Vaxt.Az

Putin geri çəkilən deyil...


 

«Böyük Pyotr», «Admiral Kuznetsov», «Akula» və daha nələr...

Putin geri çəkilən deyil... Bu gün Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, «Böyük Pyotr» raket kreyserinin başçılıq etdiyi gəmi zərbə qruplaşması Aralıq dənizinə daxil olub. «Ötən həftə bizim təyyarədaşıyan gəmi zərbə qruplaşmamız «Böyük Pyotr» raket kreyserinin başçılığı ilə Atlantik okeanının şərqindən Aralıq dənizinə keçiblər» - Şoyqu bildirib.

Rusiya müdafiə naziri Suriya sahillərinə görünməmiş qüvvə cəmləşdirilməsinin məqsədini yenə də açıqlamayıb. Ancaq Qərb kəşfiyyatının gəmilərin Hələbə yeni hücum üçün göndərildiyi barədə dediklərini də təkzib edib.

Xəbər verildiyi kimi Rusiyanın Şimal donanmasının gəmiləri bu ölkənin malik olduğu, sovet dövründən qalma sınıq-salxaq «Admiral Kuznetsov» təyyarədaşıyanı başda olmaqla Aralıq dənizinə istiqamət alanda NATO ölkələri bunu ciddi narahatlıqla izləməyə başladılar. Gəmilər bir neçə NATO ölkəsinin sahili boyu üzürdü və İslandiyadan yanacaq götürməli idi. Lakin ABŞ-ın təzyiqləri qarşısında bu ölkə Rusiya hərbi gəmilərinə yanacaq verməkdən imtina etdi.

Qərb mətbuatı günlərlə Rusiya gəmilərinin Aralıq dənizinə doğru nümayişkarənə səfəri haqda yazırdı və bu zaman diqqəti əsasən qalın qara tüstü buraxaraq üzən «Admiral Kuznetsov»a yönəldirdilər. Qərb mətbuatı və hərbçiləri Rusiyanın bu gəmisini «çürük vedrə»yə bənzədərək bildirirdi ki, «Admiral Kuznestov» olduqca köhnədir və nasazdır. Nəticədə onu Aralıq dənizinə səfərdə yedək gəmiləri müşayiət edir. Bununla belə gəmi başdan ayağa silahla və raketlərlə doludur.

Yol boyu «Admiral Kuznetsov»un başçılıq etdiyi qruplaşmaya Baltik dənizindən Rusiya donanmasının flaqmanı «Böyük Pyotr» və daha bir neçə gəmi də qoşuldu. Daha sonra məlum oldu ki, Rusiya Aralıq dənizinə təkcə suyun üstü ilə deyil, həm də altı ilə gəmilər göndərib. Rusiya donanmasının «Akula» atom sualtı qayığı və qanadlı raketlərlə silahlanmış daha iki sualtı qayıq hazırda Aralıq dənizindədir.

Britaniya kəşfiyyatından isə «The Times»ə bildirdilər ki, Rusiyanın Aralıq dənizinə misli görünməmiş dəniz zərbə qruplaşması cəmləşdirməsi Hələb şəhərini üsyançılardan azad etmək üçün yeni hücumun planlaşdırıldığını göstərir. Hərçənd ki, Rusiya XİN və Müdafiə Nazirliyi bunu təsdiq etmədi.

Qərbdə hesab edirlər ki, Rusiya ABŞ-da prezident seçkilərinə az qalmış Hələb üzərinə yeni və böyük hücum başlada bilər. Özü də bu hücumda nümayişkaranə şəkildə təyyarədaşıyan gəmidən və digər hərbi gəmilərdən istifadə etmək istəyir ki, özünün dəniz superderjavası olduğunu Qərbə göstərsin.

Hazırda Rusiya aviasiyası Hələbə hava zərbələri endirmir. Müdafiə naziri Şoyqunun bildirdiyinə görə, artıq 16-cı gündür ki, Rusiya aviasiyası Hələb üzərində uçmur. Moskva iddia edir ki, aviasiyanın uçuşlarını Hələbdə mülki əhalinin mühasirədən xilas olmasına şərait yaratmaq və ABŞ-a mötədil müxaliflərlə «Əl-Nüsra» cəbhəsi arasında hədd çəkməyə fürsət vermək üçün dayandırıb. Lakin bu, az inandırıcıdır. Çünki Suriya və Rusiya aviasiyasının Hələbə həftələrlə intensiv hava zərbələri endirməsi nəticəsində mülki əhali arasında böyük tələfat baş verirdi.

Qərb ölkələri, beynəlxalq media və insan haqları təşkilatları bu zərbələrə görə Rusiyaya qarşı sərt kampaniya apardılar. Hətta məsələ Rusiyanın hərbi cinayətlərə görə mühakimə edilməsi tələblərinə qədər gedib çıxdı.  Görünür Moskva bu təzyiqlər qarşısında geri çəkilməli oldu və hava əməliyyatlarına ara verdi. Və havadan zərbələr dayanan kimi Əsəd qüvvələri Hələbdə irəliləməyi dayandırmalı oldular. Yaraqlılar isə yeni qüvvə ilə mühasirəni yarmağa çalışır və son məlumatlara görə Əsədin qüvvələri Hələbdə ələ keçirdiyi mövqelərdən bəzilərini əldən verib. Beləliklə də Rusiyanın Hələbdə qələbəni bayram etməsi bu tezliklə baş tutana oxşamır.

Ancaq Putin də geri çəkilən deyil. Hələbi üsyançılardan təmizləyib Əsəd rejimini möhkəmləndirmək indi ona Qərblə qarşıdurmada çox lazımdır. Əgər bu baş versə Putin ABŞ-ı Suriya məsələsində tam sıxışdıra biləcək. Bu baxımdan gözlənilir ki, yaxın günlərdə Rusiya həm dənizdən, o cümlədən təyyarədaşıyandan, həm Suriyadakı Hmeymim aviabazasından istifadə etməklə və ola bilsin strateji aviasiyanı da işə salmaqla Hələbə güclü hava zərbələrinə başlayacaq.

 





01.11.2016    çap et  çap et