Vaxt.Az
«İstefada olan yazıçılar»
«...sizi ya yox edər, ya yumora çevirər.» Özkan Şahin
İndikindən fərqli, 90-cı illərdə yaman qıtlığıydı. Çörək də qıtıydı, taxıl da, pal-paltar da, yazıçı-şair də. Ancaq zənnimcə, bu analogiya yersiz olmayacaq. 1992-ci ilin yaz aylarıydı səhv eləmirəmsə. Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda gənc yazarların oluşdurduğu “Ağ yol” Ədəbi Birliyi iclasa yığışmışdı. İclas olmağına iclasıydı, amma iştirakçı çox deyildi. Hətta deyərdim, çox azıydı.
Qabaqcadan nəzərdə tutulduğu kimi, Birliyin strukturlaşması aparılmalıydı. Nizamnamə yazmağa məsul işçi qrupu, sonra canım sizə desin, ayda bir dəfə çap olunan ədəbi səhifənin 3 nəfərlik redaksiya heyəti, daha bilmirəm başqa nəsə bir qurum da yaradılmalıydı.
Di gəl, şair-yazıçı yerdən çıxmır axı, heç yazıçılar təşkilatının tavanından da dammır.
İşçi qrupuna adam çatışmayanda yığıncağı aparan bəndənizə bir nəfər kənar müşahidəçi - bütün iclaslara səssiz addımlarla gələn, ancaq heç bir işə müdaxilə eləməyən, dediyinə görə, yalnız şəxsi marağını doydurmaq üçün təşrif buyuran qarayanız orta yaşlı bir kişi kinayəylə mənə baxdı: “Siz də gəlib oturun işçi qrupunun arasında. Utanmayın, di gəlin!”
Onda durum məni utandırdı. İndi gülməyim tutur.
Gah Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunan, gah istefa verən, gah da əzəmətlə başqa qurumdan səslənən, sonra ordan da uzaqlaşan, uzaqlaşmasa da, hər halda buna hazırlaşan, bir sözlə, eni-uzunu təxminən 4 kvadrat metrlik ərazidə böyük məsafələr qət eləmək niyyətiylə çabalar sərf eləyən bir qrup cavan (bir o qədər də gənc olmayan) yazarın indi daha məntiqli olmaq məsuliyyəti var. Nəhəng düşmən və ya rəqib ordusuyla vuruşurmuş kimi əda nümayiş elətdirməyin, BMT Baş Assambleyasının baş tribunasında çıxış yapan sayaq barmaq silkələməyin, bütün öldürücü sarkazmını yazısına, pozusuna, əzasına yükləməyin doğrudan bir faydası varmı, mən bilmirəm.
Hər yerdə özünü sosial şəbəkədəki kimi apara bilməzsən. Cəmiyyət ölkədi, dövlətdi, eni-uzunu olan ərazidi. Virtual deyil. Cəmiyyət sənin, mənim (özümü də qatdım), o birisinin yazdığı misranı, cümləni tozuna da almaz. Heç almır da. Ən çox satılan bədii kitabın tirajına baxın.
Yazıçılar Birliyində tozanaqlamaq elə stəkanda fırtına qoparmaq deməkdi. Nə artıq, nə əskik.
Bizdə nə üçün “böyük şair” mifi var? Nə üçün şairin böyüklüyü, müqəddəsliyi, toxunulmazlığı, əlahiddəliyi düşüncəsi geniş yayılıb?
Ona görə ki, biz balaca ölkədə yaşayırıq. Bu, həndəsədi, rəqəmdi, metrdi, eni-uzunu bəlli sahədi. Əhalidi. Lənkərandı, Bakıdı, Qazaxdı, Zaqataladı. Yekə deyil yəni. Bütöv də deyil.
Yekə danışmağa dəyməz. Yəni kiminçün yekəxanalıq edirsən? Etmə, eləmə. Kimisə çərlətməyə çalışmaqdansa, barı gülümsə.
Çox tez-tez müzakirə eləyir, haray-həşir salırlar. Guya biz də Nobel almalıyıq. Deyirlər, vaxtdı artıq. “Niyə, nə üçün Nobel almayaq?” “Filankəs əsərini Nobelə təqdim elədi!” Allah xətrinə, bir az yavaşıt. Hələ görək biz hansı kültürün, mədəniyyətin içərisindəyik, kimik, nəyik, nəyin nəyiyik... Tariximiz hardan başlayır, qəhrəmanımız kimdi, özümüz kim olmaq istəyirik...
Adama elə gəlir, ədəbi müsabiqələrin münsif komissiyalarında olan saxtakarlıq dünyanın, o cümlədən doğma məmləkətin heç bir məntəqə, dairə və ya mərkəzi seçki komissiyasında baş vermir. Guya bu hekayə yox, o biri hekayə, bu roman deyil, o biri roman birinci yerdə sayılsa, Azərbaycan ədəbiyyatı gül vuracaq, botanika elmində də yeni kəşf olacaq.
Qardaşım, bacım, bir az təvazökar ol Allah xətrinə! Yaxşı əsər yaz. Sənə gülü özüm göndərərəm bu elektron dünyada.
13.06.2013 çap et