Vaxt.Az

«Məcburi köşə»


 

«Məcburi köşə» Bəzən yazmaq istəmədiyini yazmalı olursan. Hirslənirsən, öfkələnirsən, qəzəblənib şriftlərə hücum çəkirsən. Axı, bu güllü-gülüstan məmləkətdə nazirə əl çatmır, vəzirə əl çatmır, heç olmasa mirzəyə erişmək mümkün olsun. Erişmək dedim, yəni yetişməyi, irtibat qurmağı, zəng vurub kəlmə kəsməyi nəzərdə tutdum.
Allah saxlaya, hər idarədə ondan var. Adı da mətbuat xidmətidi. Ancaq həmin xidməti göstərənlər çox güman elə düşünürlər ki, hərbi xidmət sayağı bir yerdədilər, mühüm obyekti qoruyurmuş kimi heç bir “kənar qüvvə”yə sirr verməli deyillər. İz azdırmalıdılar, susmalıdılar, gizlənməlidilər.
“Gündəlik Teleqraf” qəzetinin “Mətbuat katibi” adlı oxunaqlı bir rubrikası vardı. Qəzetin müxbiri qurumların mətbuatla əlaqələrinə baxan şəxsləriylə görüşür, bir az onların bioqrafiyalarından, yaradıcılıqlarından, bir az işə düzəlməklərindən, bir az oxuduqları, izlədikləri mətbuatdan (əgər bunlara  vaxt çatdırırlarsa... Əksəriyyət “göz gəzdirirəm, oxumağa vaxtım olmur” deyirdi) bir balaca da özəl həyatlarından suallar verir, sonra incik düşərlər, ağızlarından namünasib söz qaçırmış olarlar deyə, yazılı cavabları sual qarışıq özlərinə göndərir, yoxlatdırır, nəhayət, möhtəşəm proses bitəndən sonra müsahibə qəzet səhifəsinə qoyulurdu.
Axırda nə oldu? Lütf edib rubrikaya qonaq olmuşlara yenə sağ ol deyək, olmamışlara isə heç nə demirik. Ancaq oxuculara çatdırmalıyıq ki, bir neçə mətbuat katibindən başqa qalanlar min bəhanəylə qaçdılar - rubrikadan boyun qaçırdılar. 
Allah-Allah... İki kəlməni ard-arda düzüb diktafona söyləmək, sonra uzaqbaşı mətndə düzəliş vermək belə çətinmiş. Hələ bəzilərinin inadkar və sadəlövh “kapriz”lərini demirəm. Mədəniyyət və Turizm Nazirliyində “təxminən mətbuat katibi” olan biri “Gündəlik Teleqraf”dakı başlığı bəyənmədiyindən, müsahibəni öz istədiyi sərlövhəylə başqa bir qəzetdə dərc elətdirmişdi.
Belə-belə, axırda rubrikaya mətbuat katibi tapa bilmədik.
Tapa bilməməkdən söz düşmüş və yeri gəlmişkən. Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovu, vaxtilə “7 Gün” qəzetinin say-seçmə yazarlarından olmuş sabiq həmkarımızı bizim müxbirlər həftənin 7 gününün birində tapıb ona iki kəlməlik asan sual verməkdə aciz qalıblar.
Namiq müəllim, heç narahat olmayın, suallar doğrudan çətin olmayacaq.
Kim deyir, texnika-texnologiya təkcə adama yetişməyi asanlaşdırıb? Adamın adamdan qaçmağı da bir o qədər asanlaşıb, qardaşım. Sən bütün həyatın boyu birinin mobil telefonuna zəng vurarsan, o da telefonunu səssizə qoyar. Vəssalam. Onun Azərbaycanda olmasıyla, Almaniyada və ya Avstraliyada olması arasında fərq qalmaz.
Təhsilə təzə nazir gələndə, əksəriyyətin dünya da olmasa təhsil sahəsi dəyişəcək-düzələcək deyə ümid lampası yandı. Nazir ilk qərarı... mətbuatla əlaqədar mətbuatla əlaqələrə verdi. Çox pakizə. Ancaq qərar nə oldu, vəziyyət necə dəyişdi - bunu mütləq məruzə eləməyin məsuliyyətini bölüşməliyik.
Bəli, indi istənilən sual - lap nazirliyin dəhlizində saat işləyirmi kimi adi sorğu olsun - yazılı şəkildə nazirliyin mətbuat xidmətinə göndərilməlidi, orda müvafiq məsul şəxslər onu cavablandırmalıdı. 7 gün ərzində, nəhayət, sual-cavab bir yerdə saytda yerləşdiriləcək. Bu da sənə xidmət.... Qoy sənin sualının cavabından bütün ölkə xəbər tutsun, sən özün xəbər tutmasan da olar.
Bu günlərdə nazirliyin mətbuat xidməti 3 təhsil müəssisəsinin direktorunun işdən azad olunması barədə saytda məlumat yerləşdirdi. Rəsmi qurumun belə “nöqtəli məlumat”ına şəxsən mən ilk dəfə rast gəlirəm. Rəsmi məlumatda üç direktordan heç birinin adı bütöv yazılmayıb, baş hərflər qeyd olunub və nöqtə qoyulub. Deyilənə görə, onlardan birinin famili də səhvdi.
Mətbuat işçilərinin növbəti bayramına 1 ay qalmış belə bir “məcburi köşə”nin yazılması heç kəsə çöçün gəlməsin. Mətbuatın problemli durumundan həmişə yazılıb, mətbuata göstərilən belə xidmətdən də söz açmalıyıq.
Güman edir və inamımı da ona qatıram - qarşıdan gələn bayrama qədər qəzetimizin sosial müxbiri “Qaçqınkom”un təkcə bizdən yox, bütün mətbuatdan qaçqın düşmüş mətbuat katibiylə əlaqə saxlamağa nail olacaq.
Heç olmasa, bayramını təbrik eləyər. Barı bayramdan bayrama salamlaşaq.
 





22.09.2013    çap et  çap et