Vaxt.Az

«Metronun «Mı»sı kimi»


 

«Metronun «Mı»sı kimi» İnsana kiçik hərəkətlər, xırda olaylar böyük hadisələr qədər, hərdən onlardan da artıq təsir göstərir. Bir ölünün böyründən adi həyat detalı kimi ötüb keçərsən, amma birinin əsəbi, yaxud kədərli siması sənin varlığını alt-üst eləyər. Ağrı da, məna da əcəl kimi nə vaxt gəlir - bilmək olmur.
Mən əgər cəmiyyətin böyük panoramını kənara qoyub, onun kiçik bir epizodundan yazmaqda qərarlıyamsa, qınamağa tələsməyin. Əslində ictimai nəqliyyat nəinki bizim həyatımızın, işimizin bir hissəsi, bir parçasıdı, bəlkə, bundan daha artığıdı - günümüzün başlanğıcı və qurtaracağıdı. 
Avtobuslar-metrolar yeriyən, təkərli cəmiyyətdi. Hərəkətdə olan toplumu burda daha dayanıqlı, yaxud daha diqqətlə müşahidə eləmək mümkündü.
Keçib-gedən dinamik həyatımızda bir şeyi anlamaqda çətinliyim var: Nədən son illər - zaman kəsiyi şərtidi - ictimai nəqliyyatda qoşa oturacaqlar bir nəfərin əl-qol-ayaq sərbəstliyi hesabına zəbt olunur? Yaşından asılı olmayaraq kişi cinsindən olan sərnişinlər iki nəfərlik oturacaqlara elə yan basırlar, onların böyründə qadınları demirəm, heç kişilər də yerləşməyə yer tapmırlar. Metronun “M” hərfi kimi otururlar... 
Bu, bəlkə, cəmiyyətimizin ümumi ab-havasından, qarşılıqlı münasibətlərin ahəngindən xəbər verir; bəlkə, qamarlamaqdan ibarət maniakal bir xəstəliyin əlaməti kimi zühur eləyir; ya bəlkə, bizim psixologiyamızda elə gizli proses gedir, onun nəticələrini xeyli sonralar hesablaya biləcəyik?
Çox sadədi! Bir adam qoşa oturacağa əyləşir, ayaqlarını metro “Mı”sı kimi geniş açır və lap aydınca bilir ki, özgəsinin sahəsinə girib, yanındakı isə ona çatan balaca dödbucaqlıda büzüşüb. Amma onun vecinə deyil. Niyə? Qəribə adamdı. 
Digəl, düşmək lazım gələndə, yır-yığış eləməyin vaxtı çatanda yanındakından elə nəzakətlə icazə istəyir, mat-məəttəl qalırsan. Di sübut elə...
***
Bədii Tərcümə Mərkəzinin “Xəzər” jurnalı təzə-təzə çıxan vaxtı “Qurani-Kərim”in ilk tərcüməsini çap eləməklə böyük rezonansa səbəb olmuşdu. Həmin günlərdə indi imzası bütün ölkədə məşhur olan bir həmkarım məndən soruşdu:
- Quranı oxuyursan da?..
Əlbəttə, oxuyurdum, özü də “Xəzər” jurnalının korrektoru kimi hərf-hərf. Ancaq dostumuzun səsində kənar ton vardı... “Nədi ki?” - soruşdum.
- Görmürsən - dedi, - adi gigiyenik-sanitar göstərişlər verir.
Doğru deyirdi. İlahiyyatçılar da, Quran oxucusu olmuş sadə adamlar da yaxşı bilirlər ki, müqəddəs kitabda böyük “yer-göy” həqiqətləriylə yanaşı insan həyatının ən adi, gündəlik məqamlarıyla bağlı göstəriş və tövsiyələr də var.
Bunu təkcə cahiliyyət dövrünün ərəbi üçün zəruri bilgi və ya sadə proqram saymaq azdı. Bu, həm də təzə insanı yapmaq üçün vacib olan metodikadı, hər şeyi bircə-bircə, yenidən göstərmək və tanıtmaq prosedurudu.
Bu gün Azərbaycan insanının da bəsit, çox bəsit ədəb qaydalarına, əxlaq normalarına, yaşayış proqramına ehtiyacı var. Təxminən belə: Ayaqyoluna mütləq su tök. Əlini-üzünü yu. Başqasının cibinə girmə. Qarşılaşdığın adama salam ver. Avtobusda yaşlı, xəstə kişiyə-qadına, hamilə gəlinə, uşaqlı anaya yer göstər...
 





27.04.2013    çap et  çap et