Müxalifət funksionerlərinin siyahılara münasibətləri isə fərqlidir. Bəziləri bu müzakirələrdə neytral qalmağa çalışsa da, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Milli Şura ikincilərin hazırladığı siyahıya dəstək verib.
Milli Şuranın sədri Cəmil Həsənli Xədicə İsmayılın siyahısının natamam olduğu fikrindəykən, AXCP sədri Əli Kərimli də öz növbəsində Leyla Yunusun iştirakı ilə hazırlanan siyahının düzgün olduğunu bildirib.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə Modern.az-a açıqlamasında bu haqda danışıb. O, heç bir tərəfin siyahısını tanımadığını bəyan edib.
«Nə Xədicə İsmayılın, nə də Milli Şuranın siyasi məhbus siyahısı dəqiqdir».
O qeyd edib ki, Azərbaycanda hər iki siyahıda yer alan qədər siyasi məhbus yoxdur: «Mən nə birincinin, nə də ikincinin siyahısı ilə tanışam. Eyni zamanda heç biri ilə də razı deyiləm. Azərbaycan da bu qədər siyasi məhbus yoxdur.
Bizim siyahıya görə, ölkədə cəmi 10 siyasi məhbus var, adlarını da açıqlamıram».