Virtualaz.org xəbər verir ki, bu haqda bankın noyabr ayı üçün regional iqtisadiyyatın icmalına dair «Regional Economic Prospects» adlı hesabatında bildirilir. Bundan əvvəl Beynəlxalq Valyuta Fondu da 2016-cı ildə Azərbaycan iqtisadiyyatının 3-3.5 faiz geriləcəyinə dair proqnoz verib. Hökumətin ilin əvvəlində tərtib etdiyi proqnozda isə 1.5 faizlik iqtisadi artım proqnozlaşdırılmışdı.
Avropa Yenidənqurma və İnkişaf Bankı bildirir ki, Azərbaycan iqtisadiyyatında başlayan geriləmə gələn il dayanacaq. 2017-ci ildə bank Azərbaycanda 1 faizlik artım gözləyir. İndiki gerilmənin əsas səbəbi isə şübhəsiz ki, neftin ucuzlaşması ilə əlaqəlidir. Bank bildirir ki, Azərbaycan iqtisadiyyatı bu ilin yanvar-sentyabr aylarında ötən ilin müvafiq dövrünə nisbətən 3.9 faiz geriləyib. Həmin dövrdə qeyri-neft ÜDM-in həcmi 6.1 faiz azalıb. Ötən illərdəki sürətli iqtisadi artımın «motoru» olan kapital qoyuluşları da əhəmiyyətli ölçülərdə azalıb. Bank bildirir ki, yanvar-fevral aylarında manatın kursuna təzyiqlər qalmaqda davam edib. Milli valyutaya etimadı bərpa etmək səyləri gözlənilən nəticəni verməyib.
Bu dövr ərzində Azərbaycanda inflyasiya 11.2 faiz təşkil edib ki, bu da ötən ilki inflyasiyadan 3 dəfə çoxdur. Bank bunun əsas səbəbinin manatın devalvasiyası olduğunu qeyd edir. Bank analitikləri qeyd edir ki, Azərbaycanın bank sektorunda dollarlaşma 2015-ci ildəki 50 faizdən bu il 80 faizə qalxıb. Pul bazarının kifayət qədər inkişaf etməməsi nəticəsində Mərkəzi Bankın uçot dərəcəsini 3 faizdən 15 faizə qədər qaldırması gözlənilən effekti verməyib.
Avropa Yenidənqurma və İnkişaf Bankı onu da qeyd edir ki, Dövlət Neft Fonunun ehtiyatları bu ilin üçüncü kvartalının sonlarında 40 milyard dollar səviyyəsində idi. Bu isə xarici valyutada likvidlik riskinə qarşı adekvat qarantiya hesab edilir. Hərçənd ki, Mərkəzi Bankın ehtiyatları 2014-cü ildəki 11 milyard dollardan 4.2 milyard dollara qədər azalıb. Dövlət Neft Fondu Mərkəz Bankın ehtiyatlarının daha da azalmasının qarşısını almaq üçün hərraca valyuta çıxarmağa başlayıb.
Nə qədər paradoksal olsa da bank iqtisadiyyatı səfil durumda olan Ermənistanda bu il 2 faizlik artım gözləyir. Bankın hesabatında deyilir ki, gələn il də Ermənistanda artım bu səviyyədə olacaq. Lakin bankın analitikləri qeyd edirlər ki, Dağlıq Qarabağ münaqişəsi Ermənistanın iqtisadi artım perspektivləri üçün əsas risk olaraq qalır. Bank bildirir ki, Ermənistan ilə daha sürətli artımla başlamışdı, lakin ilin ikinci yarısında artım tempi aşağı düşdü.