Vaxt.Az

«Özünü biabır edirsən, Elşad»


 

«Özünü biabır edirsən, Elşad» Adam miskin durumda olduğunu daha nə qədər nümayiş etdirməlidi… Ki, özü də yazıq obrazına düşdüyünü görə bilsin. Əlbəttə söhbət ondan gedir. Elşaddan. Daha soyadını da yazmağa üz yeri qoymadı bu adam. Bilirsiz, qorxulusu odur ki, pis adam hansısa şəraitdə qəhrəmana çevrilsin.
Bu şəraiti hakimiyyət yaratdı Elşad üçün. “San Marino”. Bir vaxtların ən bahalı universiteti. Tələbələri maşınlı, villalı universitet. Unutmamışam, bir dəfə sonradan Azərbaycan Beynəlxalq Universitetinə çevriləcək “San Marinonun” yerləşdiyi binanın qarşısından keçməliydim. Utandığımdan yolumu dəyişdim. Tələbələr yerişləri ilə uçurdular, geyimləri ilə göz çıxarırdılar…Deyəsən mobil telefonu da ilk dəfə onların əlində gördüm. Ucsuz-bucaqsız universitet kompleksi şəxsi mülkə çevriləndə artıq Elşad rektorlar rektoru oldu. 
Tərbiyəsiz informasiyalar gəlirdi ABU-dan. Diplom almayacaq tələbələr ordusu yaradılırdı, elm və təhsildən anlayışı olmayıb pulla dingildəyən atalar Elşadın bazarını formalaşdıran təbəqə idi. Nazir Misir Mərdanovu feyziyab edən mənzərə canlanırdı gözlərimiz qarşısında. 
Şişirtdiyiniz bu adamı indi ha iynələyirsiz, partlamır ki, partlamır. Əlbəttə ağır dərddi, adamın qardaşını oğurlayıblar. Ən dəqiqini Elşad bilir hansı əməlinə görə oğurlanıb. Məqsəd Elşaddan pul qopartmaq idisə, niyə ondan pulu alandan sonra da Mahirdən xəbər çıxmadı? Deməli, ortada əməl var. Bəlkə o əməllərin əksini tapan video da nə vaxtsa ortaya çıxacaq. Hər dövrün öz Elşadı olur. Bizim dövrün Elşadı isə hələ ki, avam olduğunu göstərməklə məşğuldur. Pul qoparmaq istəyi ilə birinin yanına gələn əlbəttə ki, yalan danışmalıdı, əlbəttə ki, arxasında nazir durduğunu deməlidi, bir-iki mötəbər adamın adını çəkməlidi ki, şikarı ona güvənsin və tora düşsün. Elşadın yaydığı videoların əksəriyyətində Mahiri azadlığa çıxaracaqlarına söz verənlərin simalarındakı hər nöqtə onların Piri babanın nağılını danışdığını aydın göstərir. Hələ biri vardı, deyirdi ki, prezidentin cangüdənidi. Baxdım, BOMJ-a oxşayırdı. Ona dostlarımla tamaşa edirdim. Hamımız gülürdük, biri isə 10 min manatdan danışan bu adamın sonuncu cümləsinin proqnozunu səsləndirdi: 20 manat verin, taksi tutum. Öz maşınımla gedərəm e, qorxuram tanıyarlar. Klassik “moşenniçestvo”. 
Rövşanə- Zaur duelini əks etdirən videodakı artistizm isə Bollivud filmlərindəki aktyorların oyunlarını kölgədə qoyurdu. Elşadın bu qədər avamlıq etdiyinə inanmaq olmur. Bəlkə də avamlığın obrazını yaradırmiş ki, lentə aldığı görüntülər daha təsirli olsun. Bu qədər aldanmaq mümkün deyil. Aldadanların aqibətinə yəqin hüquq mühafizə orqanları aydınlıq gətirəcək. Yəqin onlar da cəzalarını alacaqlar. Yəqin Elşad da onlara pul verdiyinə görə, maddələr daşımalı olacaq, artıq daşımağa başlayıb da. Hər şey yoluna düşəcək. Çox şey unudulacaq. Təkcə Elşadın obrazı beyinlərdə oturuşacaq. Xəbəri yoxdu ki, hər yeni video ilə özünü daha biabırçı yöndən tanıdır. Guya kadrlardakı bəzi vəzifəli şəxsləri onların hazırda işlədiyi idarənin birinci şəxsi işdən çıxa bilməz? Elşad bunumu istəyir, qardaşınımı? Yoxsa pullarının geri qayıdacağına ümid edir…
Nəticə olmayacaq. Tutulanlardan nə Elşadın pulu çıxacaq, nə qardaşı. Nə də Elşad müxalifət lideri deyil ki, “qəhrəmanlığı” ilə siyasi divident qazansın. Onu heç bir müxalifət partiyası sıralarına üzv belə qəbul etməz. Onu bəyənən bir adam tapmadım ki, yazımda balansı qoruduğumu sübut etmək üçün adını yazım. Yoxsa, Elnur Məcidlini deyirsiz? Yoxsa, Adil İsmayılovu deyirsiz?.. Heç onları da bu sıraya aid etmək olmur. Hər ikisi vəkillik edir. Ən dəhşətli cinayətkarın belə, vəkili var. 
Özünü gözdən salmağa doğru irəli, Elşad!
 





02.04.2013    çap et  çap et