ölçüdə igid olduğu göstərir.