Lakin Avropa boyunca 3500 həvəskar qaçışçının arasında aparılmış sorğuda respondentlərin 40 faizi «arıqlamaq üçün» cavabını veriblər.
Amma burası da var ki, adamların bir çoxu artıq çəkidən xilas olmaq üçün qaçsa da, qaçış bu məqsədə bir çox hallarda qulluq edə bilmir.
Nəzəri baxımdan hər şey çox sadədir. 450 qram çəkidən xilas olmaq üçün 3500 kalori itirmək lazımdır. Bu 56 kilometr qaçış deməkdir. Odur ki, məsələ düşünüldüyü qədər də sadə deyil.
«The Guardian» yazır ki, burada insanın təkamül nəticəsində əldə etdiyi bioloji xüsusiyyət maneəyə çevrilir. Başqa sözlərlə, nə qədər çox idman edirsinizsə, orqanizm bir o qədər itirdiyini bərpa etməyə çalışır. Bu insan orqanizmindəki təbii mexanizmdir və onun aclıqdan ölməməsi üçün təşəkkül tapıb.
Arizona Universitetinin idman elmi professoru Qlenn Qisser deyir ki, insan bədəni çəkini kamil tənzimləyən mexanizmə malikdir.
Onun sözlərinə görə bizim bədənimizin özünün daxili çəki itirmə limiti var. Ona görə də bizim çəkimiz, iraq olsun, həyat tərzini pozan ciddi dəyişiklik, məsələn faciə və xəstəlik olmasa, ildən-ilə adətən sabit qalır.
Alimlər deyirlər ki, idmanın ardınca orqanizmdə kiçik, lakin mühüm kompensasiya prosesləri gedir. Əsas etibarilə hüceyrə səviyyəsində, xüsusilə yatdığımız vaxt metabolik əmsal azalır. Bu isə o deməkdir ki, idman hərəkətləri nəticəsində çəkiniz azaldıqca və hər dəfə idman etdikcə kalorilərin «yandırılması» ləngləşir. Başqa sözlərlə, çəki atmaq və arıqlamaq idman etdikcə çətinləşir. Bu xüsusilə də idmanla yanaşı yeməyi azaldanlara aiddir.
Üstəlik burada müəyyən psixoloji və davranış dəyişikliyi də baş verir ki, çəki azaltmağınıza mane olur. Ya şüurlu, ya da şüuraltı səviyyədə biz idman zamanı yandırdığımız kaloriləri şişirtməyə meyl edirik. Yəni belə düşünürük ki, bir xeyli çəki azaltmışıq və enerji, dəqiq deyilsə yemək qəbulunu çoxaldırıq.
Bu bir çox insanları heyrətə gətirən fenomendir. İdman edirik, amma çəki azalmır ki, azalmır. Doktor Qisser deyir ki, nə işdirsə idman təmrinləri reklamlarına baxan şəxslər adətən yediklərindən artıq qida qəbul edirlər.
Bu ona görə baş verir ki, idman bizim yemək davranışımıza birbaşa təsir edir. Əgər idmanla müntəzəm məşğul olmaq uzun müddətdə nəhayət bizə iştahamızı qısmaq qabiliyyəti verirsə də, başlanğıcda və qısa müddətdə idman etdiyimizə görə beyin bizdən qida qəbulu şəklində kompensasiya və mükafat tələb edir.
İdman təmrinlərinə başladığımız ilk vaxtlarda daha yağlı və enerjili yeməklərə meylimiz də bununla əlaqədardır.
Alimlər bu fikirdədirlər ki, qaçmaqla arıqlaya bilməməyimizin əsas səbəbi qaçışdan sonra həyat sürətimizin azalmasıdır.
Professor Qisser deyir ki, idman edən insanlar şüuraltı səviyyədə öz davranışlarını dəyişirlər.
Bir elmi araşdırmada deyilirdi ki, həftədə 3 və ya beş gün, hər gün 30-40 dəqiqə olmaqla qaçan adamlar günün qalan hissəsində sadəcə olaraq heç bir şey etmirlər. Məsələn, onlar idman etmədikləri vaxtlarda günə 7 min addım yeriyirdilərsə, idmana başladıqdan sonra bunu tərgidirlər.
Professor deyir ki, arıqlamaq üçün qaçanların çoxu bu tip adamlardır və arıqlaya bilməyənlər də elə onlardır.
Qisser məsləhət görür ki, qaçmağa başlayan insanlar başqa fiziki fəaliyyətlərini azaltmamaq üçün özlərinə nəzarət etməlidirlər.
Professor deyir ki, adamlar belə bir həqiqəti başa düşməlidirlər: kalori qəbulunu üç dəfə azaltmağınız hələ çəkinizi üç dəfə azaltmaq imkanı deyildir.
Həmişə yadda saxlamaq lazımdır ki, hər bir insanın özünəməxsus metabolizmi və çəki atmaq hüdudu vardır.
Lakin bütün bu elmi mülahizələrə baxmayaraq Qisser deyir ki, qaçmaq bütün hallarda artıq çəkini atmağın ən ağlabatan vasitəsi olaraq qalır, ən azı ona görə ki, qaçış zamanı bədənimizdəki müxtəlif qrupa daxil əzələlər hərəkətə gəlir.
Məsələn məlumdur ki, su ilə havanın temperatur fərqinə görə üzgüçülük arıqlamaq üün qaçmaq qədər effektli deyil.
Digər tərəfdən biz başqa idman növlərinin, məsələn xizək və ya velosiped sürməyin nə qədər kalori yandırdığını bilmirik, çünki bu sahədə dəqiq elmi araşdırmalar aparılmayıb.
Amma qaçışın yeriməkdən daha effektli olması elmsiz də şübhə doğurmur, çünki biz qaçdığımız zaman yeridiyimizdən daha çox enerji sərf edirik.