Vaxt.Az
«Bizdəki gənc moltanılar»
Dil və ləyaqət məsələsi
Ötən dəfə Azərbaycan üçün bir dəhşətli problemdən danışmışdım. Sovet dönəmində əgər birisi azərbaycanca yaxşı başa düşsə də, bizimkilərə rusca nəsə deyərdisə, onlar hətta rus dilini pis bilsələr də, bu dilin qolunu-qıçını sındıra-sındıra rusca cavab verərdilər. Halbuki səninlə rusca danışan dilini anlayırsa, hərə öz dilində danışsa yaxşı olmazmı?!
Bunun başqa variantı Anadolu türkcəsi ilə bağlı idi. Moskvada mənim Kıprısdan iki türk dostum vardı. Onlarla danışanda “ben”, “geliyorum” deyib bundan böyük ləzzət alırdım. O vaxt Kamal Abdulla bir yaxşı söz dedi: “Bizim adamlar elə bilir ki, ağızlarını əyib danışanda avtomatik Anadolu türkcəsi alınır”.
Anadolu türklərinin dil ləyaqəti
Həm rus, həm türk dili yanında azəricəni belənçi aşağı tutmağımız onu göstərir ki, bizim ləyaqət, şərəf duyğumuzda dilimizin yeri bapbalacadır. Bizim adamlar dilimizi aşağı tutmaqda ləyaqətləri üçün heç bir ləkə görmürlər. Sənin adını, yeməklərini, görünüşünü başqa ulusdan olan birisi ələ salsa, özünü təhqir olunmuş sayırsan. Bəyəm, öz dilini aşağı tutmağın təhqir olunmağın üçün əsas deyil?!
Fikir vermisiniz, Bakıda işləyən, oxuyan heç bir əcnəbi türk bizim ləhcəmizdə danışmır. Heç bir çətinlik, kompleks bilmədən öz ləhcəsində danışır. Olsa-olsa, hərdən başa düşülsün deyə “iyi”nin yerinə “yaxşi” deyir. Sanki elə belə də olmalıdır, yəni zəhmət çək, anla. Bu, onların dillərinə sevgisindən, dilləri ilə bağlı şərəf duyğusundan gəlir.
Mən Moskvadan qayıdandan sonra türklərlə söhbət edəndə, daha onların ləhcəsində danışmıram, sadəcə, gərəkəndə anlamadıqları sözlərin yerinə türkcənin kəlməsini sinonim kimi işlədə bilərəm. Ancaq heç vaxt “ben”, “geliyorum” demərəm.
Onu da deyim ki, rusca gözəl bilən gürcülər də bir-biri ilə o dildə danışmazlar.
Narazılığımın nədəni
Bütün bu məsələlər haradan ağlıma gəldi? Bu yaxınlarda gənclərlə yay məktəbi üçün Şəkiyə getmişdim. Yolda avtobusda eşitdiklərim məni bərk etgilədi. Onların danışığı öz dilimizlə rus dilinin cümlələrinin qatışığında həftə-becər idi. Belə dilə moltanı dili deyirlər, bu dildə danışana isə moltanı. Yığışıb söhbətləşəndə onlara bütün bunları söylədim. Artırdım ki, Ortaçağda “moləmma” deyilən janr vardı, şeiri türk, ərəb, fars cümlələrindən qururdular. Ancaq bu, heç cürə populyar janr olmadı. Siz nə yapırsınız, moləmma yapmaq istəyirsiniz, ya nə?!
Dilçilikdə ikidilliliyə “bilinqivizm” deyirlər. Yaman az adam bilinqvist olanda hər iki dildə ustalıq göstərir. Çoxunun isə bilinqvizmi moltanılıq verir - uşaqlara dedim, sizin kimi. Yenə anlatdım: uşaqlar, sanki sizin iki dildən istifadə etməniz jonqlyor kimi virtuozluq göstərməkdir. Bir düşüncəni deyəndə azəricən sözü tapmaq çətin olan kimi, “hop” edib ruscadan götürürsünüz və tərsinə.
Ancaq işdə nəyi görürük? Sizin kimi danışanlara qulaq asanda adamın ürəyi çəkilir. Danışığınızda başdan-ayağa bir dil o birisinə badalaq vurur, bir dil o biri dildə dolaşıb qalır. Onun üçün də sadəcə, xəbəriniz yoxdur, siz danışanda nevroz içində olursunuz. Bir söz demirəm, danışığınızın böyük kəsimlərini (pasajlarını) təmiz rusca və ya azərbaycanca danışın. Ancaq siz Allah, bir cümlə o dildən, bir cümlə bu dildən deməyi tərgidin.
Uşaqlar mənə elə baxdılar ki, dedim başa düşdülər. Ancaq sonrakı günlər gördüm ki, heç nə başa düşməyiblər. Sadəcə, indi bilmirəm, bütün azəri gəncliyi belədir, yoxsa “bəxtimə” bunlar düşmüşdü.
Təmiz dilin ləyaqəti
Sovet dönəmində mən nə qədər əziyyət çəksəm də, danışığımdan “uje”, “voobşe” kimi zibil sözləri çıxarmışdım. Və təmiz danşığıma görə “sağ ollar” da eşitmişdim. Təmiz danışıq istəyi yeni deyil. Ortaçağda Babur hərdən əyanları arasında mərc kəsib türkcə təmiz danışmayanları cərimələyirdi.
Sovetlər dağılandan sonra dilimizin Türkiyədəki kimi təmizlənəcəyinə inanırdım. Ancaq proses nədənsə çox uzun çəkdi. Nə etməli ki, gənclərdə təmiz Azərbaycan türkcəsində danışmağın dəbi yaransın? Necə etməli ki, gənclərin ərdəmində (ləyaqət və şərəf duyğusunda) türkcə öz yerini tutsun?
14.08.2012 çap et