Vaxt.Az

Babayevlər uduzur


 

Cahangir Hacıyevin batırdığı pullar uğrunda mübarizə

Babayevlər uduzur Azərbaycan Beynəlxalq Bankı Rusiyanın Sankt-Peterburq şəhərinin Arbitraj məhkəməsində biznesmenlər Malik və Elşən Babayevlərə məxsus «Beynəlxalq Baltik İnvestisiya Şirkəti» ilə çəkişməni udub.

Virtualaz.org xəbər verir ki, Apellyasiya Məhkəməsi 35 milyon dollarlıq borc məsələsi ilə bağlı neçə vaxtdır davam edən bu çəkişmədə bankın xeyrinə qərar çıxarıb. Qərara əsasən Sankt-Peterburqun məşhur «Ermitaj» muzeyi ilə eyni adı daşıyan «Ermitaj Otel» borc əvəzində bankın aktivinə keçəcək.

Xatırladaq ki, bu mübahisənin kökü Azərbaycan Beynəlxalq Bankına Cahangir Hacıyevin rəhbərlik etdiyi dövrlərə gedib çıxır. Biznesmenlər Malik və Elşən Babayev «Ermitaj» muzeyinin qonaq evini alıb və onu Azərbaycan Beynəlxalq Bankının 2008-ci ildə ayırdığı 25 milyon dollarlıq krediti hesabına bərpa edib, beşulduzlu otelə çeviriblər.

Otel 2014-cü ildə istifadəyə verilib, lakin Babayevlər krediti qaytarmadığından bank girov kimi əmlakın müsadirəsi haqda iddia qaldırıb. Baxmayaraq ki, kreditin qaytarılması üçün son müddət 2016-ci ilin sonları göstərilmişdi.

Məhkəmə çəkişməsi zamanı məlum olub ki, Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə bankı «MBA-Moskva»nın baş direktoru 2015-ci ilin fevralında Babayevlərin şirkətinə kredit borcunun ödənilməsinin əvəzsiz olaraq 5 il təxirə salınması haqda məktub verib. Hansı ki, məhkəmə baş direktorun belə səlahiyyətə malik olmadığını üzə çıxarıb. Şirkət məhz bu məktubu əsas gətirərək kreditlərin qaytarılmasının son müddətinin hələ başa çatmadığını iddia edirdi və birinciməhkəmə instansiyası onun xeyrinə qərar çıxarmışdı. Bank isə apelyasiya şikayəti vermişdi. İndi yuxarı məhkəmə instansiyası bankın iddiasını təmin edib.

Bankın maraqlarını müdafiə edən vəkil Andrey Mikonin deyib ki, onlar bankın baş direktorunun faizləri ilə birlikdə 35 milyon dollara çatan kreditin qaytarılması müddətini uzatmaq barədə səlahiyyətə malik olmadığını aşkar ediblər. «Məhkəmə baş direktorun səlahiyyətini aşdığını təsdiq edib»-vəkil deyib. İndi borclu tərəf ya krediti ödəməli, ya özünü müflis elan etməlidir. Müflisləşmə prosesində isə otel bankın aktivlərinə keçəcək. Çünki otelin hazırkı bazar dəyəri 30 milyon dollara yaxındır  və kredit borcunun həcmindən azdır.

Bu arada məhkəməyə digər azərbaycanlı biznesmen Nazim Ələkbərovun adından iddia ərizəsi daxil olub. İddiaya əsasən N.Ələkbərov Elşən Babayevdən «Beynəlxalq Baltik İnvestsiya Şirkəti»nin səhmlərinin 70 faizini tələb edir. Lakin Babayevin vəkili məhkəməyə alqı-satqı müqaviləsi təqdim edərək göstərib ki, iddiaçı həmin səhmləri 2015-ci ilin fevralında ondan alıb. Həmin tarixdə də bank kreditin qaytarılması müddətini uzadıb. Ələkbərovun vəkili isə müqavilənin saxta olduğunu bildirir.

 





31.10.2016    çap et  çap et